"İsraildə Azərbaycanın bəzən fərqli təqdim olunması Bakıda anlaşılmazlıq yaradır..."
 




İsraillilər üçün Türkiyənin əvvəlki turizm cəlbediciliyini itirməsi regionda yeni istiqamətin önə çıxmasına səbəb olub. Vaxtilə israilli turistlərin ən çox üz tutduğu İstanbul və Antalya kimi şəhərlərin yerini getdikcə Azərbaycan, xüsusilə Bakıya üz tutur.
 
Moderator.az “The Jerusalem Post”a istinadla yazır ki, Azərbaycan son illərdə, xüsusilə də son aylarda İsraildən gələn turistlər arasında sürətlə populyarlaşmağa başlayıb.
 
Nəşrin yazdığına görə, yayın sonuna qədər İsrail ilə Azərbaycan arasında müxtəlif aviaşirkətlər tərəfindən həftədə təxminən 30 birbaşa reys həyata keçirilib. Artan tələbat fonunda Azərbaycan tərəfi uçuşların sayını artırmaq istəyir. Bununla belə, yeni reyslərin açılması İsrail tərəfdə mövcud hava limanı slotlarından və onların imkanlarından da asılıdır.
 
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin əvvəlindən iyulun sonunadək ölkəyə təxminən 42 min İsrail vətəndaşı gəlib. İsraillilər Azərbaycana gələn bütün xarici turistlərin təxminən 3,1 faizini təşkil edib. Bununla da İsrail Azərbaycanın ən çox turist göndərən ilk 10 ölkəsi sırasına daxil olub.
 
Otellərdə gecələmə göstəriciləri isə israilli turistlərin Azərbaycandakı payının daha yüksək olduğunu göstərir. İlin ilk yarısında İsrail vətəndaşlarının Azərbaycan hotellərində xarici turistlərin bütün gecələmələrinin təxminən 6,9 faizini təşkil etdiyi bildirilir.
 
İsrailli turistlərin Azərbaycanda xərclədiyi vəsait də kəskin artıb. 2026-cı ilin ilk yeddi ayında İsrail vətəndaşları Azərbaycanda təxminən 80 milyon manat – təqribən 47 milyon ABŞ dolları xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox artım deməkdir.
 
Turizm sektorunun nümayəndələri artımın yəhudi bayramları mövsümündə də davam edəcəyini gözləyirlər. Qarşıdakı dövrdə Bakıya və Azərbaycanın digər bölgələrinə İsraildən daha bir turist dalğasının gələcəyi proqnozlaşdırılır.

“İsraillilər təhlükəsiz müsəlman ölkəsi kəşf edirlər...”
 
“The Jerusalem Post” Bakıdakı Sefarad yəhudi icmasının ravvini Zamir İsayevin sözlərinə də yer verib.
 
İsayev bildirib ki, israilli turistlərin Bakıya marağının artması artıq şəhərdə də aydın hiss olunur. Onun sözlərinə görə, İsraildən gələnlər burada təhlükəsiz şəkildə gəzə, ivrit dilində açıq danışa və özlərini rahat hiss edə bilirlər.
 
Ravvin qeyd edib ki, turistlərin artımı yəhudi icmasının həyatında da özünü göstərir. Bakının sinaqoqlarında, koşer restoranlarında və qarşıdakı bayramlarla bağlı müraciətlərin sayında artım müşahidə olunur.
 
İsayev Azərbaycanın yəhudilər üçün təhlükəsiz mühit yaratdığını vurğulayıb.
 
Onun sözlərinə görə, ölkədə yəhudi icmaları inkişaf edir, yəhudi məktəbində şagirdlərin sayı hər il artır və artıq məktəb binasının genişləndirilməsi məsələsi nəzərdən keçirilir.
 
Ravvin həmçinin Azərbaycan ilə İsrail arasında yaxın münasibətlərin bəzi məsələlərdə Bakıda təəccüb doğuran məqamlar yaratdığını bildirib.
 
O, İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsün Azərbaycanda narahatlıq doğurduğunu, həmçinin İsrail Milli Təhlükəsizlik Şurasının İranla həmsərhəd ölkələrlə bağlı səyahət xəbərdarlığında Azərbaycanın da yer almasının Bakıda suallar yaratdığını deyib.
 
İsayevin sözlərinə görə, Azərbaycan İsraili yaxın strateji tərəfdaş hesab edir, ölkədə yəhudi icması açıq şəkildə yaşayır və İsraildən Azərbaycana gələnlərin sayı artır. Buna görə də İsraildə Azərbaycanın bəzən fərqli təqdim olunması Bakıda anlaşılmazlıq yaradır...
 
Azərbaycan İsrail-Türkiyə münasibətlərində vasitəçi ola bilərmi?..
 
Nəşr qeyd edir ki, Azərbaycanın İsrail üçün əhəmiyyəti turizmlə məhdudlaşmır.
 
İsrail və Türkiyə arasında, xüsusilə Suriya məsələsi və Ankara ilə Qüds arasında getdikcə sərtləşən ritorika fonunda münasibətlər gərgin olaraq qalır. Bu vəziyyət Azərbaycanı regionda qeyri-adi mövqeyə gətirib.
 
İsayev hesab edir ki, Bakı həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətlərini bir-birinə zidd görmür. Onun sözlərinə görə, hər iki ölkə Azərbaycan üçün dost və mühüm tərəfdaşdır və Bakı onların münasibətlərinin sabit qalmasında, lazımsız qarşıdurmanın qarşısının alınmasında maraqlıdır.
 
“The Jerusalem Post” son aylarda yayılan məlumatlara istinadla yazır ki, Azərbaycan İsrail və Türkiyə arasında, xüsusilə onların Suriyadakı fəaliyyətləri və maraqları ilə bağlı gərginlik riskinin azaldılmasına yönəlmiş təmaslarda iştirak edib.
 
İsayev Azərbaycanın müsəlman dünyasının təbii hissəsi olaraq İsraillə yaxın münasibətlər saxlamağın mümkünlüyünü nümayiş etdirdiyini bildirib.
 
Bakıda yəhudi bayramlarına hazırlıq
 
Azərbaycanın yəhudi icması qarşıdan gələn Böyük Yəhudi Bayramlarına da hazırlaşır. Hazırlıqlar çərçivəsində ibadət mərasimlərinin təşkili, bayram süfrələrinin hazırlanması və turistlər üçün koşer qidalarının əlçatanlığının artırılması nəzərdə tutulur.
 
İsayev bildirib ki, İsraildən çoxlu sayda qonağın gəlməsi gözlənilir və məqsəd Azərbaycana gələn hər bir yəhudi və ya israillinin bayramı öz ölkəsində olduğu kimi qeyd edə bilməsini təmin etməkdir.
 
Nəşrin əldə etdiyi məlumata görə, Sukkot bayramı ərəfəsində İsraildən Azərbaycana yüzlərlə “Dörd növ” dəstinin göndərilməsi gözlənilir. Bu dəstlər yerli yəhudi icmasının üzvləri üçün nəzərdə tutulub və onların göndərilməsi bu il də ABŞ-da yaşayan anonim yəhudi donor tərəfindən maliyyələşdirilir.
 
“The Jerusalem Post” yazır ki, hazırda Bakıda üç tendensiya bir araya gəlir: İsraildən gələn turistlərin sürətli artımı, müsəlman çoxluğun yaşadığı ölkədə açıq şəkildə fəaliyyət göstərən yəhudi icması və həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətləri qoruyan Azərbaycan.
 
Türkiyənin israilli turistlər üçün əvvəlki mövqeyini itirməsi fonunda isə Azərbaycan getdikcə daha çox diqqət mərkəzinə çıxır...
 
Sultan Laçın