“Putin Paşinyanı devirə bilmədiyi üçün ya onunla dil tapmalı, ya da Ermənistandan tamamilə əlini üzməlidir...”
 




“Ermənistan onun üçün xərçəng olan Qarabağ problemindən qurtulmaqla birlikdə yeni bir kimliyə bürünməyə başlayıb...”
 
 “Cənubi Qafqazda mövqeyi zəifləmiş bir Rusiya Azərbaycanın maraqlarına daha çox xidmət edərdi...”
 
*** *** ***
 
Xəbər verildiyi kimi,  ŞƏT-in Bişkek sammitindəki  görüşdən sonra Rusiya prezidenti V.Putin Ermənistan Baş naziri N.Paşinyanı Moskvaya dəvət edib və dəvət qəbul edilib. Görəsən, bu səfərin Ermənistan və Güney Qafqaz haqda nəticələri haqda öncədən nə demək olar? Ümumiyyətlə, Bişkek sammiti ərəfəsində və həmin sammitdə baş verənlərdən sonra Rusiya və Ermənistan arasındakı gedişləri və onların perspektivini necə dəyərləndirmək mümkündür?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bu fikir və mülahizələri Birləşmiş Ştatlarda yaşayıb fəaliyyət göstərən konfliktoloq və siyasi təhlilçi, professor Əli Əskərli ifadə edib: 
 
“Rusiyanın canfəşanlığı diqqətli bir müşahidəçinin gözündən qaçmaz. Moskvanın ard-arda atdığı addımları görəndə insanın ağlına gələn ilk sual budur: Rusiya Ermənistanı yenidən öz orbitinə qaytarmağa çalışır, yoxsa Moskva artıq Ermənistanın Qərbə yönəlməsini qəbul edib və sadəcə yeni münasibətlər modeli qurmağa çalışır? Görünən odur ki, Kreml artıq Ermənistan hökumətinin siyasətini, qismən də olsa, qəbul edib və indi onu tamamilə itirməmək üçün çalışır. Ona görə də Bişkek görüşündən sonra Putinin Paşinyanı Moskvaya dəvət etməsi təsadüfi diplomatik jest deyil. Putin görüş zamanı Ermənistanın Avropa İttifaqı(Aİ) istiqaməti və Aİ-Aİİ (Avrasiya İqtisadi İttifaqı) arasında seçim məsələsinin mümkün nəticələrini açıq şəkildə gündəmə gətirmişdi. Bundan sonra bu məsələlər barədə daha geniş söhbətin Moskvada aparılması təklif olunmuşdu...
 
Moskva Paşinyanı devirmək üçün bir çox vasitəyə əl atdı, onun yenidən seçilməməsi üçün geniş kampaniyalar başlatdı və onları maliyyələşdirdi. Bunlardan nəticə ala bilmədiyinə görə indi onunla yeni bir əməkdaşlığa başlamaq istəyir. Əlbəttə, burada Moskva strateji üstünlük əldə etməyə çalışır, amma Paşinyan hökuməti də özünün üstün mövqeyindən əmin olaraq addımlayır.
 
Bişkekdə Putin Paşinyana faktiki olaraq belə bir mesaj verdi: Aİ ilə inteqrasiya məsələsində Ermənistan daha tez qərar verməlidir ki, Moskva öz münasibətlərinin gələcək modelini müəyyənləşdirə bilsin. Bu, olduqca maraqlı bir yanaşma oldu. Çünki əvvəllər Rusiya Ermənistanın Qərbə yaxınlaşmasının tamamilə əleyhinə idi. Moskva artıq Ermənistanın neytral qalacağına da inanmır. Onun əsas məqsədi artıq Ermənistanı əvvəlki kimi tamamilə Rusiyanın siyasi-iqtisadi orbitində saxlamaq deyil. Bunun mümkün olmadığını başa düşən Moskva bu gün daha çox Ermənistanın Qərbə inteqrasiyasının Rusiyanın maraqlarına toxunacağı kritik həddi müəyyənləşdirməyə çalışır. Kreml Ermənistanın Qərbə yaxınlaşarkən Rusiya ilə hansı münasibətləri qoruyacağını və ya qorumaq istəyəcəyini müəyyənləşdirmək istəyir.
 
Moskvanı ən azı üç məsələ ciddi şəkildə maraqlandırır. Bunlardan birincisi iqtisadi münasibətlərdir. Burada dəmir yolları və infrastruktur investisiyaları xüsusi yer tutur. Kreml klassik təhlükəsizlik məsələləri üzərində qurulmuş siyasətinin iflasını - açıq ifadə etməsə də - artıq qəbul etmişə bənzəyir. İndi artıq pul, logistika, enerji, ticarət və tranzit vasitəsilə Ermənistanda təsir yaratmaq daha effektiv ola bilər. Lakin Rusiya Ermənistan üçün böyük iqtisadi layihələr təklif etsə belə, bu, Ermənistanın Qərblə yaxınlaşmasını avtomatik dayandırmaz. Sadəcə, bu layihələr vasitəsilə Rusiyanın Ermənistandakı iqtisadi maraqları da qorunmuş olar.
 
