“Bu gün inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi ideya istehsal edən insanlara və təşəbbüslərə sistemli dəstəyin mövcud olmasıdır...”
“Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən nə az, nə də çox, 2000 dəfə azdır...”
“Əgər cəmiyyətdə təşəbbüslər, yeni ideyalar dəstəklənmirsə, innovativ insanlar bürokratik maneələrlə qarşılaşırsa, orada innovativ inkişafdan danışmaq formal xarakter daşıyır…”
“Silikon Vadisində uğursuz startap təcrübə sayılır. Bizdə isə uğursuzluq çox vaxt sosial və peşəkar damğa kimi qəbul edilir...”
“Uğursuzluq mədəniyyəti dəyişməlidir. İnnovasiya üçün eksperiment, risk, səhv etmək hüququ tanınmalıdır. Dünyada startap və innovativ layihələrin 90 % uğursuz olur...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “İnnovativ təşəbbüslər dəstəklənməsə, innovativ inkişaf olmaz...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun...” -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Vətəndaş təşəbbüsləri innovativ inkişafda mühümdür...
Təbii ki, əgər belə təşəbbüslərin reallaşmasına imkan yaradılsa, dəstək verilsə. Bir çox ölkələrdə belə təşəbbüslərin dəstəklənməsi üçün fondlar (vəqflər) var. Onlar öz vətəndaşlarının təşəbbüslərini öz ölkələrində reallaşdırmasına imkan yaradırlar. Məsələn, Türkiyədə bu təcrübə geniş yayılmışdır. Digər variant biznesin “sosial korporativ məsuliyyəti” çərçivəsində müxtəlif təşəbbüslərə dəstək verilməsidir, bu halda biznesə müəyyən vergi güzəştləri də nəzərdə tutulur. Təəssüf ki, bizdə belə təcrübələrə rast gəlinmir…
Qrant verən təşkilatların da “qrant paylaması” texnologiyası çox vaxt ədalətdən uzaq olur. Deməli səmərəsizdir, inkişafa xidmət etmir. Ölkədə startapların, innovasiyaların az olması, texnoloji sahibkarlığın zəif inkişafı da bu səbəblərdəndir. Bu sahələrdə geriliyimiz isə ciddidir…
Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq yalnız təbii sərvətlərlə, coğrafi mövqe ilə, sənaye potensialı ilə ölçülmür. XXI əsrdə əsas üstünlük innovasiya, texnologiya, yaradıcı düşüncə, insan kapitalı, elmi təşəbbüslər üzərində qurulur…
Bu gün inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi ideya istehsal edən insanlara və təşəbbüslərə sistemli dəstəyin mövcud olmasıdır. Əslində innovasiya yalnız texnologiya deyil, düşüncə azadlığı, təşəbbüs mühiti, risk etmək imkanı, institusional dəstək deməkdir. Əgər cəmiyyətdə təşəbbüslər, yeni ideyalar dəstəklənmirsə, innovativ insanlar bürokratik maneələrlə qarşılaşırsa, orada innovativ inkişafdan danışmaq formal xarakter daşıyır…
İnnovasiya təsadüfən yaranmır…
Bir çox hallarda innovasiya yalnız fərdi istedadla əlaqələndirilir. Halbuki tarix göstərir ki, innovasiya sistemsiz inkişaf etmir. Dünyada texnoloji sıçrayış etmiş ölkələrin hamısında təşəbbüsləri maliyyələşdirən fondlar, risk kapitalı sistemləri, universitet-biznes əməkdaşlığı, startap ekosistemləri, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Məsələn, ABŞ-da Silikon Vadisi, İsraildə startap ekosistemi, Cənubi Koreyada texnoloji klasterlər, Türkiyədə “TEKNOFEST” və texnologiya fondları uzunmüddətli dövlət və ictimai siyasətin nəticəsidir. Bu ölkələrdə əsas prinsip belədir “İdeya varsa, ona dəstək də olmalıdır.”
