“İsveç hökuməti məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdırmağa, elektron vasitələrin payını azaltmağa və fiziki kitablarla əl yazısına yenidən üstünlük verməyə başlayıb...”
 




“Daha çox texnologiya  heç də daha yaxşı təhsil  deyil. Çünki  öyrənmə prosesi yalnız informasiyanın əldə olunmasından ibarət deyil,  öyrənmə diqqət, təfəkkür, yaddaş, refleksiya, emosional iştirak kimi mürəkkəb mexanizmlərə əsaslanmalıdır..."
 
"Son illərdə aparılan tədqiqatlar göstərir ki, kağız üzərində oxuma ilə ekrandan oxuma arasında fərqlər var.  Kağız kitab mətnin strukturunu daha yaxşı qavramağa kömək edir, uzunmüddətli yaddaşı gücləndirir, diqqətin dağılmasını azaldır..."
 
"Müasir neyrobiologiya  ortaya maraqlı nəticələr qoymuşdur.  Əl  yazısında  görmə, diqqət, yaddaş eyni anda fəallaşır. Bu səbəbdən əl yazısı məlumatın mənimsənilməsini gücləndirir, öyrənməni dərinləşdirir, yadda saxlamanı artırır..."
 
"Tam rəqəmsal  təhsil modeli   risklər də yarada bilər, məsələn:  diqqət dağınıqlığı, səthi öyrənmə, ekran asılılığı, sosial bacarıqların zəifləməsi, oxu mədəniyyətinin geriləməsi, tənqidi düşüncənin zəifləməsi v. s..."  
 
“Son illərin təcrübəsi sübut edir ki, nə tam rəqəmsal məktəb, nə də tam ənənəvi məktəb optimal model deyil.    Süni intellekt əsrində təhsil sisteminin əsas vəzifəsi texnologiyanı təhsilin mərkəzinə qoymaq deyil, insanı mərkəzdə saxlamaqla  fəallığını artırmaqdır...”
 
“Qarabağ Universiteti “  növbəti 10-15 ildə  müasir təhsil modelinə keçmək istəyirsə, əsas məqsəd  "daha çox rəqəmsallaşmaq" yox,   “insan zəkası + süni zəka”   modeli  qurmaq olmalıdır.
 
“Gələcəyin ən uğurlu məzunu Sİ-dən istifadə etməyi bacaran yox, Sİ -nin verdiyi cavabları tənqidi qiymətləndirə bilən insan olacaqdır...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə ““Təhsildə rəqəmsallaşma paradoksu...- Məktəb təhsilinin rəqəmsallaşma problemləri” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Süni intellekt dövründə təhsil necə dəyişəcəkdir?..  
 
Bu məsələ  XXI əsr təhsil fəlsəfəsinin əsas  problemlərindən  biridir. Uzun illər ərzində texnologiyanın təhsilə  inteqraiyası tərəqqi, inkişaf  və modernləşmə kimi qiymətləndirilirdi. Lakin son illərdə İsveç, Finlandiya, Norveç, Niderland v.s. inkişaf etmiş ölkələrdə aparılan tədqiqatlar göstərir ki, rəqəmsallaşma ilə təhsilin keyfiyyəti arasında əlaqə düşündüyümüz qədər sadə deyilmiş.   XXI əsrin əvvəllərində təhsil siyasətçiləri, texnologiya şirkətləri və  ekspertlər hesab edirdilər ki, məktəblərin rəqəmsallaşdırılması təhsilin keyfiyyətini avtomatik olaraq yüksəldəcək. Planşetlər, elektron dərsliklər, smart lövhələr və onlayn platformalar gələcəyin məktəbinin əsas atributları kimi təqdim olunurdu.  
Bu məsələlərdə  lider ölkələrindən biri də İsveçdir.   İsveç hökuməti uzun illər məktəblərdə rəqəmsal texnologiyaların geniş tətbiqini dəstəkləmiş, şagirdlərin planşet və kompüterlərlə işləməsinə xüsusi diqqət ayırmışdı.  Lakin son illərdə  bu məsələyə fərqli baxış yaranıb. Belə ki, İsveç hökuməti məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdırmağa, elektron vasitələrin payını azaltmağa və fiziki kitablarla əl yazısına yenidən üstünlük verməyə başlayıb...
Bəs təhsilin  rəqəmsallaşması  həmişə  müsbət nəticə verirmi?..
 
