"Bu dünyadakı gerçəklərdən niyə belə qorxursuz?..- Cəhənnəmdəki gerçəklər daha dəhşətlidir, ay yazıqlar!.."
16 Jun 2026, 14:24 2 baxış 10 dəq oxuma
“Yer üzündəki ən qorxaqlar günahları, cinayətləri daha çox olan, haram yeməyə, haram əməllərə daha çox qurşanan məxluqlardır...”
“Çıxış yolunuz sizin haqqınızda gerçəkləri deyənləri yox, öz nəfslərinizi, tamahlarınızı öldürməkdir... Uca Yaradanın tövbə qapısı isə hələki açıqdır...”
“Tutaq ki, mənim və ya digərinin bu və ya digər yazısı, sözü bir harının xoşuna gəlmədi, bu və ya digər formada bizi, yaxud bir əzizimizi, yaxınımızı cəzalandırdı, hətta öldürdü... Hə, nə olsun?.. Guya bu yolla özlərini cəzadan qurtara biləcəklər...”
“Doğru yalanı qovar(Atalar sözü). Yəni gerçəklər, həqiqi faktlar ortaya çıxdıqda, uydurulan bütün yalanlar aradan qalxar...”
-FİKİR SAVAŞI...-
Bu dünyada ən qorxaq insanlar kimdir? Bilirsiz? Uşaqlar, qadınlar, sadəcə fitrətən qorxaq olanlar? Xeyr, yanılırsız? Ən qorxaqlar günahları, cinayətləri daha çox olan, haram yeməyə, haram əməllərə, cinayətlərə daha çox qurşanan məxluqlardır. Bəs onlar ən çox nədən qorxurlar? Bıçaqdan, xəncərdənmi, qılıncdanmı, zəhərdən, ilandanmı, itdən, ayıdanmı, aslandanmı, oddanmı, güllədən, mərmidənmi, raketdənmi, nüvə bombasındanmı? Xeyr, onların ən çox qorxduğu öz barələrindəki həqiqətlər, gerçəklərdir... Özləri, öz həyatları və başqa insanlara qarşı törətdikləri şər əməllər barəsindəki həqiqətlər, gerçəklər... Və ən dəhşətli şəkildə qorxduqları həmin gerçəklərin isbat olunmasıdır... Onlardan elə qorxurlar, elə qorxurlar ki... Niyə? Hansı səbəblərdən? Ona görə ki, aldatdıqları, kələk gəldikləri, zülm etdikləri, məsələn, qul kimi işlədib zəhmət haqlarını vermədikləri, yaxud külli miqdarda borc alıb qaytarmadıqları, var-dövlətlərini, sərvətlərini oğurladıqları, taladıqları, haqsız yerə özlərini və ya övladlarını, ata-analarını, qardaş-bacılarını döydükləri, işgəncə verdikləri, namuslarına təcavüz etdikləri adamlar və onların yaxınları, qohumları, qonşuları, dostları həm əsil gerçəkləri, həm də onların sübuta yetirildiyini biləndə o günahkarları, cinayətkarları yerin yeddi qat dibində də olsa, axtarıb tapacaq və ya qanuni, ya digər yollarla cəzalandıracaqlar. Mütləq və mütləq...
Bax, bu səbəblərdən dediyimiz günahkar, cinayətkar qorxaqlar kiminsə, kimlərinsə ağzından bir balaca nəinki gerçək, hətta ona işarə edən bir söz, bir cümlə, məcazi mənada olsa belə, səslənən kimi dərhal həmin adamı tapıb susdurmağa çalışırlar... Odur ki, belələrinin həyatı həyat deyil, gecə-gündüz təlaş, qorxu içində yaşayırlar. Gündüzlər özlərini başqalarına nə qədər rahat, aram, xoşbəxt, daim kef çəkən, heç nədən və heç kəsdən qorxmayan biri kimi göstərməyə çalışsalar da, gecələr rahat yuxu da tapa bilmirlər. Belələrinin normal, əxlaqlı bir insan kimi ailə həyatları da olmur... Dünyadakı əlləri çatan hər növ sakitləşdirici, uyuşdurucu içkilər, həblər və s. qəbul etsələr də, yenə rahatlıq tapa bilmirlər. Qəflətən yuxuda gördükləri dəhşətli kabuslardan, mənzərələrdən qan-tər içində oyanır, ora-bura vurnuxur, udmağa təmiz hava, içməyə su axtarırlar... Həm də ona görə ki, belələri yalnız özlərindən zəiflərə, yoxsullara deyil, vəzifə, yaxud var-dövlət cəhətdən yüksəkdə dayananlara da kələk gəlirlər, loru dildə desək, atırlar, onlara qarşı yüz cür fırıldağa, saxtakarlığa yol verirlər...
Bəs bu cür hədsiz günahkarlar, suçlular vəziyyətlərindən çıxış yolunu nələrdə görür? Onlar aldatdıqları, xəyanət etdikləri özlərindən güclülərə, vəzifəlilərə, mütəmadi şəkildə yarınar, yaltaqlanar, onların gözünə girmək üçün dəridən-qabıqdan çıxar. Onlara mümkün qədər tez-tez və bahalı hədiyyələr edər, eyni zamanda öz günahların üzərlərinə atmaq üçün özlərindən zəif başqa bir günah keçisi axtararlar...
