“Elm və təhsil naziri  deyir ki, repetitorluğu ləğv etmək mümkün deyil.  Bəzi  ekspertlər hesab edirlər ki, repetitorluq birdən-birə aradan qaldırılsa, ali məktəblərə qəbul göstəricilərində ciddi azalma baş verər.  Bu fikirlər əsassız deyil...”
 




“Repetitorluq dünyanın əksər ölkələrində mövcuddur. Amma heç bir ölkədə bu bizdəki qədər kütləvi deyil. Dərsliklərin keyfiyyətsizliyi də buna xidmət edir...”
 
“Təhsil siyasətinin uğuru repetitorların sayının artması ilə deyil, repetitorsuz uğur qazanan şagirdlərin sayının artması ilə ölçülməlidir...”  
 
“Görünür, burda məmurların hansısa maraqları var, yoxsa, necə ola bilər ki, nazirlik belə böyük büdcə qarşılığında 30  ildə  10 fəndən normal dərslik  yaza bilməsin?..”
 
“Əgər məktəb  keyfiyyətli təhsil verirsə, qəbul proqramını tam mənimsədirsə, fərdi dəstək göstərə bilirsə,  onda  repetitorluğa kütləvi ehtiyac yaranmazdı...”
 
“Məktəb yalnız bilik vermir. Onun digər missiyası sosiallaşma, vətəndaşlıq tərbiyəsi,  dəyərlərin formalaşdırılmasıdır.  Repetitor isə yalnız imtahan nəticəsinə fokuslanır...”
 
“Repetitorluğun birdən-birə qadağan edilməsi məqsədəuyğun deyil.  Lakin onun təhsil sisteminin  əsas sütununa çevrilməsi də düz  deyil...”
 
Tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov Moderator.az-ın “Elm və təhsil naziri buyurur ki, repetitorluğu ləğv etmək mümkün deyil. Doğrudan da, repetitorluq ləğv olunsa və təhsilimiz yalnız indiki orta məktəblər və bir neçə babat liseyin ümidinə qalsa, nə baş verər: onsuz da bərbad təhsilimiz hansı günə düşər? Hər tədris ilinin sonunda ali məktəblərə qəbul olanların sayı nə dərəcədə azalar?” suallarını aşağıdakı “Repetitorluq: təhsilin xilası, yoxsa iflasıdır?” başlıqlı aşağıdakı elmi analitik təhlili ilə cavablandırıb:

“Repetitorluq  son 35 ildə  Azərbaycanda formalaşmış  ciddi təhsil problemidir. Bu gün ölkədə yüz  minlərlə şagird məktəbdən əlavə (çox vaxt isə məktəbdən yayınıb),  repetitor yanına gedir.  Ailələr aylıq gəlirlərinin xeyli hissəsini repetitorlara xərcləyirlər. Bir çox  hallarda şagirdin  təhsil məkanı məktəb deyil, repetitor  ofisidir.  Nəticədə dövlət milyardlarla manat hesabına məktəblər saxlayır, müəllimlərə maaş ödəyir, infrastruktur yaradır, lakin ali məktəbə qəbul prosesində əsas rol məktəbin yox, repetitorun üzərinə düşür. 
Repetitorluq təhsil sisteminin problemini  həll edir, yoxsa  ona  problem yaradır?..
 
Repetitorluq niyə yaranıb?..
 
Repetitorluq təsadüfən yaranmayıb.   O, təhsil sistemində  yaranmış struktur boşluğun nəticəsidir.  Əgər məktəb  keyfiyyətli təhsil verirsə, qəbul proqramını tam mənimsədirsə, fərdi dəstək göstərə bilirsə,  onda  repetitorluğa kütləvi ehtiyac yaranmazdı.   Repetitorluğun geniş yayılması məktəbin öz funksiyalarını  yerinə yetirə bilmədiyinin göstəricisidir.  Bu mənada repetitorluq səbəb deyil,  nəticədir…
 
Kölgə təhsil sistemi…
 
Repetitorluq  çox ölkələrdə mövcuddur.  Lakin  bizdə repetitorluq artıq fərdi əlavə xidmət deyil,  paralel təhsil sistemidir.  Bu sistem vergidən, dövlət nəzarətindən kənardır, statistik uçotda görünmür,  heç bir keyfiyyət standartlarına malik deyil.  Buna görə də beynəlxalq ədəbiyyatda bu fenomen  kölgə təhsil sistemi adlandırılır.   Əslində ölkədə iki təhsil sistemi fəaliyyət göstərir: rəsmi məktəb sistemi və qeyri-rəsmi repetitor sistemi.  Çox vaxt ikinci sistem birincidən daha təsirli olur.
 
