Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ-ın yeni sülh təşəbbüsünün detalları ətrafında ciddi müzakirələr gedir. Yayılan məlumatlarda Ukraynanın ərazi məsələsində güzəştə getməsi, NATO üzvlüyündən imtina etməsi və ordusunun imkanlarına məhdudiyyət qoyulması kimi şərtlərin yer aldığı bildirilir.
Bu isə planın sadəcə atəşkəs deyil, Ukraynanın gələcək təhlükəsizlik və müdafiə arxitekturasına təsir göstərə biləcək siyasi razılaşma kimi qiymətləndirilməsinə səbəb olur.
Maraqlıdır, Vaşinqtonun irəli sürdüyü bu yanaşma real sülh planıdır, yoxsa Ukraynanın qəbul etməyəcəyi şərtlər üzərində qurulduğu üçün əvvəlcədən nəticəsiz qalmağa məhkum təşəbbüsdür?
Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib.
Hərbi ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində ABŞ-ın irəli sürdüyü yeni sülh təşəbbüsünün artıq nəticəsiz qalmaq ehtimalı yüksəkdir:
“Bu dəfə Moskvadan Kiyevə çatdırılan təkliflər qəbuledilməzdir. Ukrayna tərəfi də bununla bağlı mövqeyini artıq açıqlayıb. Əvvəlki təkliflərin daha mürəkkəb və ağır şərtlərlə təqdim olunan variantları gündəmə gətirilib.
Rusiya tərəfindən Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi və ərazi itkiləri ilə bağlı tələblərin irəli sürülməsi təklifin əsas mübahisəli məqamlarındandır. Ukraynanın bu şərtləri qəbul edəcəyi inandırıcı deyil. Bu baxımdan, Trampın növbəti sülh təşəbbüsünün də nəticəsiz qalması mümkündür.
Ukrayna ərazi bütövlüyü məsələsində hər hansı güzəştə getmək niyyətində deyil. Kiyev bu mövqeyini dəfələrlə, ən yüksək səviyyədə bəyan edib. Donbassla bağlı da vəziyyət eynidir. Son məlumatlara görə, Rusiyanın Donbassın nəzarətində olmayan 19 faiz ərazisini işğal etməsi üçün altı il vaxt lazım ola bilər.
Bu isə real görünmür. Ukraynanın ərazi güzəştlərinə getməsi və ərazi itkilərini rəsmiləşdirməsi mümkün deyil. Sülh planına gəldikdə isə, Ukrayna heç vaxt sülhdən imtina etməyib. Bu mövqe dəfələrlə rəsmi şəkildə bəyan olunub. Lakin təəssüf ki, Rusiya müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmaqda davam edir".
Üzeyir Cəfərof vurğulayıb ki, Moskvada üç saatdan artıq davam edən müzakirələr və daha sonra Kiyevə çatdırılan təkliflər göstərir ki, tərəflərin mövqeləri hələ də reallıqdan uzaqdır. Bununla yanaşı, Ukrayna ciddi təhlükəsizlik problemlərinin həlli istiqamətində də fəaliyyətini davam etdirir:
"Ukraynanın atacağı addımların Rusiyanı yenidən danışıqlar masasına gətirəcəyini düşünürəm. Bunun çox yaxın zamanda, hətta bu ay ərzində baş verməsi mümkündür. Hazırda danışıqlar prosesi ilə bağlı müəyyən yumşalma müşahidə oluna bilər.
Bununla belə, Ukraynanın Rusiyaya qarşı ən sərt addımları atmaqda davam edəcəyi qənaətindəyəm. Trampın bu təşəbbüsü də, əslində, yaranmış diplomatik boşluğu aradan qaldırmaq cəhdi kimi qiymətləndirilə bilər. Ukrayna dəfələrlə müxtəlif sülh təklifləri irəli sürüb. Rusiya isə reallıqdan uzaq şərtlərlə çıxış edərək, Zelenskinin danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlməsini tələb edir.
Zelenskinin Moskvaya gedəcəyi inandırıcı deyil. Ümumiyyətlə, baş verə biləcək hadisələrə görə məsuliyyət Rusiyanın üzərindədir. Çünki müharibəni Rusiya başlayıb, lakin onu dayandırmaq istəmir və münaqişəni hər vəchlə uzatmaqda israrlı görünür.
Ukrayna gələcək siyasi və təhlükəsizlik kursu ilə bağlı mövqeyini də açıqlayıb. Kiyevin əsas hədəflərindən biri NATO üzvlüyüdür. Hazırda bəzi ölkələr Ukraynanın Avropa İttifaqına və ya NATO-ya üzvlüyü ilə bağlı pessimist fikirlər səsləndirsələr də, bu cür mövqelər zaman-zaman dəyişə bilər.
Bunu biz əvvəllər də müşahidə etmişik. Viktor Orbanın Macarıstanın baş naziri olduğu dövrdə Ukraynanın Avropa inteqrasiyası və təhlükəsizlik məsələləri ilə bağlı müəyyən problemlər mövcud idi. Lakin siyasi proseslər dəyişir və bu mövqelər də zamanla fərqli xarakter ala bilər.
Bu gün Ukraynanın NATO üzvlüyü ilə bağlı etiraz və ya maneələr səsləndirən şəxslərin bir qismi də müəyyən müddətdən sonra siyasi arenadan uzaqlaşa bilər. Bu baxımdan, hazırkı mövqeləri uzunmüddətli perspektiv üçün dəyişməz reallıq kimi qiymətləndirmək düzgün olmaz.
Bir sözlə, Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə də daha sərt və amansız şəkildə davam edəcəyi ehtimalı yüksəkdir".
Pərvin Şakirqızı