“25 ildə nə dəyişdi?..Obyektiv yanaşdıqda müəyyən müsbət nəticələri qeyd etmək lazımdır.  Bu dövrdə minlərlə məktəb tikildi və ya əsaslı təmir olundu,  elektron qəbul sistemi yaradıldı, müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilməyə başlandı, kurikulum tətbiq edildi, elektron xidmətlər genişləndirildi, ali təhsildə beynəlxalq əməkdaşlıq artdı...”
 




“İdarəetmə elmində mühüm prinsip var: problemin səbəbini deyil, nəticəsini aradan qaldırmaq islahat deyil...”
 
“Maykl Fullan  göstərirdi ki, təhsil islahatlarının uğursuzluğunun əsas səbəbi dəyişikliklərin sistem xarakteri daşımamasıdır...”
“Əgər sistemin yekun məhsulu zəifdirsə, bu zaman məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq idarəetmə baxımından düzgün yanaşma deyil...”
 
“Deminqin 94/6 prinsipi bu baxımdan maraqlı yanaşma təqdim edir.  O,  hesab edirdi ki, təşkilatlarda problemlərin təxminən 94 faizi sistemdən, cəmi 6 faizi isə fərdlərdən qaynaqlanır...”
 
“Bizim reallıqda alim və müəllimlərin yeganə pul qazanmaq imkanı repetitorluqdur. ETN  bəlkə  düşünür ki,  alimlər  repetitorluqla pul qazanıb, ya bankdan kredit götürüb belə strateji layihələri icra etsinlər...”  
 
“Daha doğru yanaşma belə ola bilər:  əgər 25 il ərzində sistem gözlənilən nəticəni verməyibsə, onda ilk növbədə həmin sistemi layihələndirən və idarə edən institusional mexanizmlər təhlil olunmalıdır...”
 
*** *** ***
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə ”25 illik təhsil islahatı gözlənilən nəticəni vermədi.  Səbəbkar müəllimdir, yoxsa  ETN?" başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Yanlış qoyulan sual, yanlış axtarılan cavab...
 
Son illər Azərbaycan təhsil sistemi ətrafında aparılan müzakirələrin əksəriyyəti bir sual üzərində cəmləşir: təhsildəki problemlərin əsas səbəbi müəllimdirmi? Müəllimlərin sertifikatlaşdırılması, attestasiyası, bilik və bacarıqlarının qiymətləndirilməsi ictimai müzakirələrin mərkəzindədir. Belə bir təsəvvür formalaşdırılır ki, əgər müəllimlərin peşəkarlığı artırılsa, təhsil sisteminin problemləri də həll olunacaq. Amma müəllimlərin özlərinin də bu təhsil sisteminin yetirməsi olduğu faktı heç yada salınmır... 
 
Elmi idarəetmə nəzəriyyəsi və beynəlxalq təcrübə göstərir ki, bu sualın özü düzgün qoyulmayıb. Əslində  sual belə olmalıdır:   25 il davam edən təhsil islahatları niyə sistemin keyfiyyətini köklü şəkildə dəyişə bilmədi?..
 
Bu sualın cavabı yalnız müəllimlərdə deyil, bütövlükdə idarəetmə modelində, strateji planlaşdırmada, institusional yanaşmada və təhsil siyasətinin fəlsəfəsində axtarılmalıdır.
 
Təhsil islahatı nədir?..
 
İslahat anlayışı çox zaman səhv başa düşülür.  Yeni dərslik hazırlamaq islahat deyil.  Yeni imtahan keçirmək də islahat deyil.  Yeni kurikulum tətbiq etmək də hələ  islahat deyil. Müəllimlərin sertifikatlaşdırılması da islahat deyil.  Bunlar islahatın ayrı-ayrı alətləri ola bilər.   İslahat isə sistemin məqsədlərinin, idarəetmə mexanizmlərinin, maliyyələşmə modelinin, insan resurslarının, təhsil məzmununun və nəticələrinin vahid konsepsiya əsasında dəyişdirilməsidir.
 
Maykl Fullan  göstərirdi ki, təhsil islahatlarının uğursuzluğunun əsas səbəbi dəyişikliklərin sistem xarakteri daşımamasıdır. Eyni yanaşma  Endi Harqrivz  və digər təhsil nəzəriyyəçilərinin əsərlərində də öz əksini tapır.   Bəs görəsən,  Azərbaycanın son 25 ildə həyata keçirdiyi dəyişikliklər vahid inkişaf konsepsiyasının tərkib hissəsi idi, yoxsa ayrı-ayrı layihələrin məcmusu?..
 
25 ildə nə dəyişdi?..
 
Obyektiv yanaşdıqda müəyyən müsbət nəticələri qeyd etmək lazımdır.  Bu dövrdə minlərlə məktəb tikildi və ya əsaslı təmir olundu,  elektron qəbul sistemi yaradıldı, müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilməyə başlandı, kurikulum tətbiq edildi, elektron xidmətlər genişləndirildi, ali təhsildə beynəlxalq əməkdaşlıq artdı, STEAM və rəqəmsal təhsil layihələri həyata keçirildi.   Bütün bunlar mühüm addımlar idi.   Bəs  bu dəyişikliklər təhsil sisteminin mahiyyətini dəyişdirdimi? Keyfiyyət artdımı? Təəssüf ki, yox... 
 
