"Vəzifə, pul, ev, maşın və s. əldə etmək üçün yaltaqlanan, varlanmaq üçün rüşvətə və korrupsiyaya əl atan, qarşısına çıxanı əzən insan ilk baxışda  azad və güclü görünə bilər. Əslində isə o, əldə etmək istədiyi şeyin köləsinə çevrilib..."
 




"İnsan özgəsinin köləsi olmazdan əvvəl çox vaxt öz nəfsinin köləsinə çevrilir. Nəfsinin hər istəyinin ardınca getdikcə iradəsini zəiflədir, zəiflədikcə isə başqalarının təsirinə daha açıq olur. Beləcə..."
 
“Allahın qulu olmaq insanın alçalması deyil, yaradılmışların qarşısında azadlaşmasıdır...”
 
-FİKİR SAVAŞI...-
 
****                     ****                  ****                    ****                  ****
 
...İnsan niyə başqalarının, yəni özü kimi bir damcı murdar mayedən yaradılmış şüurlu məxluqların köləsi olur?.. 
 
Söhbət kiminsə güc tətbiqi ilə digərini zorla qul etdiyi qədim quldarlıq dövründən getmir. Söhbət müasir dünyada, sivil hesab edilən cəmiyyətlərdə könüllü olaraq  və ya öz günah əməl və cinayətlərinin ucbatından dolayısıyla varlı, güclü və vəzifəli şəxslərə  kölə olmaqdan gedir.... 
 
Məsələnin kökündə  daha dərin bir həqiqət dayanır: insan özgəsinin köləsi olmazdan əvvəl çox vaxt öz nəfsinin köləsinə çevrilir. Nəfsinin hər istəyinin ardınca getdikcə iradəsini zəiflədir, zəiflədikcə isə başqalarının təsirinə daha açıq olur. Beləcə insanı əvvəlcə həvəsi, sonra ehtirası, daha sonra isə həmin ehtirasdan yararlananlar idarə etməyə başlayır... 
 
...Nəfsinin qulu oldunsa, yəni onun hər istəyini yerinə yetirdinsə, sonra onun sənə sevdirdiyi maddi nemətlərin, sonra Şeytanın, daha sonra isə Şeytanın daha sadiq kölələrinin- canişinlərinin köləsi olacaqsan...  
 
Alkoqol, narkotik və qumar asılılığı bunun ən sadə nümunələrindəndir. İnsan çox vaxt ilk addımı “bir dəfə sınamaqla” atır. Sonra müvəqqəti həzz iradəni üstələyir, həzz təkrarlanır, təkrar vərdişə, vərdiş isə asılılığa çevrilir. Bir müddət sonra insan artıq maddəni və ya oyunu idarə etmir, əksinə, maddə və oyun onu idarə edir. Beləliklə, əvvəllər adi bir vasitə olan şey insanın gözündə bütə çevrilir... 
 
Məsələn, insan alkoqollu içkilərin, narkotik vasitələrin və ya qumarın aludəçisinə necə çevrilir? Hər şey nəfsdən başlayır. Ya başqalarının təklifi, yaxud özünün arzunla arağın, yaxud narkotikin dadına baxırsan; onlar səni cəlb edir, sənin iradən nəfsinə, tamahına, müvəqqəti ləzzət almaq ehtiyacına qalib gələ bilmir və nəticədə sən içki və ya narkotik aludəçisinə dönürsən... 
 
Oxşar qayda da qumara da aludə olursan. Qumarxanalara ilk dəfə gedən gənclərin öncə bilərəkdən udmalarına şərait yaradılır və yaxud elə özləri təsadüfən az bir məbləğdə pul udurlar. İradəsi zəif, tamahı güclü insanlar da dərhal bu oyunu davam etdirməyə çalışır. Nəticədə növbəti dəfələr uduzsa da, hansısa dəfə udmağın ləzzətini almaq məqsədilə ardıcıl olaraq qumar oynayır və nəticədə bu zavallı məxluq qumarbaz olur. Bu minvalla araq aludəçisi öncə içki dolu şüşə, narkotik aludəçisi üçün maye dolu iynə, yaxud həb, qumar aludəçisi üçün isə qumar masası bütə çevrilir. Onları əldə etmək üçün  insan nəfsi hər şeyə hazır olur; dəfələrlə araq dükanının sahibindən nisyə araq alaraq və ya araq almaq üçün kimlərdənsə borc alaraq ayrı-ayrı adamlara, eyni qayda ilə narkotik əldə etmək üçün narko-tacirə, bir az da keçəndən sonra narkobarona yalvarır... Və yaxud qumar aludəçisi olmuş şərbəndə o qədər uduzur ki, sonda ailə üzvlərini, hətta qızını, arvadını uduzmaq həddinə gəlib çıxır və nəticədə qumarxananın şefinin, son nəticədə isə qumar kralının köləsinə çevrilir və ona nə əmr verirlərsə, icrasına tam hazır olur...
 
