Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin, eləcə də, milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi bütün zamanlar üçün aktual  sayılan məsələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu reallığa diqqət çəkib, bununla bağlı konkret çağırışlar səsləndirib.


Maraqlıdır, dərsliklər, eləcə də məktəblərimizdəki ab-hava preizdentin çağırışları ilə nə dərəcədə uzlaşır? Məkəblərimiz şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin öhdəsindən lazımınca gəlirmi?






Moderator.az-a açıqlama verən sabiq millət vəkili, təhsil ekspert Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Dövlət başçısı müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü dövlətin təməli milli kimliyini, tarixini və dəyərlərini dərindən bilən gənclərdir. Bu baxımdan məktəblərin üzərinə düşən vəzifə yalnız bilik vermək deyil, həm də məsuliyyətli vətəndaş yetişdirməkdir. Hesab edirəm ki, son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. Xüsusilə Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, dövlətçilik ənənələri, Vətən müharibəsi və qəhrəmanlarımızla bağlı mövzular dərsliklərdə və məktəbdaxili tədbirlərdə daha geniş yer almağa başlayıb. Bu, milli şüurun formalaşması baxımından müsbət tendensiyadır.


Amma vətənpərvərlik elə bir dəyərdir ki, onu yalnız dərslikdə yazılan mətnlə formalaşdırmaq mümkün deyil. Uşaq oxuduğunu hiss etməli, yaşamalı və gündəlik davranışında tətbiq etməlidir. Əgər vətən sevgisi yalnız əzbərlənən məlumat kimi təqdim olunursa, o, şagirdin düşüncəsinə yox, sadəcə yaddaşına həkk olunur. Halbuki məqsəd düşünən, dərk edən və məsuliyyət hissi daşıyan vətəndaş yetişdirməkdir.



Məktəbin burada rolu dərslikdən daha böyükdür. Bu, şagirdin kitabdan deyil, məktəbin mühitindən, müəllimin davranışından, məktəbdə hökm sürən münasibətlərdən öyrəndiyi dəyərlər sistemidir. Əgər məktəbdə qarşılıqlı hörmət, ədalət, məsuliyyət və əməksevərlik mühiti formalaşırsa, bu, vətənpərvərlik tərbiyəsinin ən güclü mexanizmlərindən birinə çevrilir. Çünki vətənə sevgi ilk növbədə insanın yaşadığı cəmiyyətə, dövlətinə və onun dəyərlərinə məsuliyyət hissi ilə başlayır.


Mən hesab edirəm ki, vətənpərvərlik yalnız bayram tədbirləri və ya xüsusi günlərlə məhdudlaşmamalıdır. Bu, məktəbin gündəlik həyatında hiss olunmalıdır. Şagird məktəbdə nizam-intizama əməl etməyi, ictimai əmlakı qorumağı, komandada işləməyi, könüllülük fəaliyyətində iştirak etməyi, ətraf mühitə və milli-mədəni irsə qayğı göstərməyi öyrənirsə, əslində vətəndaşlıq məsuliyyətini də öyrənir. Bu keyfiyyətlər sonradan vətənpərvərlik düşüncəsinin möhkəm təməlinə çevrilir.


Düşünürəm ki, bu istiqamətdə məktəblərdə layihə əsaslı fəaliyyətlərin sayı artırılmalıdır. Tarixi məkanlara mütəmadi ekskursiyalar, şəhid ailələri və qazilərlə görüşlər, könüllülük proqramları, mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər, tədqiqat və debat layihələri şagirdlərdə vətən sevgisini daha təbii şəkildə formalaşdırır. Uşaq vətənpərvərliyi sadəcə dinləməməli, onu yaşamalıdır.


Bu gün informasiya müharibələrinin getdiyi, gənclərin müxtəlif ideoloji təsirlərlə üzləşdiyi bir dövrdə milli-mənəvi dəyərlərin məktəbdə sistemli şəkildə aşılanması strateji əhəmiyyət daşıyır. Ancaq bu proses şüarlar üzərində deyil, düşüncə, məsuliyyət, milli kimlik və vətəndaşlıq şüuru üzərində qurulmalıdır. Məhz bu halda məktəb həm dövlətin gözləntilərinə cavab verə, həm də cəmiyyətə savadlı, milli dəyərlərinə bağlı və müasir dünyagörüşünə malik gənclər qazandıra bilər”.


Seymur ƏLİYEV