Vətəndaş təşəbbüsləri niyə vacibdir?..
Ən böyük innovasiyalar çox vaxt böyük bürokratik strukturlardan deyil, fərdi təşəbbüslərdən doğur. Çünki dövlət strukturları adətən konservativ olur, vətəndaş təşəbbüsləri isə daha çevik və yaradıcı olur. Müasir innovasiya iqtisadiyyatında kiçik komandalar, fərdi tədqiqatçılar, müstəqil mühəndislər, universitet qrupları böyük dəyişikliklər yarada bilir. Bu səbəbdən vətəndaş təşəbbüsləri innovativ inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. Əgər ölkədə sərbəst təşəbbüs, eksperiment aparmaq imkanı, alternativ düşüncə məhduddursa, innovativ inkişaf da zəifləyir…
Türkiyə modeli və vəqf sistemi…
Türkiyədə innovativ təşəbbüslərin dəstəklənməsi üçün vəqflər, texnologiya fondları, bələdiyyə proqramları, universitet texnoparkları, biznes sponsorluğu geniş tətbiq edilir. Xüsusilə “TEKNOFEST”, “TÜBİTAK” proqramları, universitet startap mərkəzləri gənclərin texnologiyaya yönəlməsində böyük rol oynayır. Burada mühüm məqam dövlət, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq modelinin qurulmasıdır. Belə sistemlər yeni ideyaların ortaya çıxmasına, gənclərin motivasiyasına, texnoloji sahibkarlığın artmasına şərait yaradır. Ən vacibi isə innovasiya yalnız paytaxt mərkəzli olmur, regionlara da yayılır…
Biznesin sosial məsuliyyəti və innovasiya…
İnkişaf etmiş ölkələrdə böyük şirkətlər yalnız mənfəət əldə etməyə deyil, innovasiya ekosisteminin formalaşmasına da yatırım edir. Bu model korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Şirkətlər startaplara investisiya edir, universitet layihələrini maliyyələşdirir, texnologiya yarışları təşkil edir, sosial innovasiya proqramları yaradır. Bir çox ölkədə bu fəaliyyətlər üçün vergi güzəştləri, hüquqi təşviqlər, dövlət dəstəyi mövcuddur. Nəticədə biznes innovasiyanı xərc deyil, gələcəyə investisiya kimi görür.
Azərbaycanda innovativ inkişafın əsas problemi…
Azərbaycanda isə innovasiya sahəsində əsas problemlərdən biri təşəbbüs mühitinin zəifliyidir. Bir çox hallarda innovativ ideyaların maliyyə mənbəyi yoxdur, müstəqil layihələr dəstək tapmır, risk kapitalı bazarı formalaşmayıb, universitet-startap əlaqələri zəifdir. Gənclər ideya yarada bilir, amma onu reallaşdırmaq üçün ekosistem tapa bilmir. Nəticədə ya ideya yarımçıq qalır, ya da xarici ölkələrə yönəlir. Bu isə intellektual resurs itkisi, beyin axını, texnoloji asılılıq yaradır…
“Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır…”
(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).
Startap bizdə niyə azdır?..