Repetitorluğun məktəbə təsiri...
 
Repetitorluğun əsas neqativ təsirlərindən biri məktəb  nüfuzunun zəifləməsidir.  Şagird və valideyn düşünür ki,  məktəb onsuz da kifayət deyil, gərək özümüzə  çarə tapaq. Bu çarəni də  repetitorlarda  tapırlar.  Belə olduqda dərsə maraq azalır, müəllimin nüfuzu zəifləyir, məktəbin motivasiya sistemi dağılır. Məktəb əsas təhsil müəssisəsindən formal quruma çevrilməyə başlayır. Bu isə təlim-təhsil proseslərini dağıdır... 
 
Tərbiyə sisteminin deqradasiyası...
 
Məktəb yalnız bilik vermir. Onun digər missiyası sosiallaşma, vətəndaşlıq tərbiyəsi,  dəyərlərin formalaşdırılmasıdır.  Repetitor isə yalnız imtahan nəticəsinə fokuslanır.  Repetitorluq sistemində tərbiyə, sosial fəaliyyət, kollektiv öyrənmə yoxdur.  Repetitor  təhsil modeli insanın yalnız test həll edən varlıq kimi formalaşmasına səbəb olur... 
 
Ailələr üçün iqtisadi yük...
 
Repetitorluğun geniş yayılması ailələr üçün ciddi maliyyə yükü yaradır.  Bir çox ailələr aylıq gəlirlərinin böyük hissəsini,  bəzən də kredit hesabına  təhsil xərclərinə yönəldirlər. Nəticədə ali təhsil almaq imkanları ailənin maliyyə vəziyyətindən asılı olur. Bu isə sosial bərabərliyi pozur...
 
Repetitorluq ləğv edilsə, nə baş verər?

Elm və təhsil naziri   Emin Əmrullayev deyir ki, repetitorluğu ləğv etmək mümkün deyil.  Bəzi  ekspertlər hesab edirlər ki, repetitorluq birdən-birə aradan qaldırılsa, ali məktəblərə qəbul göstəricilərində ciddi azalma baş verər.  Bu fikirlər əsassız deyil. Çünki hazırkı sistemdə qəbul hazırlığının böyük hissəsi repetitorlar tərəfindən həyata keçirilir...
 
Burada bir məqam var: bu, repetitorluğun zəruri olmasını deyil, məktəbin həmin funksiyanı itirməsini göstərir.  Əgər sabah repetitorluq tam qadağan edilsə,  ilk illərdə qəbul nəticələri müəyyən qədər aşağı düşə bilər,  bəzi ixtisaslar üzrə keçid balları azala bilər... 
 
Bunun dəqiq faizini hesablamaq indi  mümkün deyil.  Çünki ölkə üzrə təhsilə dair doğru statistik məlumatlar yoxdur. Ona görə biz  deyirik ki,  məktəb təhsilinə dair datalar saxtadır, real deyil.  Bununla belə, qəbul prosesində repetitorların təsiri nəzərə alınarsa, qısa müddətdə qəbul nəticələrinin nəzərəçarpacaq dərəcədə azalması ehtimalı  var... 
 
Nazirliyin mövqeyi nə dərəcədə doğrudur?..
 
ETN  belə fikir səsləndirilir ki, repetitorluğu ləğv etmək mümkün deyil.  Formal olaraq bu fikir qismən doğrudur.  Repetitorluq dünyanın əksər ölkələrində mövcuddur. Amma heç bir ölkədə bu bizdəki qədər kütləvi deyil. Dərsliklərin keyfiyyətsizliyi də buna xidmət edir. Bu halda  şagirdlər keyfiyyətsiz dərliklərlə sərbəst öyrənə bilmir  və repetitorlara müraciət edirlər. Görünür, burda məmurların hansısa maraqları var, yoxsa, necə ola bilər ki, nazirlik belə böyük büdcə qarşılığında 30  ildə  10 fəndən normal dərslik  yaza bilməsin?..
 
