Pilotsuz texnologiyalar müasir döyüş meydanında artıq köməkçi vasitə deyil, hərbi strategiyanın əsas elementlərindən birinə çevrilir. Bu proses yalnız hava və quru məkanında deyil, dənizlərdə də yeni döyüş imkanlarının formalaşmasına gətirib çıxarır. Azərbaycanın Hərbi Dəniz Qüvvələrində Azərbaycan-Türkiyə birgə istehsalı olan SALVO və KAYRA pilotsuz dəniz vasitələrinin təqdim edilməsi və onların praktiki sınaqlarının keçirilməsi də bu baxımdan diqqətçəkən hadisədir.


Sentyabrın 6-da Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinə səfəri zamanı dövlət başçısına təqdim olunan bu sistemlər Azərbaycanın müdafiə sənayesində və hərbi texnologiyalar sahəsində pilotsuz vasitələrə verilən diqqətin daha bir göstəricisi kimi qiymətləndirilə bilər. SALVO silahlandırılmış, çoxfunksiyalı pilotsuz suüstü platforma, KAYRA isə kamikadze tipli zərbə vasitəsi kimi təqdim olunur.






Bəs SALVO və KAYRA Azərbaycanın dənizdə hərbi imkanlarına nə vəd edir? Bu vasitələr Xəzərdə təhlükəsizlik və çəkindirmə imkanlarının artırılmasına nə dərəcədə təsir göstərə bilər?


Mövzu ilə bağlı Moderator.az-a hərbi ekspert Səxavət Məmmədov açıqlama verib. 



Ekspert bildirib ki, “SALVO və KAYRA dəniz səthində fəaliyyət göstərən insansız vasitələrdir. Rusiyanın və digər Xəzəryanı ölkələrin dənizdəki hərbi imkanlarına nəzər saldıqda görürük ki, bu istiqamətdə böyük maliyyə vəsaitləri hesabına iri gəmilərə və müxtəlif hərbi sistemlərə sərmayələr yatırılır:


"Lakin müasir müharibələrin təcrübəsi göstərir ki, daha kiçik həcmli, çevik və effektiv vasitələr dövlətlər üçün daha əlverişli ola bilər. Azərbaycanın bu iki vasitədən istifadə etməsi, xüsusilə ordumuzun dənizdəki imkanlarının və çəkindirici gücünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Nəzərə almaq lazımdır ki, son dövrlərdə Xəzərin strateji əhəmiyyəti də əhəmiyyətli dərəcədə artıb. Biz Xəzərdə Ukrayna tərəfinin həm Rusiyanın gəmilərinə və neft obyektlərinə, həm də İranın gəmilərinə zərbələr endirdiyini gördük. 40 günlük müharibə zamanı İsrail və ABŞ tərəfindən Xəzərdəki İran limanlarına zərbələr endirilməsi də bu dənizin təhlükəsizlik baxımından artan əhəmiyyətini göstərir.


Əvvəllər Xəzər daha çox hərbi baxımdan ön plana çıxmayan, nisbətən hərbisizləşdirilmiş dəniz kimi qəbul olunurdu. Lakin son dövrlərin hadisələri bunun əksini göstərir. Xəzərdə baş verənlər artıq bu məkanın təhlükəsizlik və hərbi müstəvidə də ciddi şəkildə nəzərə alınmasını zəruri edir.


Bu baxımdan Azərbaycan tərəfinin dünyada baş verən müharibələri və hərbi əməliyyatları təhlil edərək çevik qərarlar qəbul etməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, Azərbaycan Xəzərdəki güc balansını tamamilə dəyişmək məqsədilə yeni gəmilər, katerlər almaq və böyük bir donanma formalaşdırmaq qərarına gəlsəydi, bu, uzun müddət tələb edən və milyardlarla vəsaitə başa gələn layihə olardı".


Səxavət Məmmədov vurğulayıb ki, bu tip pilotsuz vasitələrdən və sistemlərdən istifadə etməklə daha az maliyyə vəsaiti hesabına daha çevik və effektiv imkanlar formalaşdırmaq mümkündür:



Bu vasitələrin mühüm üstünlüklərindən biri də insan amilinin riskdən kənarda qalmasıdır. Hər hansı hadisə baş verdiyi halda insan itkisi ehtimalı minimuma enir.


Eyni zamanda, dövlətlər təhlükəsizlik məsələlərində mümkün ssenariləri əvvəlcədən hesablamalıdırlar. Azərbaycan da, məsələn, gələcəkdə İranla hər hansı qarşıdurma yaranacağı təqdirdə müəyyən yataqların və digər strateji obyektlərin təhlükəsizliyinin necə təmin olunacağını nəzərə alır. 


Bütün bu ehtimallar təhlil edilir və həmin təhlillərin nəticələrinə uyğun qərarlar qəbul olunur. Hesab edirəm ki, SALVO və KAYRA-nın ortaya çıxması da belə bir yanaşmanın nəticələrindən biridir.


Bu sistemlər Xəzərdə güc balansını tamamilə dəyişə bilərmi? Xeyr, bunu etiraf etmək lazımdır. Lakin onlar Azərbaycana qarşı hər hansı fərqli niyyət və ya addım barədə düşünən tərəfi qərar verməzdən əvvəl bir neçə dəfə düşünməyə vadar edə biləcək ciddi çəkindirmə vasitələridir.


Xəzərdə böyük gəmilərə və geniş donanmalara malik ölkələr var. Yeri gəlmişkən, Türkmənistan və Qazaxıstan da bu sırada qeyd olunmalıdır. Lakin bu tip pilotsuz sistemlərdən istifadə etməklə biz həm vaxta, həm də maliyyə vəsaitinə qənaət etmiş oluruq. Bu isə xüsusilə sürətlə dəyişən təhlükəsizlik mühitində mühüm üstünlükdür.


Ona görə də hesab edirəm ki, SALVO və KAYRA-nın tətbiqi çox vacib və lazımlı addımdır. Azərbaycan bundan əvvəl də Türkiyədən “Barbaros” sahil mühafizə sistemləri əldə etmişdi. Bu sistemlər də dənizdən, xüsusilə gəmilər vasitəsilə yarana biləcək təhlükələrin qarşısının alınmasında ciddi vasitələr hesab olunur.


Beləliklə, son dövrlərdə Azərbaycan dövlətinin məhz Hərbi Dəniz Qüvvələrinə və ümumilikdə dəniz istiqamətinə daha çox diqqət ayırdığının şahidi oluruq. Hesab edirəm ki, bu diqqət təsadüfi deyil və Xəzərin artan strateji əhəmiyyəti, eləcə də regionda dəyişən təhlükəsizlik reallıqları ilə birbaşa bağlıdır".


Pərvin Şakirqızı