Ölkədə demoqrafik göstəricilər, ailələrin sosial rifahı və uşaqlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi məsələləri sosial siyasətin əsas istiqamətləri sırasında yer alır. Son dövrdə isə bu istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi mövzunu yenidən gündəmə gətirib.


Milli Məclisə təqdim olunan təklifdə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, həmin ailələrə hər uşağa görə aylıq müavinət verilməsi və valideynlər üçün erkən pensiya imkanlarının yaradılması nəzərdə tutulur.






Maraqlıdır, təklif hazırda hansı mərhələdədir? 


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. 


Deputat qeyd edib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılması Milli Məclisdə təklif olunan məsələlərdən biridir:


"Bu məsələ ilə bağlı həm mənim, həm də hörmətli həmkarım Əli Məsimlinin təklifləri olub. Əli Məsimli tərəfindən də iclas zamanı bu istiqamətdə təklif səsləndirilib. Mən isə daha öncə Əmək və Sosial Siyasət Komitəsinin iclasında, eləcə də bir sıra hesabatların müzakirəsi zamanı bu məsələni gündəmə gətirmişdim.


Təbii ki, biz, xüsusən də mövcud demoqrafik vəziyyəti nəzərə alaraq, çoxuşaqlı ailə anlayışına yenidən baxılmasını təklif edirik. Düşünürük ki, belə bir yanaşma həm dövlət büdcəsindən dəstək alan ailələrin sayının artmasına, həm də təbii artımın stimullaşdırılmasına töhfə verə bilər. Çünki nəticə etibarilə iqtisadi və sosial təşviq bu baxımdan çox vacibdir.


Milli Məclisdə irəli sürülən təkliflər müvafiq qaydada qiymətləndirilir və zaman-zaman onların bir qismi qanunvericilikdə öz əksini tapır.


 Bizim təklifimiz də təqdim olunub və bundan sonrakı mərhələdə onun aidiyyəti dövlət qurumları tərəfindən qiymətləndirilməsi gözlənilir.


Ümumiyyətlə, sosial-iqtisadi sfera ilə bağlı irəli sürülən təşəbbüslər hökumət tərəfindən müxtəlif istiqamətlər üzrə müzakirə olunur. Bu prosesə, o cümlədən maliyyə qiymətləndirilməsi də daxildir.


 Nəticə etibarilə, qərar qəbul edilərkən məsələnin sosial əhəmiyyəti ilə yanaşı, dövlət büdcəsinə yaradacağı maliyyə yükü və digər amillər də nəzərə alınır.


O baxımdan, bu təşəbbüslə bağlı da yekun qərar ümumi qiymətləndirmənin nəticəsindən asılı olacaq".


Pərvin Şakirqızı