“Mən 50 ildir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. O vaxt ittifaqın sədri əvəzolunmaz, dəyərli sənətkarımız Həsən Seyidbəyli idi. Təxminən 1 həftə bundan öncə biz Kinematoqrafçılar İttifaqında idarə heyətinin iclasına yığışdıq. İclasda bəzi söhbətlər oldu. Amma heç bir dava-dalaşdan, aqressiyadan söz gedə bilməz. Hamımız düşündük ki, sakitcə məsələni yoluna qoyaq. Bu anda Şəfiqə xanım bizə 3 ərizə nümayiş etdirərək dedi ki, bunları Əli İsa Cabbarov yazıb və öz namizədliyini geri çəkib. Bundan əlavə o işdən, idarə heyətindən və bir də icraçı direktor vəzifəsindən getmək haqda ərizələr yazdığını bildirdi. Mən şəxsən şok oldum. Necə yəni? Yaxşı, vəzifədən çıxırsan çıx, idarə heyətindən çıxırsan çıx, bəs ittifaqın üzvlüyündən niyə çıxırsan?! Axı sən burada nə qədər əzab-əziyyət çəkmisən, nə boyda işlər görmüsən.. Yaxşıların yaxşısısan sən.. Sənin çıxmağa haqqın yoxdur. Heç nə anlamadım. Mən çox şeyləri anlamıram. Və o günü başa düşdüm ki, mən çox şeyləri bilmirəm və xəbərim də yoxdur. Nə yaxşı ki, bilmirəm və nə yaxşı ki, xəbərim yoxdur”.





Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli kino aktrisa Xalidə Quliyeva deyib.

O daha sonra əlavə edib:

“İş burasındadır ki, o ərizələrə heç kimin imza atmaq səlahiyyəti yoxdur. Çünki sədrimiz yoxdur. Müvəqqəti Şəfiqə xanımın namizədliyi irəli sürüldü. Konfransa qədər o müvəqqəti namizəddir. Əsas məsələ konfransdır. O konfransın normal, əmin-amanlıqla, qalmaqalsız keçirilməsi üçün axşam namazından sonra Allaha dua edirəm. İdarə heyəti hələ ki, tək Şəfiqə xanımın namizədliyini verib, amma konfrans elədir ki, hər kəs öz namizədliyini irəli sürə bilər. Allah bizi o qalmaqaldan saxlasın. Bizim üçün, kino ittifaqı üçün ayıbdır. Biz mədəni bir ortamdayıq. İncəsənət adamları məncə başqa cür olmalıdır. Konfrans sentyabr ayının 11-də, Nizami kinoteatrının 6-cı mərtəbəsində baş tutacaq. Əlbəttə ki, hər kəsin öz namizədi var. Mən namizədimi orada seçəcəm. Kimə istəsəm ona da səs verəcəm. Amma kim qalib gələcəksə o məlum deyil. Səsə qoyacaqlar. Bircə o pisdir ki, Əli isa Cabbarov orada iştirak etməyəcək. Heç kim də bilmir ki, bunun kökündə nə var. Yəni, mən bilmirəm. Ümumiyyətlə mən qalmaqaldan, qeybətdən həmişə uzaq olmağa çalışmışam. Mən bir adamla oturub-duranda görürəm ki, o qeybət edir, artıq ondan tamamilə uzaqlaşıram. Mənim üçün maraqlı deyil. Mən öz sənətimlə, peşəmlə məşğulam. Dünyada nə qədər filmlər çəkilir, festivallar və müsabiqələr keçirilir. Onlara baxıb doyuram. Heç başqa şeylər haqda düşünməyə vaxtım da yoxdur. Bizdə də cavan, istedadlı gənclər filmlər və seriallar çəkirlər, meydana çıxırlar. Bu sahədə iş gedir. Kino sənətdir, ən böyük təbliğ və təsir vasitəsidir. Azərbaycanı, bu milləti, bu coğrafiyanı tanıtmaq üçün ən gözəl vasitə kinodur. Mənim bir arzum var ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası istehsalat bazası kimi bərpa olunsun, maddi texniki baza yenilənsin və dövlətin nəzarətində olsun. Çünki kino bizə çox lazımdır. “Oskar”, “Qızıl qlobus”, “Gümüş ayı”, “Kann”, Venesiya” və s. təşkilatlara biz üzv olmalıyıq. Ora üzv olub və hər il ildə bir dəfə olmaqla ora pul köçürürsən. Onlar fesival keçirəndə ölkələrə müraciət edir ki, hansı filmi göndərmək istəyirsiz?! Bəyəm hər ölkə əla filmlər göndərir ki, ora?! Anton Dolon adlı bir kino tənqidçisi var. O festivallarda jüri qismində oturur. Mən onun müsahibələrinə çox diqqətlə qulaq asıram. O deyir ki, festivallara gələn filmlərin 90 faizi zəif filmlərdir. Ermənilər “Oskar”-a öz filmlərini göndərdilər, amma heç nə almadılar. Amma ad oldu ki, festivala getdi. Biz də elə etməliyik. Ona görə də kino sənəti haqqında dövlətin konsepsiyası, strategiyası olmalıdır. Dövlət kinoya sahib çıxmalıdır. Bunun başqa yolu yoxdur”.