Məsələ repetitorluğu tam sıfırlamaq deyil,  onu sistemin əsas elementindən əlavə xidmətə çevirməkdir.  Məsələn, Finlandiyada, Kanadada, Estoniyada  şagirdlərin böyük əksəriyyəti repetitorsuz universitetə qəbul olur.  Çünki  məktəb öz funksiyasını  tam olaraq yerinə yetirir.  Deməli, problem repetitorun mövcudluğunda  deyil, problem repetitorun məktəbi əvəz etməsindədir...
 
Bəs repetitorluğun sistemli şəkildə azaldılması üçün nə etmək lazımdır?..
 
1. Qəbul imtahanı ilə məktəb kurikulumu arasında tam uyğunluq yaradılmalıdır... 
 
Şagird məktəbdə öyrəndiyi ilə imtahanda qarşılaşmalıdır.  Əgər məktəb proqramı ilə qəbul proqramı fərqlidirsə, repetitor bazarı həmişə yaşayacaq.
 
2. Müasir dərslik və resurslar hazırlanmalıdır...  
 
Ali və orta təhsil üçün müasir dərsliklər, elektron platformalar, video dərslər,  Sİ əsaslı öyrənmə sistemləri yaradılmalıdır.
 
3. Müəllim hazırlığı yenilənməlidir...

Güclü məktəb güclü müəllimlə başlayır. Müəllim, fənni bilməli, müasir metodikaya sahib olmalı,  rəqəmsal alətlərdən istifadə etməlidir. 
 
4. Distant və hibrid təhsil genişləndirilməlidir... 
 
Müasir dünyada keyfiyyətli təhsil yalnız auditoriyada verilmir. Sİ və rəqəmsal platformalar vasitəsi ilə  fərdiləşdirilmiş öyrənmə,  adaptiv testlər, virtual mentorluq  sistemləri qurula bilər. Bu xüsusilə region şagirdləri üçün mühüm əhəmiyyət daşıyır.
 
5. Məktəbdaxili əlavə hazırlıq proqramları yaradılmalıdır...
 
Repetitor bazarını azaltmağın ən effektiv yolu əlavə hazırlığın məktəbin öz daxilində təşkil edilməsidir. Məktəb məsləhətlər, universitetə qəbul hazırlığı, fərdi dəstək proqramları təklif etməlidir...
 
6. Süni intellekt əsaslı milli təhsil platforması yaradılmalıdır... 
 
Gələcəyin repetitoru insan yox,  əsasən süni intellekt olacaq.  Azərbaycan dilində fəaliyyət göstərən Sİ repetitor, Sİ mentor, Sİ test sistemi   yaradılarsa, minlərlə şagird yüksək keyfiyyətli dəstəyə daha az xərclə çıxış əldə edə bilər.
 
Beləliklə görürük ki, repetitorluq problemi əslində repetitorların yaratdığı  problem deyil.  Bu, məktəbin, kurikulumun, qiymətləndirmə sisteminin və təhsil idarəetməsinin problemlərinin nəticəsidir. Yəni, nazirlik keyfiyyətli işləsə, məktəb  daha keyfiyyətli olar, repetitorluq  xeyli azalar, tədricən yox olar…  
 
Repetitorluğun birdən-birə qadağan edilməsi məqsədəuyğun deyil.  Lakin onun təhsil sisteminin  əsas sütununa çevrilməsi də düz  deyil. Əsl məqsəd repetitorluğu ləğv etmək deyil, məqsəd elə  məktəb qurmaqdır ki, repetitorluq zərurət yox,  əlavə seçim olsun…   
 
Təhsil siyasətinin uğuru repetitorların sayının artması ilə deyil, repetitorsuz uğur qazanan şagirdlərin sayının artması ilə ölçülməlidir.  Məhz həmin gün məktəb öz həqiqi funksiyasını bərpa etmiş olacaq…”
 
Təqdim etdi:
Sultan Laçın