“İkinci Qarabağ müharibəsindən sonra hamı həssas bir dövr keçirirdi. Şəhid anaları bilmirdilər ki, canlarının dərdindən nə etsinlər, hara getsinlər?! O vaxt müharibədə şəhidlər hərbçilərin adlarını və bölgələrini divarlara yazmışdılar. Əllərinə nə keçmişdi yazmışdılar. Orada onların nə qələmləri var idi, nə karandaşları.. Qara kömürlə yazırdılar.. Hətta oğlum Camalın da, habelə Neftçaladan olan digər şəhidlərin də adını divara həkk etmişdilər. Adam oxuyurdu, ürəyi ağrıyırdı... Fikirləşirdim ki, bunlar qələbə qazanıblar, bizim uşaqlarımızı da unutmayıblar.. Bir az da olsa sakitləşirdin, öz-özünə təskinlik tapırdın”.
 




Bunu Moderator.az-a açıqlamasında “Hadrut fatehi”, XTQ baş giziri, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova deyib.

O daha sonra Şuşada, Cıdır düzündə qayalara cızma-qara edənlərdən danışıb:
 
“Amma bu 6 ildə kim nə bilir onu da edir. Uzaqdan baxa-baxa qalırsan. Nə danışa bilirsən, nə də susmaq istəmirsən. Susursan içində qalır, danışırsan sosial şəbəkədə paylaşırlar. Mən sosial şəbəkəyə düşüb, bu mövzularla gündəmdə qalmaq istəmirəm. Qayaları niyə görə yazırsan axı?! Səməd Vurğunun “Unudulmuş tək məzar” şeiri var. Deyir ki, 

“Əsən külək yağan yağış, 
Daşlardakı yazıları, 
İllər boyu pozanmamış, 
Unudulmuş tək məzarda..”

Cıdır düzü dağın başındadır. Yağış da yağacaq, tufan da qopacaq, qayalar da parçalanacaq.. O yazıların hamısı pozulacaq. Bu yazıları yazmaqda məqsəd nədir?! Dövlətimiz burada iş görür. Bəlkə ondan da yaxşı və gözlə görünən yerdə nəsə yazacaqlar?! Bəlkə memorial abidə hazırlayıb bütün şəhidlərin adını ora yazacaqlar?! Azərbaycanda 2-3 şəhid yoxdur ki.. Minlərlə şəhid var. 1990-cı ildən bu günə qədər görün nə qədər şəhid vermişik?! Bu qayaları yazanları mən qınayıram.. Şuşaya ona görə getmirik ki, orada qayaları yazaq?! Mən bir dəfə Şuşaya getmişəm. Sakitcə getdik, sakitcə də gəldik. Bizi çox gözəl qarşıladılar. Cıdır düzünə də, Şuşa qalasına da getdik. Mənim fikrimdən keçmədi ki, əlimə bir qələm götürüb hansısa daşa Camalın adını yazım... Ora yazanda nə olacaq, yazmayanda nə olacaq?! Mən belə hərəkətlərin əleyhinəyəm. Şəhid anası, hər birimiz övladlarımızın acısını çəkməliyik. Tədbirlərə, görüşlərə çağırırlar, dövlətimiz bizi unutmur. Yaşadığımız rayonda da bizi daim yad edirlər. Mən belə başa düşürəm ki, vətənə minnətlə xidmət etmirlər. Getmisən, vətənini qoruyub gəlmisən. Sağ ol. Qeyrətini, ana-bacını qorumusan. Ana-bacı da gərək belə şeyləri başa düşə. Bir şəhid anası olaraq mənim alnım açıq, başım dikdir”, - deyə şəhid Camal İsmayılovun anası deyib.