“Əlbəttə, övladların şəxsi və ictimai taleyində ataların rolu danılmazdır. Ancaq İlham Əhmədov ata tövsiyələrinə, ata nəsihətlərinə əməl etməklə yanaşı, istər şəxsi, istərsə də ictimai, elmi həyatında məhz öz cığırını, yolunu aça bilmiş ziyalılarımızdandır...”
 




“İlham Əhmədovun fəaliyyəti üç əsas istiqaməti birləşdirir: elmi tədqiqatlar, innovativ texnoloji layihələr və tənqidi-publisistik təhlillər. Bu üçlük onu həm pedaqoq, həm İKT mütəxəssisi, həm də təhsil eksperti kimi digər həmkarlarından fərqləndirir...”
 
“Onun yazılarında tənqid destruktiv deyil, konstruktiv xarakter daşıyır; məqsəd mövcud problemləri göstərməklə yanaşı, onların həlli yollarını da təqdim etməkdir...”
 
"Bütün əngəllərə rəğmən İlham müəllimin bəziləri kimi öz şəxsi maraq və mənafeyi naminə deyil, ümummilli inkişaf, tərəqqi naminə göstərdiyi yorulmaz fəaliyyətin dəyərini də zaman və tarix daha dolğun və dürüst şəkildə verəcək. Həmin fəaliyyətə əngəl olmaq istəyənlər isə heç vaxt heç kəs tərəfindən anılmayacaq..."
 
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından bəri ötən son bir qərinədən çox bir zaman kəsimində ölkənin təhsil cameəsində öz dərin intellekti, savadı, elmi analitik təfəkkürü, Vətənə, xalqa, milli dövlətçiliyə sadiq ruhlu ziyalılığı ilə seçilən nadir alim-pedaqoqlarımızdan biri olan tanınmış təhsil ekserti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədovun bu gün –iyunun 28-də 70 yaşı tamam olur. 
 
1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmış İlham Əhmədovdan bəhs edərkən onun atası, Azərbaycan elm, təhsil və pedaqogikasına böyük töhfələr vermiş görkəmli pedaqoq, pedaqogika və Azərbaycan türkcəsinin tədrisi metodikası üzrə tanınmış alim, nümunəvi bir ziyalı olan professor Bəşir Əhmədovu xatırlamamaq olmur. Əlbəttə, övladların şəxsi və ictimai taleyində ataların rolu danılmazdır. Ancaq İlham Əhmədov ata tövsiyələrinə, ata nəsihətlərinə əməl etməklə yanaşı, istər şəxsi, istərsə də ictimai, elmi həyatında məhz öz cığırını, yolunu aça bilmiş ziyalılarımızdandır...   

İlham Əhmədovun elmi-pedaqoji portretini bütövlükdə nəzərdən keçirərkən onun fəaliyyətinin təkcə ayrı-ayrı layihələr və məqalələr toplusu deyil, Azərbaycan təhsil sistemində ardıcıl şəkildə formalaşan bir innovasiya xətti olduğu aydın görünür. İlham Əhmədov ilə bağlı onun ayrı-ayrı həmkarlarının, ziyalıların ilk şəxsi təəssüratları da bu elmi xəttin nə qədər erkən və sistemli formalaşdığını göstərir... 
 
1978-ci ildə elmi mühitdə baş verən ilk tanışlıq epizodu onun artıq o dövrdə təkcə riyaziyyat bilikləri ilə deyil, pedaqoji düşüncə, metodika və təhsilin idarə olunması kimi daha geniş sahələrə maraq göstərən bir tədqiqatçı kimi formalaşdığını sübut edir. Xüsusilə sovet dövründə Azərbaycanın ən milli ruhlu maarif nazirlərindən biri kimi tanınan akademik Mehdi Mehdizadənin təlim metodları ilə bağlı analitik müzakirələr aparması onun elmi təfəkkürünün erkən dövrdən sistemli xarakter daşıdığını nümayiş etdirir...
 