Beynəlxalq hesabatlarda qeyd edilir ki, 2025-cı ildə dünyada 50 milyon startap yaranıb, deməli, əhalinin hər 1000 nəfərinə ortalama 6 startap düşür, Azərbaycanda isə 2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən nə az, nə də çox, 2000 dəfə azdır. Bu bizim insan kapitalının, postneft erasına hazırlığın səviyyəsini göstərir. Bu bizim elm, təhsil, innovasiyanın, yəni ETN-nin 25 illik fəaliyyətinin real göstəricisidir…
Ölkədə startapların az olmasının səbəbi yalnız maliyyə azlığı deyil…
Əsas problemlər təşəbbüs mədəniyyətinin zəifliyi, bürokratik maneələr, risk qorxusu, hüquqi dəstəyin məhdudluğu, investor ekosisteminin zəifliyi, innovativ uğursuzluğa mənfi münasibət ilə bağlıdır. Halbuki innovasiya çoxsaylı uğursuzluqlar üzərindən inkişaf edir. Silikon Vadisində uğursuz startap təcrübə sayılır. Bizdə isə uğursuzluq çox vaxt sosial və peşəkar damğa kimi qəbul edilir. Bu isə insanları risk etməkdən, yeni ideya sınamaqdan uzaqlaşdırır…
Təhsil sistemi və innovasiya problemi…
İnnovasiya sadəcə iqtisadi məsələ deyil. Bu həm də təhsil problemidir. Əgər məktəb əzbərçiliyə, itaətə, standart cavablara əsaslanırsa, onda yaradıcı düşüncə, eksperiment, təşəbbüskarlıq formalaşmır. Müasir innovasiya iqtisadiyyatı sərbəst düşünən, problem həll edən, texnologiya yaradan insanlara ehtiyac duyur. Bu səbəbdən təhsil, innovasiya, iqtisadi inkişaf bir-biri ilə birbaşa bağlıdır.
“Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər…” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).
Rəqəmsal dövrdə geridə qalmaq riski…
Hazırda dünya süni intellekt, robototexnika, kvant texnologiyaları, biotexnologiya dövrünə daxil olur. Belə bir şəraitdə innovasiya sahəsində geridə qalmaq sadəcə texnoloji problem deyil, milli təhlükəsizlik problemidir. Əgər ölkə texnologiya istehsal etmirsə, yalnız istehlakçıya çevrilir. Bu isə iqtisadi asılılıq, intellektual əyalətçilik, rəqabət qabiliyyətini azaldır…
İnnovasiya ekosistemi formalaşdırmaq üçün nə etməli?..
1. Müstəqil innovasiya fondları yaradılmalıdır. Vətəndaş təşəbbüsləri üçün kiçik qrantlar, risk kapitalı, startap dəstəyi təmin olunmalıdır.
2. Biznes üçün vergi təşviqləri tətbiq edilməlidir. Şirkətlər texnologiya layihələrinə, universitet proqramlarına, gənclər təşəbbüslərinə investisiya etdikdə vergi güzəştləri əldə etməlidir.
3. Universitetlər innovasiya mərkəzinə çevrilməlidir. Universitet yalnız diplom verən yer deyil, startap və texnologiya istehsal edən mühit olmalıdır.
4. Uğursuzluq mədəniyyəti dəyişməlidir. İnnovasiya üçün eksperiment, risk, səhv etmək hüququ tanınmalıdır. Dünyada startap və innovativ layihələrin 90 % uğursuz olur.
5. Regionlarda innovasiya mərkəzləri yaradılmalıdır. İnnovasiya yalnız paytaxtda cəmlənməməlidir. Gəncə, Qarabağ, Lənkəran, Naxçıvan üçün “Regional innovativ inkişaf proqramı” hazırlanmalı, “Regional innovativ inkişafı mərkəzləri” yaradılmalıdır (artıq bəzi proseslərə start verilmişdir). Bu proseslər normal maliyyələşməli, icrası ciddi nəzarətdə saxlanılmalıdır…
İnnovasiya sərəncamla yaranmır, inzibati göstərişlə inkişaf etmir…
İnnovasiya azad düşüncə, təşəbbüs mühiti, maliyyə dəstəyi, institusional etimad olan yerdə formalaşır. Əgər vətəndaş təşəbbüsləri dəstəklənmirsə, innovativ ideyalar maliyyə tapa bilmirsə, gənclər risk etməkdən qorxursa, onda innovativ inkişaf real ola bilməz.
Müasir dünyada ən böyük sərvət neft, qaz, xammal deyil, yaradıcı insan kapitalıdır. Bu səbəbdən postneft dövründə ölkənin gələcəyi innovasiyaya nə qədər vəsait ayrılması ilə paralel, innovativ insanlara təşəbbüslərini reallaşdırmağa hansı imkanlar yaradılmasından da asılı olacaqdır…”