Problemin kökü  budur ki, struktur dəyişdi, fəlsəfə dəyişmədi...
 
Son 25 ilin islahatlarına baxdıqda  maraqlı mənzərə yaranır.  Əsas diqqət infrastruktur,  normativ baza,  inzibati prosedurlar, qiymətləndirmə mexanizmlərinə yönəlib.  Lakin daha fundamental məsələlər ikinci planda qalıb. Xüsusən də XXI əsr üçün təhsil fəlsəfəsi, gələcəyin məktəb modeli, müəllimin yeni rolu, süni intellekt dövrünün kurikulumu, innovasiya yönümlü məktəb modeli  kimi  çox mühüm  məsələlər diqqətdən kənar qalıb. Nəticədə idarəetmə alətləri dəyişdi, lakin idarəetmə məntiqi  elə  əvvəlki kimi qaldı...
 
Ən böyük metodoloji səhv simptomların müalicəsi olub...
 
İdarəetmə elmində mühüm prinsip var: problemin səbəbini deyil, nəticəsini aradan qaldırmaq islahat deyil.   Məsələn: şagird zəif nəticə göstərir, səbəb kimi müəllim göstərilir və müəllim sertifikatlaşdırılır.  Lakin kurikulum niyə  mənimsənilmir,  dərsliklərin keyfiyyəti necədir, qiymətləndirmə sistemi öyrənməni stimullaşdırırmı,  məktəb rəhbərliyi necə işləyir,  müəllim hazırlayan universitetlərin vəziyyəti necədir,  təhsil siyasətinin səmərəsi necə  qiymətləndirilir  kimi suallar isə  cavabsız qalır.   Əgər bu suallar araşdırılmırsa, sertifikatlaşdırma yalnız nəticəyə təsir edir, səbəbə yox...
 
Məktəb məzunlarının nəticələri nəyi göstərir?..
 
Müxtəlif  milli və beynəlxalq qiymətləndirmələrin nəticələri uzun illərdir göstərir ki, şagirdlərin əhəmiyyətli hissəsi proqram üzrə gözlənilən nəticələri tam mənimsəyə bilmir.  Əgər sistemin yekun məhsulu zəifdirsə, bu zaman məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq idarəetmə baxımından düzgün yanaşma deyil...
 
Deminqin 94/6 prinsipi bu baxımdan maraqlı yanaşma təqdim edir.  O,  hesab edirdi ki, təşkilatlarda problemlərin təxminən 94 faizi sistemdən, cəmi 6 faizi isə fərdlərdən qaynaqlanır.  Bu prinsip təhsil sisteminə də tətbiq oluna bilər.  Əgər minlərlə müəllim eyni problemlə üzləşirsə, məsələ artıq ayrı-ayrı müəllimlərdə deyil, sistemdə axtarılmalıdır…
 
ETN hansı rolu oynayır?..
 
İstənilən ölkədə təhsil nazirliyi yalnız inzibati qurum deyil. O, strateji inkişaf institutudur.  Onun əsas funksiyaları gələcəyin təhsil modelini hazırlamaq, milli insan kapitalı strategiyasını formalaşdırmaq,  sistemli monitorinq aparmaq, nəticələri qiymətləndirmək, təhsil siyasətini  daim yeniləməkdir.  
 
Nazirlik daha çox cari idarəetmə ilə məşğul olduqda, strateji liderlik zəifləyir.  Məhz buna görə inkişaf etmiş ölkələrdə təhsil nazirlikləri tədqiqat və proqnozlaşdırma funksiyalarına böyük resurs ayırırlar.  Bizdə isə bu məsələlər nəzərə alınmır. Ayrı-ayrı mütəxəssislər belə məsələləri gündəm edəndə isə, deyirlər ki, bunu siz ictimai əsaslarla həll edin... 
 
Strategiyasız islahatların mümkünsüz  olduğunu  bildirdikdə isə menecerlər ya özləri, ya da təyin etdikləri  “ekspert”lərin  dili ilə deyirlər ki, sizin  layihəyə pul ayırmadıq deyə, nazirliyi tənqid edirsiniz.  Bunlar hələ də  anlamırlar ki, belə dərin strateji məsələlər  dünyanın heç bir ölkəsində, heç vaxt ictimai əsaslarla həll edilməyib. Belə layihələr  xeyli vaxt, insan və maliyyə resursu tələb edir. 
 
Bizim reallıqda alim və müəllimlərin yeganə pul qazanmaq imkanı repetitorluqdur. ETN  bəlkə  düşünür ki,  alimlər  repetitorluqla pul qazanıb, ya bankdan kredit götürüb belə strateji layihələri icra etsinlər.  Strateji tədqiqatlar aparmadan, bunu maliyyələşdirilmədən, mütəxəssisləri cəlb etmədən aparılan islahatlar  nəticə verə bilməz.  Elə son 25 ildə olduğu kimi... 
 