Oxşar tale pul, vəzifə, hakimiyyət kölələrini də gözləyir. Belələrini vəzifə əldə etmək üçün, asan yollarla, rüşvət, korrupsiya, pul müqabilində vəzifələrə, deputat kürsülərinə özü kimi məxluqları yerləşdirməklə və s. ilə varlanmaq üçün hər şeyə hazır olur. Birini aldadır, o birinə yaltaqlanır, pul, karyera yolunda maneə ola biləcək başqa bir zəifini tapdayıb əzir. Beləsi digər sahələrdə: yeyib-içmək, zina, qumar, alkoqol, narkotik və s. sahələrdə də nəfsinin köləsi olduğundan özündən yuxarıdakıların əlində barəsində yetərincə şantaj, kompromat materialı olur...
 
Bəli, ən təhlükəlisi budur ki, asılılıq yalnız əşyaya və ya maddəyə olmur. İnsan pula, vəzifəyə, şöhrətə, hakimiyyətə, titul və nüfuza da kölə ola bilər. Vəzifə, pul, ev, maşın və s. əldə etmək üçün yaltaqlanan, varlanmaq üçün rüşvətə və korrupsiyaya əl atan, qarşısına çıxanı əzən insan ilk baxışda  azad və güclü görünə bilər. Əslində isə o, əldə etmək istədiyi şeyin köləsinə çevrilib...
 
Avroritar, totalitar, diktatura rejimlərini formalaşdıran, onların başında duran daha güclü, daha sadiq nəfs, Şeytan kölələrinə birbaşa, yaxud dolayısıyla, impuls, enerji, güc verənlər əksər hallarda məhz nəfsinin köləsi olan şəxslər olur...
 
Əgər bir cəmiyyətdə insanların böyük hissəsi asan yolla varlanmaq, vəzifə qazanmaq və yüksəlmək naminə qanunu, vicdanı və əxlaqı kənara qoyursa, orada qəribə bir qarşılıqlı asılılıq sistemi yaranır. Aşağıdakının yuxarıdakından, yuxarıdakının isə ondan da yuxarıdakından qorxduğu, birinin digərinin sirrini, günahını, cinayətini bildiyi və hər kəsin hansısa məqamda şantaja açıq olduğu bir cəmiyyət formalaşır. Belə cəmiyyətdə insan zahirən azad görünə bilər, amma daxilən çoxsaylı zəncirlərlə digər insanlara və əşyalara- ləzzət, şəhvət obyektlərinə bağlanır...
 
Əgər bi məmləkətdə əksəriyyət asan yollarla; dələduzluqla, oğurluqla, saxtakarlıqla,  rüşvətxorluqla, korrupsiya ilə, narkotik, adam alveri, kiber-cinayətkarlıqla və s. var-dövlət, vəzifə sahibi olmaq eşqində, həvəsində olursa, ən aşağı təbəqədən, hətta bəzən adi fəhlədən, süpürgəçidən, həkimdən, müəllimdən, jurnalistdən, hüquq-mühafizə əməkdaşından, hərbçidən və s. tutmuş icra başçısı, müdir, rəis, nazirədək və s. – hamı bir-birinin yanında gözükölgəli olur. Nəticədə eyni ierarxiya ilə hamı - zəifdən ən güclüyədək biri-birinin şantajı altında olduğu üçün biri-birinin köləsinə çevrilir. Bu minvalla bu cür cəmiyyətlərdə  azad düşüncəli, milli əqidəli, millətsevər, əsil mənada dövlətçi, bir sözlə, hansısa əşyanın, rütbənin, titulun, yaxud başqa bir adamın köləsi olmayan, sözün əsil mənasında azad insanlar barmaqla sayılası olur. Odur ki, ədalətsizlik, haqsızlıq, qanunsuzluq, rüşvətxorluq, korrupsiya, əxlaqsızlıq, narkomaniya və s. baş alıb gedir...
 