İsveç nəyi yenidən qiymətləndirir?..  
 
İsveç hökumətinin və təhsil ekspertlərinin narahatlığı texnologiyadan yox, onun tədris prosesində həddindən artıq və düşünülməmiş istifadəsindən qaynaqlanır.  Araşdırmalar göstərir ki, şagirdlərin oxuyub-anlama bacarıqlarında gerilik var. Onarın uzun mətnləri qavrama qabiliyyəti zəifləyir, davamlı olaraq diqqətin  cəmləşdirilməsi çətinləşir. Digər tərəfdən əl ilə yazı  bacarıqları azalır, dərin düşünmə və refleksiya qabiliyyətləri zəifləyir.  Bu problemlər yalnız İsveçdə deyil, digər inkişaf etmiş ölkələrdə də müşahidə olunur... 
 
Texnologiya  niyə  gözlənilən  nəticəni  vermədi?  Bunun səbəbi  texnologiya deyil, əsas səbəb  texnologiyanın pedaqogikadan daha sürətlə inkişaf etməsidir.  Texnologiya təhsilə gələndə ümid edilirdi ki,  texnologiyalardan daha  çox istifadə təhsilin ənənəvi problemlərini asan həll edəcək, daha keyfiyyətli təhsil yaranacaqdır.  Lakin sonrakı təcrübə və  tədqiqatlar göstərdi ki, daha çox texnologiya  heç də daha yaxşı təhsil  deyil. Çünki  öyrənmə prosesi yalnız informasiyanın əldə olunmasından ibarət deyil,  öyrənmə diqqət, təfəkkür, yaddaş, refleksiya, emosional iştirak kimi mürəkkəb mexanizmlərə əsaslanmalıdır...
 
Pedaqoji  tədqiqatlar texnologiyadan geri  qalır…  
 
Problem budur ki, texnologiya elmdən və praktik təcrübədən  daha sürətlə inkişaf edir.  Yeni tətbiqlər, sosial şəbəkələr, planşetlər və süni intellekt sistemləri bazara  sürətlə daxil olur. Lakin onların diqqətə, yaddaşa,  düşünmə qabiliyyətinə təsirini təyin etmək üçün   uzunmüddətli  tədqiqatlara ehtiyac var, buna   bəzən 10 il vaxt   tələb oluna bilər... 
 
Beləliklə, müasir  təhsil sistemləri  həm də eksperimental laboratoriyaya çevrilir, əvvəl texnologiya tətbiq edilir, xeyli  sonra isə onun nəticələri öyrənilir.  Bu  isə müəyyən risklər yaradır...
 
Kağız daşıyıcıda kitab və  ekran arasında fərq...  
 
Son illərdə aparılan tədqiqatlar göstərir ki, kağız üzərində oxuma ilə ekrandan oxuma arasında fərqlər var.  Kağız kitab mətnin strukturunu daha yaxşı qavramağa kömək edir, uzunmüddətli yaddaşı gücləndirir, diqqətin dağılmasını azaldır. Ekran oxusu isə sürətli baxış, skan etmə, səthi qavrama  ilə müşayiət olunur.  Bu səbəbdən bir çox alimlər xüsusilə orta məktəb mərhələsində fiziki kitabların vacibliyini vurğulayırlar...
 
Əl  yazısının beyinə  təsiri...  
 
Müasir neyrobiologiya  ortaya maraqlı nəticələr qoymuşdur.  Əl  yazısında  görmə, diqqət, yaddaş eyni anda fəallaşır. Bu səbəbdən əl yazısı məlumatın mənimsənilməsini gücləndirir, öyrənməni dərinləşdirir, yadda saxlamanı artırır.  Klaviatura ilə yazmaq daha sürətlidir, lakin bu sürət  hələ keyfiyyət deyil...
 
Süni intellekt dövründə  təhsildə  elektron vasitələrdən imtina  mümkündürmü?..  
 
