Bir insanı, bir filmi, bir münasibəti və hətta bir həyatı necə qiymətləndiririk?
Beynimiz yaşadığımız hər detalı yadda saxlamır. O, bütün hekayəni arxivləşdirmək əvəzinə, seçilmiş anları ön plana çıxarır.
Davranış psixologiyasında bununla bağlı maraqlı bir nəzəriyyə var: Pik-Son Qaydası ("Peak-End Rule").
Bu qaydaya görə insanın hər hansı təcrübə haqqında sonrakı fikri əsasən iki məqamdan formalaşır:
- ən güclü emosional an - zirvə nöqtəsi;
- təcrübənin necə bitdiyi - sonluq.
Yəni insan yaşadığı hər şeyi eyni ağırlıqla xatırlamır. Ən çox hiss etdiyi an və son gördüyü mənzərə yaddaşda daha güclü iz buraxır.
Bəzən möhtəşəm bir hekayəni illərlə davam edən proses yox, son cümlə müəyyən edir.
Kinoda da bu prinsipdən istifadə olunur. "Marvel" kimi böyük film şirkətləri tamaşaçının yaddaşında qalacaq əsas səhnələrə və finallara xüsusi diqqət ayırırlar.
Ən böyük büdcəli səhnələr, ən emosional anlar və üzərində uzun müddət düşünülmüş finallar təsadüfi deyil. Çünki tamaşaçı kinoteatrdan çıxanda filmin hər dəqiqəsini deyil, ən təsirli səhnəni və sonluğu xatırlayır.
Amma bu qayda yalnız filmlərə aid deyil. Futbolda da, insan həyatında da eyni mexanizm işləyir.
Bunu sübut edən ən məşhur nümunələrdən biri Nobel mükafatçısı Daniyel Kahnemanın apardığı soyuq su eksperimentidir.
1993-cü ildə Kahneman iştirakçılardan əllərini soyuq suda saxlamağı istədi.
Birinci qrup 14 dərəcə temperaturda olan suda əlini 60 saniyə saxladı.
İkinci qrup isə eyni prosesi 90 saniyə davam etdirdi. Lakin həmin son 30 saniyədə suyun temperaturu bir qədər artırıldı və ağrı azaldı.
Məntiqlə insanlar daha qısamüddətli ağrını seçməli idilər. Amma nəticə fərqli oldu.
İştirakçıların böyük hissəsi daha uzun çəkən ikinci variantı seçdi.
Səbəb sadə idi: ikinci təcrübə daha yaxşı sonluqla bitmişdi.
Bu eksperiment göstərdi ki, insan beyni yaşananların ümumi miqdarını deyil, ən güclü anı və sonluğu əsas götürür.
Məhz buna görə futbolçuların karyerasında da sonluq böyük əhəmiyyət daşıyır.
Tyerri Anri bunun yaxşı nümunəsidir.
ABŞ-də oynadıqdan sonra Anri yarım mövsümlük yenidən "Arsenal"a qayıtdı. Azarkeşlərin reaksiyası möhtəşəm idi. O, əfsanə kimi qarşılandı və əfsanə kimi də yadda qaldı.
Futbolçuların karyeranı bitirmə yaşı orta hesabla 35 olduğu halda, Anri 32 yaşında Avropanı tərk etmişdi. O, zirvəsini yaşamış və hekayəsini doğru nöqtədə tamamlamışdı.
Kriştianu Ronaldu isə fərqli yol seçdi.
41 yaşında hələ də oynayan Ronaldu rekordların, yeni hədəflərin və şəxsi mübarizəsinin arxasınca gedir. Onun peşəkarlığına, intizamına və qalibiyyət istəyinə hörmət etməmək mümkün deyil.
Amma Pik-Son Qaydası başqa bir sual yaradır:
Böyük karyeranı yalnız rekordlar müəyyən edir, yoxsa sonluq da onun bir hissəsidir?
Çünki insanlar bir futbolçunun bütün oyunlarını, bütün qollarını və bütün mövsümlərini yadda saxlamırlar.
Onlar sadəcə iki suala cavab verirlər:
Ən yaxşı anın nə qədər möhtəşəm idi?
Sonluğun nə qədər yaxşı idi?
Ronaldu bu gün yalnız rəqibləri ilə deyil, zamanla və öz mirası ilə də mübarizə aparır.
Bəlkə də futbol tarixində ən çətin qərar meydanda qalmaq deyil.
Ən çətin qərar nə vaxt getməli olduğunu bilməkdir.
Çünki əfsanələri yalnız qazandıqları kuboklar, vurduqları qollar və qırdıqları rekordlar yaratmır.
Onları necə vidalaşdıqları da formalaşdırır.
Çünki insanlar çox vaxt yaşadıqlarını deyil, xatırladıqlarını sevirlər.