“Bu gün Yaşarın 75 yaşı tamam oldu. Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Teatr Xadimləri İttifaqının rəhbər şəxsləri və ailə üzvlərimizlə birlikdə Yaşarın məzarını ziyarət etdik. Mədəniyyət Nazirliyindən bir nəfər də nümayəndə gəlmədi. Sadəcə olaraq onlara ayıb olsun. Ötən il nazirin müavini, Xalq artisti Murad Hüseynova Yaşarın xatirəsini əbədiləşdirmək üçün bir neçə təkliflə müraciət etmişdim. Söz verdiyi layihələrin heç biri həyata keçirilmədi. Hətta ötən il məni əmin etmişdi ki, Yaşar Nuriyevin 75 illik yubileyi qeyd olunacaq. İndi nazirin müşaviri işləyir. 10 gün əvvəl də zəng etdim. Bir qız götürdü, dedi ki, burada yoxdur. Dedim ki, ona çatdırın ki, 75 illik yubiley yaxınlaşır və mənə verdiyi vədlərin heç biri həyata keçməyib. Qıza dedim ki, mən sizdən də yuxarı nazirliklərə şikayət edəcəm. Nə qızdan xəbər oldu, nə də ondan”.







O daha sonra əlavə edib:



“Teatr rəhbərliyi və kollektivi çox sağ olsunlar, necə lazımdırsa Yaşarı yad etdilər. Sentyabr ayının 23-də Yaşar Nurinin xatirəsinə həsr olunmuş “Dəli yığıncağı” tamaşası oynanılacaq. Nazirliyin bu hərəkətinə görə çox əsəb keçirtdim. Mən onlardan böyük xahişlər etməmişəm. Mənim məqsədim gələcək nəslin daha da savadlı və intelektual yetişməsi, mədəniyyəti sevməsidir. Çünki yetişən nəsil aktyorlarımızı, sənətkarları tanımır və klassik əsər oxumurlar. Bütün günü telefondadırlar. Mən buna görə “yanıram”. Yaşar vaxtilə şöhrətini qazanıb, ailəsi də, sevənləri də olub. Mən Azərbaycanın gələcəyini fikirləşirəm. Yaşarın bir dostu onun haqda kitab yazıb. Bir-iki günə bizim evə gələcək, ona heç yerdə yayımlanmayan şəkillər və materiallar verəcəm. Bir televiziya dostu da Yaşar haqda sənədli film çəkir. Bunu öz büdcələri ilə siravi insanlar edirsə, nazirlik gör nələr edə bilər?! Halbuki etmir. Bizim irsimiz yaşadılmalıdır. Bugünlərdə bir kafeyə getdim. Gördüm ki, orada klassik musiqi səsləndirilir. Satıcıya dedim ki, deyəsən klassik musiqini xoşlayırsız? Dedi ki, “klassika nədir?”. Özü də böyük mollardakı kafelərdən biri idi. Cavan oğlan idi, heç 27 yaşı olmazdı. Soruşdum ki, Üzeyir Hacıbəyovu tanıyırsız? Dedi ki, “o kimdir?”. Elə bil başıma qaynar su tökdülər. “Məşədi İbad”, “Arşın mal alan” əsərlərini soruşdum, yenə də gözünü döyüb baxdı. Dedim ki, əgər Üzeyir Hacıbəyovu tanımırsansa, səninlə Qara Qarayevdən, Fikrət Əmirovdan ümumiyyətlə danışmağa dəyməz. Gör Üzeyir Hacıbəyli neçənci ildə yaşayıb.. Onu əgər tanımırlarsa, bu sabah yaxın keçmişdə yaşayan Yaşar Nurini, Siyavuş Aslanı, Səməndər Rzayevi necə tanıyacaq?! Ona görə də klassik sənətkarları təbliğ etmək lazımdır. Nazirlik dünyasını dəyişən sənətkarlara belə laqeyd yanaşandan sonra mən siravi insandan nə gözləyim?!” deyə sənətkarın ömür-gün yoldaşı Rəhimə Nuriyeva deyib.