Xeyr.  Bu nəinki mümkün deyil, heç məqsədəuyğun da   deyil.  Çünki gələcəyin iqtisadiyyatı rəqəmsal bacarıqlar, süni intellekt, məlumat savadlılığı  üzərində qurulacaq.  Əgər məktəb şagirdi bu texnologiyalarla işləməyi öyrənməsə, gələcəyin əmək bazarında çətinliklərlə qarşılaşa bilər. Problem  texnologiyadan imtinada  deyil, ondan daha ağıllı istifadədədir... 
 
Tam rəqəmsal məktəb niyə risklidir?.. 
 
Tam rəqəmsal  təhsil modeli   risklər də yarada bilər, məsələn:  diqqət dağınıqlığı, səthi öyrənmə, ekran asılılığı, sosial bacarıqların zəifləməsi, oxu mədəniyyətinin geriləməsi, tənqidi düşüncənin zəifləməsi v. s.  Bu səbəbdən tam rəqəmsallaşma optimal model hesab edilmir...
 
Ənənəvi  məktəbə  tam qayıdış  düzgündürmü?..  
 
Xeyr.  Çünki  yalnız kağız kitab və lövhə üzərində qurulan məktəb   XXI əsrin tələblərinə cavab verə bilməz. Belə modeldə  rəqəmsal bacarıqlar zəif inkişaf edir, Sİ savadlılığı formalaşmır, texnologiya ilə işləmək bacarıqları yaranmır.  Bu isə gələcəyin iqtisadiyyatına uyğun deyil. 
 
Ən düzgün model  hibrid  təhsildir...  
 
Müasir tədqiqatların gəldiyi nəticə budur ki, ən məqsədəuyğun yanaşma  hibrid  modeldir.  Bu modeldə  kağız  kitab  oxu, ədəbiyyat, humanitar fənlərdə,  əl  yazısı ibtidai siniflərdə  əsas anlayışların öyrədilməsində səmərəlidir.  Rəqəmsal  vasitələr  isə layihələr, tədqiqatlar, proqramlaşdırma, Sİ  tətbiqləri üçün istifadə edilir...
 
Azərbaycan üçün hansı model  uyğundur?..  
 
Azərbaycan üçün ən optimal yanaşma  I–IV siniflərdə  kitab əsaslı təhsil, minimum ekran istifadəsi, əl yazısı,  V–IX siniflər siniflərdə  qarışıq model və məhdud rəqəmsal alətlər,  X–XI siniflərdə  Sİ savadlılığı, rəqəmsal layihələr, tədqiqat yönümlü təhsil daha faydalı ola bilər. Bu yanaşma həm klassik təhsilin üstünlüklərini qoruyar, həm də şagirdləri süni intellekt dövrünə hazırlayar.
 
Beləliklə, İsveç təcrübəsi göstərir ki, təhsildə texnologiyanın tətbiqi özlüyündə məqsəd deyil. Texnologiya yalnız öyrənmənin keyfiyyətini artırdığı halda dəyərlidir. Son illərin təcrübəsi sübut edir ki, nə tam rəqəmsal məktəb, nə də tam ənənəvi məktəb optimal model deyil. Süni intellekt əsrində təhsil sisteminin əsas vəzifəsi texnologiyanı təhsilin mərkəzinə qoymaq deyil, insanı mərkəzdə saxlamaqla  fəallığını artırmaqdır...
 
Gələcəyin məktəbi kitab və planşet arasında seçim etməyəcək. Onların hər birinin öz yeri var,  əsas  məsələ elmi əsaslarla istifadə edərək, balanslaşdırılmış təhsil modeli qurmaqdır.
 
Təhsilin məqsədi rəqəmsal məktəb yaratmaq deyil, düşünən, oxuyan, yaradan və texnologiyanı idarə edən insan yetişdirməkdir...
 
UNİVERSİTET TƏHSİLİNİN RƏQƏMSALLAŞMA PROBLEMLƏRİ...
 
"Google nəsli"ndən "Sİ nəsli"nə keçid... 
 
