Bu gün XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri Jan Pol Sartrın doğum günüdür.
 




Moderator.az Kulis.az-a istinadla onun "Ürəkbulanma" romanından bir hissəni Gülər Qasımovanın tərcüməsində təqdim edir.
 
Mənim həyatımda sərgüzəşt olmayıb. Mənim həyatımda tarix, hadisə, əhvalat olub. Amma sərgüzəşt olmayıb. Və başa düşməyə başlayıram ki, burada məsələ sözlərdə deyil. Elə bir şey olub ki, mən dərk etmədən onu dünyada hər şeydən qiymətli bilmişəm. Bu sevgi olmayıb, aman Allahım, yox, nə şöhrət nə də var-dövlət olub. Bu… Ümumiyyətlə, mən təsəvvür etdim ki, müəyyən dəqiqələrdə həyatım nadir, qiymətli məna alıb. Bunun üçün hansısa xüsusi şəraitə ehtiyac olmayıb, sadəcə bir az dəqiqlik lazım olub.
 
İndiki həyatım o qədər də parlaq deyil, bəzən, məsələn kafedə musiqi çalınanda mən geri qayıdırdım və özümə deyirdim: günlər olub mən Londonda, Meknesdə, Tokioda gözəl dəqiqələr yaşamışam, mənim sərgüzəştlərim olub. Bax, indi bunu mənim əlimdən alırlar. Heç bir səbəb olmadan birdən başa düşdüm ki, mən özümü on il aldatmışam. Sərgüzəştlər kitablarda olur. Düzdür, kitablarda danışılan hər şey həyatda da ola bilər, amma olduğu kimi yox.
 
Məhz bunun necə baş verdiyini qiymətləndirirdim. Birincisi, başlanğıc gərək əsl başlanğıc olsun. Heyf! Mən indi nə istədiyimi necə aydın görürəm. Həqiqi başlanğıc boru səsi kimi, caz melodiyalarının ilk notları kimi baş verir, o birdəfəyə kədəri dağıdır, zamanı doldurur. Belə xüsusi gecələr barədə sonralar danışırlar: “Mən gəzirdim, may axşamlarından biri idi”. Gəzirsən, ay çıxıb, heç nə ilə məşğul deyilsən, avaralanırsan, bir az dağınıqsan. Sonra birdən fikir yaranır:” nə isə baş verdi”.
 
Hər nə - məsələn, qaranlıqda nəsə səs eşidirsən və ya küşədən yüngül kölgə keçir. Amma bu digərlərinə oxşamayan kiçik hadisədir - o dəqiqə hiss edirsən ki, o nə isə xüsusi bir şey barədə xəbərdarlıq edir, o nə isə hələ ki, qaranlıqdadır və öz-özünə deyirsən : “Nə isə başlayır”. Sona çatmaq üçün nə isə başlayır: sərgüzəşt uzunçuluğu sevmir; onun məğzi məhvindədir. Bu məhv ola bilər mənim də məhvim olsun, bu məhv məni cəlb edir. Elə bil ki, hər an ancaq ona görə yaranır ki, ardınca gələnləri özü ilə aparsın.
 
Hər anı hədsiz qiymətləndirirəm, bilirəm ki o təkrarolunmazdır, dəyişilməzdir, amma həm də onun yox olmasına mane olmaq üçün barmağımı da tərpətmirəm. Bilirəm ki, bu Berlində və ya Londonda dünən tanış olduğum qadının qucağında keçirdiyim sonuncu dəqiqədir, ehtirasla sevdiyim dəqiqə, sevməyə hazır olduğum qadın artıq ötüb keçir. Başqa ölkələrə gedəcəm. Həmin qadını daha heç vaxt görməyəcəm, həmin gecə daha heç vaxt təkrar olunmayacaq.
 
Hər saniyənin üzərinə əyilirəm, çalışıram onu dibinə qədər yaşayım, hər şeyi ilə birlikdə - gözəl gözlərin ötəri mehribanlığını, küçə səslərini, şəfəqin aldadıcı işığını içimə çəkmək istəyirəm, özümdə həmişəlik həkk etmək istəyirəm, amma dəqiqə keçir, mən isə onu saxlamıram, onun getməsi xoşuma gəlir. Sonra nə isə parçalanır. Sərgüzəşt bitdi, zaman yenidən özünün gündəlik halını alır. Dönüb baxıram: arxamdakı gözəl musiqili forma keçmişə dəfn edilir. O itərkən balacalaşır, büzüşür və bax artıq başlanğıcla qarışıb.
 