Özlərinə təxminən bərabər səviyyədə olanlara isə yeri gələndə yenə kələk gələr, “atar”, yeri gələndə yola verib başlarını qatarlar...
Aldatdıqları, hədsiz zülm etdikləri zəiflərə, kasıblara qarşı isə zülmlərini, yalanlarını həyasızcasına davam etdirər... Bəzi hallarda isə onları yenə də başqa formada yalanlarla, vədlərlə yola verər...
Həmin zəiflərdən, yoxsullardan biri və ya bir neçəsi barələrindəki gerçəkləri üzə çıxarıb üzlərinə və başqalarına söylədikdə, yaydıqda isə onları mümkün qədər hədələyərək, yaxud nəsə vəd edərək susdurmağa çalışar, bəzən isə hətta başqalarının əli ilə öldürüb aradan götürməyə çalışarlar...
Beləliklə, təpədən-dırnağa cinayət, xəyanət içində olan və bir gün bu dünyada(təbii ki, o dünyaya- Axirətə inanmırlar) həmin günah və cinayətlərə görə cavab verə biləcəklərini anlayan qorxaq günahkarlar özləri üçün 3 çıxış yolu görürlər: özlərindən yuxarıdakılara mümkün qədər yaltaqlıq, özləri ilə bərabər səviyyədə olanları bir təhər kələk-küləklə, məqamı gələndə yenə də yarınmaqla yola vermək, aşağıdakılara isə mümkün qədər zülmü, qəddarlığı, qətlləri davam etdirmək... İstisna hallarda müəyyən həddə qədər yola vermək...
Ancaq nə qədər günahkar, zülmkar, cinayətkar olsalar da, onlara yazığım gəlir. Çünki bütün bu sadalananlar onlar üçün çıxış yolu deyil... Doğrudan da tutaq ki, mənim və ya digərinin bu və ya digər yazısı, sözü bir harının xoşuna gəlmədi, bu və ya digər formada bizi, yaxud bir əzizimizi, yaxınımızı cəzalandırdı, hətta öldürdü... Hə, nə olsun?.. Guya bu yolla özlərini cəzadan qurtara biləcəklər. Xeyr, əsla, biz gerçək, Haqq uğrunda şəhid olacağıq, onların isə əksinə, günahları, cinayətləri ilə yanaşı, təlaşları, həyəcanları və s. də daha da artacaq...
Və bu sətirlərin müəllifi Allaha, onları bir damla çirkli sudan –nütfədən Yaradana, onun Kitablarına, Peyğəmbərlərinə, Qiyamət gününə, Axirətinə və s. inanmayan belələrinin Cəhənnəmdə yanıb dünyada özlərindən yuxarı olmuşlara yox, aşağıda olmuşlara yalvardıqları səhnəni artıq görür...
Və deyilən yolları nə qədər tətbiq etsələr də, onlar, uzaqbaşı, bu dünyada cəzadan qurtara biləcəklər. Fəqət o maddi cəhətdən yağ-bal, kef, eyş-işrət mənəvi-əxlaqi cəhətdən murdar, qorxu, stress, depressiya, nə bilim, bir sıra hallarda şizofreniya kimi dəhşətli psixoji sarsıntılarla müşayət olunan həyatlarını davam etdirərək bir gün gəbərib digərləri kimi torpağa gömüləcəklər... Ola bilər məzarları dəbdəbəsinə görə digərlərindən fərqlənsin... Həm də ona görə fərqlənəcək ki, hələ bu dünyada yaşayan zülm etdikləri, aldatdıqları adamlar onların qəbirlərinə tüpürəcək, hətta imkan yarandıqda başqa işlər də edəcək, ən azı ürəklərində lənət oxuyacaqlar... Allahın Axirətdəki cəzası isə mütləqdir. Bunu mən demirəm, bunu bütün peyğəmbərlər də, səmavi kitablar: Zəbur da, Tövrat da, İncil də, Quran da deyir...
Bəndəniz bu qəlbən kor və kar məxluqlara bu dünyada həm Allah, həm bəndələr, dövlət qanunları –filan tərəfindən verilə biləcək cəzalarını yüngülləşdirilməsi, Axirətdə isə yalnız Allahın müəyyən edəcəyi dəhşətli cəzalarının bir az da olsa, xəfifləşdirilməsi, bəlkə də bəziləri üçün bağışlanması üçün yeganə real bir çıxış yolu göstərir: günahlarınızı, cinayətlərinizi bu andan durdurun, sizin haqqınızda gerçəkləri deyənləri yox, öz nəfslərinizi, tamahlarınızı, şəhvətlərinizi öldürün... Uca Yaradanın tövbə qapısı isə hələki açıqdır...
Sonda doğru, düz söz, qorxu, qorxaqlıq, xainlik barədə bir neçə atalar sözünü də xatırladırıq. Diqqətlə, düşünə-düşünə oxuyun və təsəvvürünüzə gələnlərlə bağlı nəticə çıxarın:
Qorxaq igidlikdən danışar...
Qorxaq kölgəsindən də qorxar...
Qorxu ölümdən nicat verməz...
Xain xoflu olar...
Xain qorxaq olar...
Düz söz acı olar...
Həqiqət qılıncdan da kəskindir...
Düz yalanı kəsər...
Doğru yalanı qovar...
Yəni gerçəklər, həqiqi faktlar ortaya çıxdıqda, uydurulan bütün yalanlar aradan qalxar...