Elman Məmmədov: “Vətən müharibəsinin hər günü, hər saatı, hər anı haqqında əsərlər yazılmalıdır”
1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası baş tutacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib.
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu cür filmlərin Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların təbliği, habelə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Bu qəbildən olan filmlər tariximizin əbədiləşdirilməsi və təbliği baxımından olduqca önəmlidir. Hörmətli Anar Ələkbərovun bu təşəbbüsü təbii ki, alqışlanmalıdır. Bu, bizim üçün, gələcəkdə oxşar məzmunda filmlərin çəkilməsi üçün nümunə olmalıdır.
Tariximiz, onun son 35-40 ilində baş verən hadisələrlə bağlı filmlərin çəkilməsi olduqca vacibdir. Söhbət erməni işğalına qarşı apardığımız ədalətli müharibədən gedirsə, təbii ki, bu hadisə bütün yazarlar, alimlər, tarixçilər tərəfindən ciddi araşdırılmalı, təbliğ edilməlidir. Gənc və gələcək nəsillərin bu hadisələr haqında doğru, düzgün, dəqiq məlumat alması çox önəmlidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük anti-terror əməliyyatının mümkün qədər işıqlandırılması vacibdir.
Vətən müharibə və anti-terror əməliyyatının hər günü, hər saatı, hər anı haqqında əsərlər yazılmalıdır. Qəhrəmanlarımız haqında xalqa geniş məlumatlar verilməli, onların tanıdılması təmin edilməlidir. Əsgər və zabitlərimizin fəaliyyəti, göstədiyi qəhrəmanlıqlar, cənab Prezidentimizin müdrikliyi, Ali Baş Komandan kimi ortaya qoyduğu qətiyyət, cəsarət və uzaqgörənlik bu əsərlərdə, filmlər öz əksini tapmalıdır.
Hörmətli Anar Ələkbərovun bəhs etdiyi “44” bədii filminin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacağına əminəm. Hesab edirəm ki, bu cür filmlər tariximiz və gələcəyimiz baxımından çox olmalı, bu istiqamətdə gələcəkdə də ciddi addımlar atılmalıdır”.
Seymur ƏLİYEV