Bu qızıl nöqtəni baxışımla ötürərkən fikirləşirəm ki, hətta bilsəm ki, həyatla vidalaşacam, vardan-yoxdan çıxacam, dostumu itirəcəm yenə də hər şeyi eyni şəraitdə əvvəldən sona qədər yaşamağa razılaşaram. Amm sərgüzəşti nə təkrar etmək olar nə də uzatmaq. Bax mən bunu istəyirdim, indi də istəyirəm. Zənci qadın oxuyanda məni hədsiz xoşbəxtlik bürüyür. Həyatım həmin musiqi notlarından ibarət olsaydı belə yüksəklərə çata bilərdim.
 
Fikir, ifadə edilə bilməyən fikir isə hələ də buradadır. O soyuqqanlılıqla gözləyir. Mənə elə gəlir ki, o deyir: “ Deməli belə, hə? Deməli sənin istədiyin bu imiş? Bax məhz elə bu səndə heç vaxt olmayıb. ( yadına sal: sən özünü söz oyunu ilə aldatmısan, elə bilmisən ki, sərgüzəşt zavallı səyahətlərindir, fahişə qızlardır, dalaşmaqdır, oyun oynamaqdır) və heç vaxt da olmayacaq, nə səndə nə də bir başqasında”. Axı niyə? Niyə?
 
Oxucu oxu zalına necə girdiyimi görmədi. O zalın dərinliyində, küncdəki sonuncu stulda oturmuşdu; qarşısında kitab var idi, amma oxumurdu. Gülümsəyərək sağ tərəfindəki qonşusunakitabxanaya tez-tez gələn pinti gimnazistə baxırdı. Gimnazist onun baxışlarına bir az dözəndən sonra birdən üzünə dəhşətli ifadə verib, Oxucuya dilini çıxardı. Oxucu qızardı və tələsik burnunu kitabın içinə salıb, oxumağa başladı. Mən isə dünənki fikirlərimə qayıtdım. Məni fikir götürüb: məsələ onda deyil ki mənim macəram olmayıb, bu heç vecimə də deyil. Mən başqa şeyi bilmək istəyirəm - onlar ümumiyyətlə ola bilərdilərmi.
 
Mühakimələrim ondan ibarətdir ki, ən bayağı hadisənin macəraya çevirilməsi üçün onu danışmaq bəsdir. Məhz bu insanları aldadır - hər bir insan hadisələrin nağılçısıdır, o həmişə özünün, başqalarının, öz başına gələn hadisələrin əhatəsində yaşayır. Bütün həyatını danışdığı hekayə kimi yaşamaq istəyər. Amma seçmək lazımdır:ya yaşamaq, ya da danışmaq. Məsələn, Hamburqda hansısa Erna ilə çox qəribə həyat tərzi keçirirdim, mən ona inanmırdım, o isə məndən qorxurdu. Amma mən o həyatın içində idim deyə həyat haqqında düşünmürdüm. Bir dəfə axşam Sankt-Paulda balaca bir kafedə o tualetə getməli oldu.
 
Mən tək qaldım, patefonda “Blue sky” mahnısı çalınırdı. Mən Hamburqa gələndən sonra başıma gələnləri özümə danışmağa başladım. Özümə dedim: üçüncü gün axşam “Mavi mağara” rəqs klubuna getdim və orada hündür, yarıkefli qadın gördüm. İndi “Blue sky” mahnısını dinləyərək bu qadını gözləyirəm. İndicə gələcək, yanımda oturub, boynumdan sallanacaq”. Birdən hiss etdim ki, macəra yaşayıram.
 