KİV yazır ki,  İsveçdə məktəblərdə müşahidə olunan problem- təhsildə rəqəmsallaşmadan ehtiyat edilməsi, mobil telefon və planşetlərdən istifadənin  məhdudlaşdırılması, gələcəkdə   universitetlərdə  özünü daha qabarıq şəkildə  göstərəcəkdir.   Problem  universitet səviyyəsində məktəb  səviyyəsindən daha mürəkkəb və daha təhlükəli formada  artıq özünü göstərir. Çünki universitetdə söhbət artıq sadəcə oxu-yazı bacarıqlarından deyil, analitik təfəkkürdən, elmi düşüncədən, tədqiqat qabiliyyətindən və peşəkar kompetensiyalardan gedir...
 
2008-ci ildə britaniyalı alimlər maraqlı bir anlayış irəli sürmüşdülər- “Google Nəsli” (Google Generation).  Bu nəsil  məlumatı yadda saxlamağa çalışmır,  məlumatı haradan tapacağını bilir,  uzun mətn oxumağa həvəs göstərmir, sürətli cavab axtarır... 
 
Bu gün isə yeni mərhələyə keçirik- Sİ nəsli (AI Generation).  Artıq tələbə də məlumatı axtarmır.  Sİ onun yerinə  axtarır, təhlil edir, yazır, təqdimat hazırlayır. Bu isə bir sıra  problemlər yaradır: 
 
Problem 1.  Dərin oxu qabiliyyətinin zəifləməsi...  
 
Universitet müəllimləri son illərdə ciddi bir tendensiya müşahidə edirlər.  Bir çox tələbə 200 səhifəlik kitabı oxuya bilmir, elmi məqaləni sona qədər izləyə bilmir, uzun arqument zəncirini başa düşməkdə çətinlik çəkir.  Halbuki universitet təhsilinin əsasını mətnlə işləmək, arqument qurmaq, nəzəriyyələri müqayisə etmək təşkil edir.
 
Problem 2.  Səthi bilik sindromu...  
 
İnternet və Sİ tələbədə belə illüziya yaradır: "mən bilirəm."  Halbuki o məlumatı əldə edib, amma mənimsəməyib.  Bu fenomen bəzən “bilik illüziyası” (Illusion of Knowledge) kimi də  adlandırılır. Tələbə cavabı tapır. Lakin cavabın məntiqini anlamır.
 
Problem 3. Akademik yazı  böhranı...  
 
Bir çox universitetlərdə müşahidə olunur ki, tələbələr esse yazmaqda, məqalə hazırlamaqda, arqument qurmaqda  çətinlik çəkirlər.  Çünki uzun illər qısa mesajlar, sosial media, sürətli kontent  ilə işləyiblər. Elmi yazı isə tamamilə başqa düşüncə rejimi tələb edir...
 
Problem 4.  Sİ asılılığı...  
 
Yeni problem artıq ChatGPT ilə bağlıdır. Bir çox tələbə referatı özü yazmır, Sİ -yə yazdırır. Məqaləni özü təhlil etmir, Sİ-dən xülasə alır.  Təqdimatı özü hazırlamır, Sİ-dən yaradır.  Qısamüddətli baxımdan bu rahat görünür.  Lakin uzunmüddətli nəticə təhlükəlidir: tələbə düşünmə  qabiliyyətini məşq etdirmir.
 
Problem 5.  Tənqidi düşüncənin zəifləməsi... 
 
Universitet təhsilinin əsas məqsədi məlumat vermək deyil.  Əsas məqsəd sual verməyi öyrətməkdir. Sİ  dövründə isə tələbə çox vaxt cavabı hazır əldə edir.  Bu isə risk yaradır, belə ki, cavab çoxalır, sual azalır. Halbuki elmi inkişaf sualdan başlayır...
 
Problem 6. Diqqət böhranı...  
 
Professorlar qeyd edirlər ki, 1990-cı illərin tələbəsi 40-50 dəqiqə diqqət saxlaya bilirdi.  Bu gün isə bir çox tələbə 10-15 dəqiqədən sonra diqqətini itirir.  Bunun səbəbləri “TikTok”, “Instagram”,  qısa video formatları, daim bildirişlərdir. 
Beləliklə, beyin sürətli stimullara öyrəşir.  Universitet isə dərin diqqət tələb edir.
 