Ona görə də yalnız siyasi və hüquqi azadlıqdan danışmaq kifayət deyil. İnsan öz tamahının, ehtirasının, şəhvətinin, qorxusunun, şöhrətpərəstliyinin və maddi ehtiraslarının köləsidirsə, onun azadlığı nə dərəcədə həqiqidir?..
 
Əksəriyyət öz nəfsinin, tamahının köləsi olduğu və nəticədə özündən yuxarıların qarşısında közükölgəli, şantaj obyekti olduğu halda hansısa insan hüququndan, azadlıqdan, danışmaq mümkündürmü? Təbii ki, yox... 
 
Səni başqa əşyanın, yaxud yad, ancaq vəzifəli, varlı-dövlətli bir insanın qulu, köləsi nə etdi? Hansı amil, hansı hiss, hansı duyğu? Əlbəttə ki, səni bu müvəqqəti dünyanın, bir neçə dəqiqəlik, lap bir neçə saatlıq ləzzətlərinin dalınca getməyə vadar edin nəfsin, tamahın, şəhvətin... 
 
Halbuki insan qarşısında başqa yol da var. İslamın təqdim etdiyi baxışda Allahın qulu olmaq insanın alçalması deyil, yaradılmışların qarşısında azadlaşmasıdır. Çünki Allahın qulluğunu qəbul edən insan pula, əşyaya, ehtirasa, vəzifəyə və başqa insanlara ilahiləşdiriləcək, bütləşdirəcək dərəcədə bağlanmamalıdır. O, faninin qarşısında əyilməmək üçün Əbədinin qarşısında səcdə etməyi seçir...
 
Sən ya nəfsinin ardınca gedərək onun sənə göstərdiyi hər istəyə boyun əyəcəksən, ya da nəfsini cilovlayaraq iradəni, vicdanını və imanını üstün tutacaqsan. Birinci yol səni getdikcə daha çox şeyin köləsinə çevirə bilər. İkinci yol isə insanı daxilən azadlaşdırır.
 
Əsl azadlıq heç kimə və heç nəyə ehtiyac duymamaq deyil. Əsl azadlıq nəyə və kimə tabe olduğunu bilməkdir. Fanilərin, əşyaların, ehtirasların və dünyanın qarşısında kölə olmamaq üçün Yaradanına bağlanmaqdır...
 
Deməli, zülmdən qurtulmağın ilk addımı yalnız zalımı dəyişmək deyil, insanın öz daxilindəki köləliyi tanımasıdır. Nəfsinin köləsi olan insan başqalarının köləsinə çevrilməyə namizəddir; Allahın qulluğunu seçən insan isə yaradılmışların qarşısında azadlığını qorumağa daha yaxındır...
 
Sən əbədi, ən güclü, ən qüdrətli varlığın – səni Yaradanın- Allah-Təalanın qulu, köləsi olmaq yolunu seçib bu müvəqqəti dünyada azad ömür sürmək, Axirətdə isə əbədi ləzzət içində yaşamağa nail olmaq yolunu tutmaq əvəzinə müvəqqəti, sınan, dağılan, tökülən, itən, oğurlanan, son nəhayətdə yox olan əşyalara, ləzzət, zövq obyektlərinə, uzaqbaşı, 80-100 il yaşaya biləcək vəzifəli, varlı insanlara kölə olmaq yolunu tutmusan. Nəticədə maddi baxımdan gərəkli hər şeyə malik olub arvad-uşağını, doğmalarını yağ-bal içində dolandırsan da, daim elə maddi baxımdan özündən yuxarıda olanların zülmü altında əziləcəksən... 
 
Əslində isə bu dünyanın ən şüurlu sakininin – insanın devizi belə olmalıdır: cansız, yaxud canlı bütlərin,  müvəqqəti zövq, ləzzət obyektlərinin, hakimiyyət, vəzifə, var-dğvlət sahiblərinin, son nəticədə külli-bəşəriyyəti öz ardınca Cəhənnəmə sürüyən Şeytanın  köləsi olmaq istəmirsənsə, Allahın qulu, köləsi ol. Əks halda ömrünün sonunadək köləlikdən, zülmdən qurtulub azad insan ola bilməyəcəksən...
 
Növbəti yazılarımızda “Atoritar, totalitar, diktatura rejimli ölkələrdə mövcud olan kölə vətəndaşlarla müqayisədə demokratik, sivil sayılan ölkələrin vətəndaşları azad sayılırmı?” sualına cavab verməyə çalışacağıq...
 
Sultan Laçın