İlham müəllimin elmi inkişaf yolunun başlanğıcında diqqəti cəlb edən mühüm cəhətlərdən biri orta məktəb illərində qazandığı intellektual bazadır. Xırdalan qəsəbə 2 nömrəli məktəbdə oxuyarkən paralel şəkildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında təhsil alması onun tədqiqatçılıq düşüncəsini erkən formalaşdırmışdı. Keys yanaşması təkcə bilik vermir, həm də problemi analiz etmək, səbəb-nəticə əlaqələrini tapmaq və müstəqil nəticə çıxarmaq bacarığını inkişaf etdirir. İlham Əhmədovun sonrakı elmi fəaliyyətində müşahidə olunan analitik üslubun kökləri məhz bu mərhələyə dayanır...

1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olması onun elmi yolunda əsas dönüş nöqtəsi olub. O, burada riyaziyyatla yanaşı, pedaqoji metodikanın nəzəri əsaslarına da dərindən yiyələnib. Sonrakı illərdə  İlham müəllimin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fəaliyyəti, aspirantura təhsili və 1986-cı ildə Kiyevdə müdafiə etdiyi dissertasiya onun artıq formalaşmış bir elmi tədqiqatçı olduğunu göstərir. “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi” mövzusu isə gələcək fəaliyyətinin əsas istiqamətini – təhsildə texnologiya və metodikanın inteqrasiyasını müəyyənləşdirib...
 
İlham Əhmədovun elmi irsində xüsusilə 1980–1990-cı illərdə yazdığı tədqiqatlar diqqət çəkir. Riyaziyyatın tədrisində alqoritmik yanaşma, proqramlaşdırılmış təlim, kompüter texnologiyalarının tətbiqi və differensial yanaşma kimi ideyalar həmin dövr üçün həm nəzəri, həm də praktiki baxımdan çox qabaqcıl hesab olunurdu. Həmin yanaşmalar bu gün pedaqoji elmdə “kompetensiya əsaslı təhsil”, “rəqəmsal didaktika” və “adaptiv öyrənmə” kimi anlayışlarla ifadə olunur...
 
İlham Əhmədovun innovasiya fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmır. 1992-ci ildə yaradılan elektron test imtahan sistemi, “Ziya-İ” elm-istehsalat müəssisəsi, universitet informasiya portalları və digər layihələr onun ideyadan praktikaya keçid bacarığını nümayiş etdirir. Bu layihələr Azərbaycan təhsilində rəqəmsal transformasiyanın ilkin institutlaşmış formaları kimi qiymətləndirilə bilər...
 
Onun elmi fəaliyyətinin ikinci böyük istiqaməti distant təhsil və təhsilin informatlaşmasıdır. 2000-ci illərdən etibarən yazdığı “Distant təlimin didaktik əsasları”, “Virtual tədris problemləri”, “İnnovativ cəmiyyət və təhsil” kimi əsərlərdə təhsil artıq klassik modeldən çıxaraq qlobal rəqəmsal sistem kimi təqdim olunur. Həmin yanaşma bu günün onlayn və hibrid təhsil modellərinin nəzəri əsasları ilə uyğunluq təşkil edir...
 
İlham Əhmədov təhsil və elmi sahədə geniş fəaliyyət göstərib, 120-dən çox elmi əsərin müəllifidir və Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya,  Qazaxıstan, Moldova, Gürcüstan  və Özbəkistanda keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

2010–2017-ci illərdə Türkiyə və Rusiya universitetlərinin distant təhsil proqramlarında elmi məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci ildə Qazaxıstanda təhsilin müasir problemlərinə dair mühazirələr oxuyub, həmçinin 2011–2013-cü illərdə UNESCO-nun İKT üzrə milli eksperti olub.
 