Problem 7.  Tədqiqat mədəniyyətinin zəifləməsi…  
 
Əsl universitet hazır cavab öyrədən yer deyil, yeni bilik yaradan yerdir.  Lakin rəqəmsal mühit tələbəni istehlakçıya çevirə bilər. Tədqiqatçı isə araşdırır, şübhə edir, yoxlayır, eksperiment aparır.  Bu bacarıqlar xüsusi olaraq inkişaf etdirilməlidir...
 
Süni intellekt  universiteti ləğv edəcəkmi?
 
Xeyr. Əksinə.  Universitetin rolu daha da vacibləşəcək. Lakin universitetin funksiyası dəyişəcək.  Əvvəllər Universitet  bilik mənbəyi  idi.  İndi isə Universitet  düşünmə laboratoriyası  olmalıdır…
 
Gələcəyin Universiteti...  
 
Sİ  dövründə universitet aşağıdakı bacarıqları inkişaf etdirməlidir: tənqidi düşüncə, elmi metodologiya, mənbələrlə işləmək,  mürəkkəb problemləri həll etmək,  yaradıcılıq,  etik qərarvermə,  Sİ  ilə işləmə bacarıqları…
Universitetlərimiz üçün dərs... 
 
Universitetlərimizin inkişafı müxtəlif səviyyələrdədir. Son 25 ildə TN və  ETN tərəfindən ali təhsilin inkişafına hər hansı marağın olduğunu hiss etmədik, nazirlik daim “Maarif nazirliyi” funksiyasını yerinə yetirib.  Ali təhsil sisteminin   davamlı monitorinqinin   aparılmadığı səbəbi ilə  universitetlərin rəqəmsallaşması istiqamətində  konkret təkliflər vermək çətindir.  Bu sahədə heç sistemli tədqiqatlar da heç vaxt aparılmayıb.  
 
Yeni yaradılan “Qarabağ Universiteti “  üçün bu istiqamətdə  bəzi təkliflər vermək olar. “Qarabağ Universiteti “  növbəti 10-15 ildə  müasir təhsil modelinə keçmək istəyirsə, əsas məqsəd  "daha çox rəqəmsallaşmaq" yox,   “insan zəkası + süni zəka”   modeli  qurmaq olmalıdır... 
 
Kitabı qorumaq,  akademik yazını qorumaq,  tənqidi düşüncəni qorumaq,   eyni zamanda da Sİ alətlərini, rəqəmsal platformaları, data analitikasını  tədrisə inteqrasiya etmək  lazımdır. Ümumiyyətlə, bizim  “Qarabağ  Universiteti”nin inkişafı ilə əlaqədar bir sıra ideyalarımız  və  konkret  təkliflərimiz var.  Əgər  ETN  inkişafda maraqlıdırsa (buna şübhəm var),  bu  təklifləri müzakirə edə bilərik... 
 
Göründüyü kimi,  İsveç  məktəblərində başlayan müzakirəlr  universitetlər üçün daha ciddi xəbərdarlıqdır. Təhsilin rəqəmsallaşması  ilə əlaqədar  yaranan problemlər  texnoloji problemlər  deyil. Təhlükə  və risklər  texnologiyanın  tədricən düşüncəni əvəz etməsindədir.  Əgər məktəblər  və universitetlər yalnız rəqəmsallaşmanı məqsəd kimi qəbul etsələr, nəticədə məlumatı sürətlə əldə edən, lakin onu dərin təhlil edə bilməyən məzunlar yetişə bilər.  
 
Süni intellekt dövründə  müasir  universitetlərin əsas missiyası məlumat vermək deyil, düşünməyi, araşdırmağı və süni intellektlə birlikdə işləməyi öyrətməkdir. Gələcəyin ən uğurlu məzunu Sİ-dən istifadə etməyi bacaran yox, Sİ -nin verdiyi cavabları tənqidi qiymətləndirə bilən insan olacaqdır..."
 
Müəllif: dosent İlham Əhmədov