“Sentyabr biz şəhid anaları üçün çox ağır aydır. Mən bu aya “qanlı sentyabr” deyirəm. Həyat biz şəhid analarına dərd verdi, amma qürurluyuq ki, övladlarımız torpaqlarımızı azad etdi. İki övladımı təkbaşına böyütmüşəm. Bir oğlan, bir qız. Balam müharibəyə gedəndə gəlib mənimlə görüşdü, boynuma sarıldı. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Bir neçə dəfə dilinə də gətirmişdi. Şəhidlər bu torpağı bizə bağışlayıb, əmanət qoyub getdilər. Əlbəttə ki, hər bir ana üçün öz övladı əziz və doğmadır. Görünür bizim balalarımızın alnına, qismətinə şəhidlik yazılıb”.
 




Bunu Moderator.az-a açıqlamasında şəhid Sərhəd Hüseynovun anası Sevda Həsənova deyib.

O daha sonra əlavə edib:
 
“Sentyabr ayı başlayandan ağlayıram, təsirlənirəm.. Elə bilirəm ki, balam indi qapını açıb içəri girəcək. Oğlum müharibəyə yollananda mən ağlamağa başladım. Dedi ki, niyə ağlayırsan?! Vətəni mən qorumayım, sən qoruma, bəs kim qorusun?! O qədər vətənpərvər bir insan idi ki.. “Son zəng” günündə çiyninə lent yerinə bayraq asmışdı.. Dedim ki, sağ-salamat get gəl, salamat gəlsən xəstəxanada bütün əsgərlərin yanında səninlə rəqs edəcəm... Çünki mən onu üfürə-üfürə saxlamışam, o mənim göz bəbəyim idi. Allaha yalvardım ki, salamat gəlsin, qurban kəsəcəm.. Görünür ki, belə qismət imiş. Amma balamla fəxr edirəm. Ürəyimə yanğı qoyub getdi. O mənim üçün həm ata, həm ana, həm oğul, həm yoldaş oldu.. O mənim sirr qapım idi”.

Sevda Həsənova Şuşadakı qayalıqlara zərər yetirən turistlərdən də danışıb:
 
“Daşlara nəsə yazmağa ehtiyac yoxdur, bizim oğullarımız öz adlarını əbədi olaraq qayalara yazıblar.. Başqa cızma-qara etməyə lüzum görmürəm. Şəhidlərdən sonra o daşlara nə yaza bilərsiz ki? Yazılanlar yazılıb.. Bir neçə gün əvvəl həmin ərazidə idim. Cıdır düzünə çıxıb balamı səslədim.. Mənə hay vermədi.. Bilirəm ki, şəhidlər ölmür, onlar başqa bir dünyada yaşayırlar. Mən hara gedirəmsə elə bilirəm balam yanımdadır. O mənim arxa-dayağımdır. Yuxuma girəndə mənim üçün hər şey tamam başqa cür olur. Görməyə-bilməyə öz balasının qanını yumağı heç bir şəhid anasına arzulamıram. Bunu Allah mənə qismət etdi.. Mən Füzulidə tibb mərkəzinin diaqostika şöbəsində xadiməçi işləyirdim. Müharibə başlayanda hər birimiz ayrı-ayrı işlərə səfərbər olmuşduq. Müharibə başlayandan morqda işləyirdim. 3 şəhid gətirmişdilər. Gördüm ki, bədənindən qan axır. Tez gedib onun qanını təmizlədim.. Nə biləydim ki, qanını yuduğum şəhid mənim balam imiş (ağlayır)”.

Qeyd edək ki, Sərhəd Hüseynov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.