İlham Əhmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin  təsis etdiyi  “Azərbaycan məktəbi” və  ADPU-nun  təsisçisi olduğu “Təhsildə İKT” jurnallarının Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il  ADPU elmi-metodik şurasının üzvü  kimi ictimai işlərdə fəal iştirak edib. O,  2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə  vətəndaş cəmiyyəti quruculuğu istiqamətində  müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrdə, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert qismində fəaliyyət göstərib.
 
İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları da böyük maraq doğurub, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə götürüb. Onun “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına  2021-ci ildə Türkiyə milli təhsil naziri Ziya Selcuqun ölkəmizə səfəri zamanı da diqqət yetirilib...
 
İlham Əhmədov eyni zamanda Azərbaycan təhsil sisteminin problemlərinə dair tənqidi-analitik yazıları ilə də tanınır. Paralel.az, Tehsil.az, Moderator.az, Azpolitika.az və digər platformalarda dərc olunan məqalələrində o, təhsilin keyfiyyət göstəriciləri, idarəetmə mexanizmləri, müəllim hazırlığı və rəqəmsallaşmanın formal tətbiqi kimi məsələləri açıq və sistemli şəkildə təhlil edir. Onun yazılarında tənqid destruktiv deyil, konstruktiv xarakter daşıyır; məqsəd mövcud problemləri göstərməklə yanaşı, onların həlli yollarını da təqdim etməkdir...
 
Bu analitik yanaşma xüsusilə pandemiya dövründə daha da aktuallaşdı. Distant təhsilin tətbiqində yaranan problemlərlə bağlı yazıları, TV çıxışları və ekspert rəyləri real vəziyyətin elmi diaqnozu kimi çıxış edirdi. İlham müəllim təhsil sistemində rəqəmsallaşmanın yalnız texniki deyil, həm də metodoloji və idarəetmə məsələsi olduğunu dəfələrlə vurğulayıb.
 
Beləliklə, İlham Əhmədovun fəaliyyəti üç əsas istiqaməti birləşdirir: elmi tədqiqatlar, innovativ texnoloji layihələr və tənqidi-publisistik təhlillər. Bu üçlük onu həm pedaqoq, həm İKT mütəxəssisi, həm də təhsil eksperti kimi digər həmkarlarından fərqləndirir.
 
Bu gün İlham müəllimin elm və təhsilimizin doğrudan da çox ciddi problemləri barədə tənqidi, elmi analitik məqalə və araşdırmaları bəlkə də bir sıra dairələri, kimlərisə narahat edir, qıcıqlandırır. Fəqət ziyalı alim usanmadan, çəkinmədən fəaliyyətini davam etdirir. Atalar deyib ki, dağ uzaqdan daha yaxşı görünür. Bütün əngəllərə rəğmən İlham müəllimin bəziləri kimi öz şəxsi maraq və mənafeyi naminə deyil, ümummilli inkişaf, tərəqqi naminə göstərdiyi yorulmaz fəaliyyətin dəyərini də zaman və tarix daha dolğun və dürüst şəkildə verəcək. Həmin fəaliyyətə əngəl olmaq istəyənlər isə heç vaxt heç kəs tərəfindən anılmayacaq...

Hesab edirik ki, bu zəngin elmi və ictimai fəaliyyət fonunda onun 70 illik yubileyi Azərbaycan təhsil elminin inkişafında mühüm bir mərhələ kimi dəyərləndirilməli və yalnız dar bir dost-tanış, media çərçivəsində deyil, bütövlükdə respublikanın elm, təhsil cameəsi tərəfindən qeyd edilməlidir. Biz öz borcumuzu yerinə yetirir: yubileyi münasibətlə dəyərli ziyalı alimimiz İlham Əhmədovu səmimi qəlbdən təbrik edir, ona möhkəm ruh və cansağlığı, şəxsi həyatında və elmi yaradıcılığında yeni-yeni uğurlar və Azərbaycan təhsilinə xidmət edən fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq...
 
Sultan Laçın