Amma Erna qayıtdı, yanımda oturub, boynumdan sallandı və özüm də bilmirəm niyə, o dəqiqə ona nifrət etdim. İndi bilirəm niyə, yenə də yaşamağa başlamaq lazım idi, macəra hissi itmişdi. Yaşayanda heç bir macəra baş vermir. Səhnələr dəyişir, insanlar gəlirlər, gedirlər, vəssalam. Heç vaxt heç bir başlanğıc olmur. Günlər mənasız, sonsuz, yeknəsaq şəkildə bir-birinə əlavə olunurlar. Bəzən bir balaca nəticəyə gəlirsən, özünə deyirsən, bax artıq üç ildir səyahət edirəm, üç ildir ki Buvildəyəm.
 
Sonluq da yoxdur - qadın, dost və ya şəhər həmişəlik dəyişmir. Sonda hər şey bir-birinə oxşayır - qoy olsun Şanxay, Moskva və ya Əlcəzair, bir neçə on ildən sonra hamısı bir sifətdə birləşir. Bəzən - nadir hallarda - öz vəziyyətini diqqqətlə yoxlayırsan, görürsən səni hansısa qadın kəməndə salıb, hansısa zibil hadisənin içinə girmisən. Amma bu qısa andır. Sonra hər şey əvvəlki kimi davam edir, yenə də günləri, saatları yığmağa başlayırsan. Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə. Aprel, may, iyun. 1924, 1925, 1926. Bu yaşamaq adlanır.
 
Amma həyatını danışanda hər şey dəyişir, sadəcə heç kim bu dəyişikliyi hiss etmir, bax, bu da bir sübut: insanlar məqsədsiz şəkildə həqiqətə uyğun hekayələr danışırlar. Elə bil ki, tarix ümumiyyətlə həqiqət ola bilərmiş; hadisələr xüsusi ardıcıllıqla baş verib, biz isə onu geriyə doğru danışırıq. Bizə elə gəlir ki, biz başdan başlayırıq. “ Bu hadisə 1922-ci ilin xoş payız axşamında baş verib. Mən Maromme notariusunda poçtalyon işləyirdim”. Amma əslində axırdan başlayırsan. Sonluq buradadır, o gözə görünmədən iştirak edir, o başlanğıca təmtəraqlı məna verir. “Mən gəzməyə çıxdım və hiss etmədən şəhərdən uzaqlaşdım, məni pul məsələləri düşündürürdü”.
 
Bu ifadə, belə götürəndə, sadəcə bildirir ki, söhbətin getdiyi qəhrəman fikirlərə qərq olub, qaşqabaqlıdır və hansısa macəradan xeyli uzaqdır - daha doğrusu elə əhval ruhiyyədə olanda ətrafında baş verən hər şey yanından keçir. Amm axı sonluq da buradadır, yaxınlıqdadır, o hər şeyin formasını dəyişdirir. Bizim üçün adlandırılmış personaj artıq hadisənin qəhrəmanıdır. Onun qaşqabaqlı olması, onun pul problemləri bizim problemlərimizdən daha qiymətlidir, onu gələcək macərann işığı qiymətə mindirib. Və hekayə sondan əvvələ doğru cərəyan edir. Bir anlıq görüntülər bir-birinin üstünə bəxtə-bəxt yıxılmaqdan əl çəkirlər, hadisənin sonluğu onlara yapışıb, özünə çəkir, onların da hər biri özündən sonra gələn anı arxasınca dartır. “Gecə idi, küçə boş idi”.
 
İfadə elə bil ki, təsadüfən atılıb, artıq görünür, amma bizi aldatmaq olmaz, onu bir kənara qoyuruq, bu ifadənin əhəmiyyətini tezliklə görəcəyik. Bizdə belə hiss yaranır, elə bil ki, qəhrəman bu gecəni əlamətləri ilə, bütün təfsilatı ilə yaşayıb və hətta elə görünür ki, o ancaq həmin mühüm dəqiqələri yaşayıb, macəraya aparan hər şeyə qarşı kor, kar olub. Biz unuduruq ki, gələcək hələ orada deyil, bu qəhrəman sadəcə gecə gəzir, gecə isə bütün əlamətlərdən məhrumdur, o növbə ilə personaja öz yeknəsaq xəzinəsini təklif edir, o da seçmədən götürür.
 
Mən istərdim, həyatımın anları bir-birinin ardınca gəlsin, səliqə ilə elə dayansınlar ki, onları həyatının bir anı kimi xatırlayasan. Bu isə zamanın quyruğundan yapışmağa çalışmaq kimi bir şeydir.