Şuşanın sıldırım qayaları bizim üçün sadəcə daşdan, qayadan ibarət deyil. O qayalar Azərbaycanın Zəfər yolunun şahididir. Cıdır düzü isə xalqımızın yaddaşında yalnız təbiətin yaratdığı möhtəşəm mənzərə kimi deyil, əsrlərin tarixini, milli ruhumuzu və 44 günlük Vətən müharibəsinin şanlı salnaməsini yaşadan müqəddəs məkan kimi qorunur.


Azərbaycan əsgəri Şuşaya gedən o keçilməz qayalıqları asanlıqla deyil, ölümün üzərinə gedərək, canı və qanı bahasına aşdı. O sıldırım qayalara əlləri ilə tutunaraq yüksələn igidlərimiz yalnız Şuşanı deyil, xalqımızın illərlə gözlədiyi Zəfəri fəth etdilər. Bu gün həmin qayalarda onların ayaq izləri, mübarizəsi və qəhrəmanlığının izi var. 






Vətən uğrunda canından keçən şəhidlərimizin qanı ilə tarixə yazılan bu qəhrəmanlıq qarşısında həmin daşların üzərinə ad yazmağa, iz salmağa ehtiyac yoxdur.

Çünki o qayalara ən böyük imza artıq atılıb – Azərbaycan əsgərinin imzası. O qayalara ən böyük tarix artıq yazılıb – şəhidlərimizin qanı ilə yazılan Zəfər tarixi.


Maraqlıdır, belə ərazilərin xüsusi mühafizə statusunun və məsuliyyət tədbirlərinin gücləndirilməsi gündəmə gətirilə bilərmi?


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlama verib. 



Deputat bildirib ki, tarixi abidələrin, eləcə də təbiət ərazilərinin üzərinə adların cızılması, hər hansı qanundan kənar işarələrin və rəsmlərin çəkilməsi yolverilməzdir:


"Bunu etmək olmaz. Şuşa bizim mədəniyyət nümunəmiz, tariximizdir və qanunla mədəniyyət paytaxtımızdır. Ona görə də bu cür halları düzgün hesab etmirəm. Bunun hansı məqsədlə edilməsi də heç bir halda bəraət qazandıra bilməz.


Bilmək lazımdır ki, həmin daşlarda, həmin abidələrdə şəhidlərimizin izi var. Onların bu torpaqların azad olunmasında misilsiz xidmətləri olub. Ona görə də bu məkanlara hörmətlə yanaşmaq lazımdır. Belə davranışları düzgün hesab etmirəm.


Bu istiqamətdə geniş maarifləndirmə aparılmalıdır. Tarixi abidələrin yerləşdiyi ərazilərdə müvafiq xəbərdarlıq lövhələri qoyulmalıdır. Eyni zamanda, müəyyən müddət ərzində həmin ərazilərdə nəzarətçilərin olması məqsədəuyğun ola bilər. Bu, insanların tarixi abidələrin üzərinə yazı yazmasının və digər yolverilməz hərəkətlərinin qarşısının alınmasına kömək edə bilər”.


Pərvin Şakirqızı