Moskvanı maraqlandıran ikinci ciddi məsələ isə Zəngəzur məsələsidir. Zəngəzur deyəndə ağla ilk gələn kommunikasiyalardır. Kommunikasiya isə yenə də pul, ticarət, enerji, tranzit və logistika deməkdir. Ona görə də əminliklə demək olar ki, ən böyük geo-siyasi oyun hələ qabaqdadır. Ermənistan–Azərbaycan münasibətlərində yeni kommunikasiya sistemi formalaşırsa, Moskva əsla kənarda qalmaq istəməyəcək. Bütün bu məsələlər Kremlin canfəşanlığının tərkib hissəsidir...
 
Bir az diqqətlə təhlil etdikdə görürük ki, Ermənistan Rusiya üçün artıq sadəcə bir müttəfiq deyil. Ermənistan onun üçün xərçəng olan Qarabağ problemindən qurtulmaqla birlikdə yeni bir kimliyə bürünməyə başlayıb. O, artıq Azərbaycanla əlaqələrin, Türkiyə ilə regional kommunikasiyaların, İran–Ermənistan xəttinin, Rusiya–Cənubi Qafqaz əlaqələrinin kəsişdiyi bir məkandır. Belə bir məkanda güc balansının öz əleyhinə dəyişdiyini başa düşən Rusiya yeni siyasətini bir qədər də yeni kommunikasiyalar üzərindən qurmağa çalışır. Onun buna nə dərəcədə nail olacağını əvvəlcədən bilmək çətin məsələdir. Yalnız qonşuların ani təhdidlərinə məruz qalmazsa, Ermənistanın Rusiyaya asanlıqla güzəştlərə gedəcəyi inandırıcı deyil...
 
Rusiya indi bir fakt qarşısında qalıb: Paşinyanı devirə bilmədiyi üçün ya onunla dil tapmalı, ya da Ermənistandan tamamilə əlini üzməlidir. İkinci variant Rusiyanın dövlət maraqlarına zidd olduğu üçün birinci variant daha məqbul sayılır. Lakin Paşinyanın hakimiyyətdə qalmasının artıq Rusiya üçün problem təşkil etmədiyini iddia etmək də olmaz. Hər halda, Rusiya Ermənistanın iqtisadi və regional baxımdan Rusiyadan birdən-birə qopa bilməyəcəyinə də inanır və bunu özünün yeni siyasi məqsədləri üçün istifadə etməyə çalışır.... 
 
Eyni zamanda, Moskva artıq Paşinyanı dəyişmək əvəzinə, Paşinyanın siyasətinin sərhədlərini dəyişməyə çalışır. Kreml Paşinyanı seçkilərdə məğlub edə bilmədisə, ona qarşı bundan sonra açıq düşmənlik Ermənistan cəmiyyətində anti-Rusiya sentimentlərini artıra bilər. Paşinyanla işləmək isə Rusiyaya daha geniş imkanlar aça bilər. Bu gün Moskva həmin imkanların sərhədlərini müəyyən etməyə çalışır. Rusiya bir imperiya instinkti ilə həmin imkanların sərhədlərini daha genişdən çəkməyə çalışır.
 
Qeyd edək ki, Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma Rusiyadan tamamilə qopmaq istəmir. Paşinyan Moskva ilə dialoqu Qərbə alternativ kimi deyil, paralel kanal kimi saxlamağa çalışa bilər. Bir növ Ermənistan da Azərbaycanın etdiyi kimi, çoxvektorlu bir siyasət həyata keçirməyə çalışır.
 
Cənubi Qafqazda əsas rəqabət tədricən regionun yeni kommunikasiya və iqtisadi sistemini kimin formalaşdıracağı sualına keçir. Burada hər bir dövlət özünə daha böyük bir rol biçməyə çalışır. Əlbəttə ki, Rusiyanın istəkləri hələ də çox böyükdür. Ona görə də Moskvanın bu gün Paşinyana ehtiyacı var. O, öz maraqlarını diplomatiyanın imkanları çərçivəsində qorumağa çalışır. Ermənistanla Rusiyanın maraqlarının harada kəsişəcəyini də bu görüşlərdə müəyyən etməyə çalışacaqlar.
 
Bu görüşlər və onların nəticələri bölgədə mənafeyi olan bütün dövlətləri maraqlandırır. Azərbaycan üçün isə bunların mənası daha dərindir. Cənubi Qafqazda mövqeyi zəifləmiş bir Rusiya Azərbaycanın maraqlarına daha çox xidmət edərdi...”
 
Təqdim etdi:
Sultan Laçın