Müəllim günahkardırmı?..
 
Bu sual  ciddi  elmi cavab tələb edir.  Bəli, hər bir təhsil  sistemində peşəkarlıq səviyyəsi fərqli olan müəllimlər mövcuddur.  Lakin müəllim  kurikulum, dərslik,  qiymətləndirmə, məktəb rəhbərliyi, normativ tələblər, maliyyələşmə, peşəkar inkişaf imkanları  kimi  sistem daxilində fəaliyyət göstərir.  Bu elementlərin heç birini müəllim müəyyən etmir.  Deməli, müəllim sistemin iştirakçısıdır, sistemin memarı deyil...
 
Nazirlik günahkardırmı?..
 
Məqsəd  bu problemi  "günahkar axtarmaq" prizmasından qiymətləndirmək deyil. Daha doğru yanaşma belə ola bilər:  əgər 25 il ərzində sistem gözlənilən nəticəni verməyibsə, onda ilk növbədə həmin sistemi layihələndirən və idarə edən institusional mexanizmlər təhlil olunmalıdır.  Bu, şəxslərin deyil, idarəetmə modelinin qiymətləndirilməsidir...
 
Əsas çatışmazlıq konseptual boşluqdur... 
 
Qədim Çin filosofu   Sun Tzu  deyirdi:  “Taktikasız strategiya qələbəyə aparan ən yavaş yoldur, strategiyasız taktika isə məğlubiyyətdən əvvəlki hay-küydür”.  Bu aforizm strateji idarəetmənin əsas qanunlarından birini ifadə edir...   
 
Strategiya hədəfi, uzunmüddətli istiqaməti və ümumi inkişaf modelini müəyyən edir.  Taktika isə həmin strategiyanı həyata keçirən konkret fəaliyyət və qərarlar sistemidir. Yalnız taktiki addımlarla hərəkət edən təşkilatlar çox işləyə bilər, lakin hara getdiyini bilmədiyi üçün nəticədə resurslarını boşuna  itirə bilər. Digər tərəfdən, yalnız strategiya hazırlayıb onu həyata keçirəcək taktiki mexanizmlər qurulmursa, strategiya kağız üzərində qalır.  Bu fikir təkcə hərb sahəsinə deyil, dövlət idarəçiliyinə, təhsil siyasətinə, biznesə və korporativ idarəetməyə də tam şəkildə tətbiq olunur...  
 
Azərbaycan təhsil sistemində son illərdə çoxlu layihələr həyata keçirilib. Lakin bir sıra  fundamental suallar hələ də açıq qalır.   Məsələn,  "Azərbaycan məktəbi–2040" modeli varmı? Süni intellekt dövrünün milli kurikulumu hazırlanıbmı?  Gələcəyin müəllim modeli müəyyən olunubmu?  Məktəblərin transformasiya strategiyası qəbul edilibmi?  Təhsil sisteminin nəticəyönümlü monitorinq modeli formalaşdırılıbmı? Kimi suallara cavab tapılmalıdır.  Bu sənədlər olmadan aparılan dəyişikliklər taktiki xarakter daşıyır...
 
Yeni mərhələ necə olmalıdır?..
 
Azərbaycan artıq yeni dövrə daxil olur.  Rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya iqtisadiyyatı, yeni əmək bazarı kimi məsələlər aktuallaşır.  Bu şəraitdə təhsil sistemi də dəyişməlidir.
Bu məqsədlə bir sıra strateji addımlar təklif edirik:
 
1. "Azərbaycan Təhsili–2040" Milli Konsepsiyası hazırlanmalıdır.
 
2. Milli Təhsil Monitorinq Sistemi yaradılmalıdır.
 
3. Müəllim sertifikatlaşdırılması ümumi islahat proqramının bir komponentinə çevrilməlidir.
 
4. Nazirlik strateji siyasət və analitik idarəetmə mərkəzinə transformasiya olunmalıdır.
 
5. Məktəb və universitetlər üçün süni intellekt dövrünə uyğun yeni inkişaf modeli hazırlanmalıdır.
 
6. Təhsil siyasətinin nəticələri müstəqil ekspert qiymətləndirməsinə açıq olmalıdır.
 
Beləliklə,  görürük ki,  "Azərbaycanın 25 illik təhsil islahatı niyə uğursuz oldu?" sualına sadə cavab vermək mümkün deyil.   Bu dövrdə müəyyən  nailiyyətlər də əldə olunub. Lakin sistem bütövlükdə XXI əsrin tələblərinə uyğun transformasiya olunmayıbsa, bunun səbəbini yalnız müəllimlərlə izah etmək elmi baxımdan əsaslı deyil.  Təhsil sistemi fərdlərin deyil, qurumların, institutların məhsuludur. Müəllim bu sistemin ən vacib iştirakçılarından biridir, lakin onun yeganə məsul tərəf kimi təqdim edilməsi problemin mahiyyətini sadələşdirir, məmurların məsuliyyətdən qaçmasını göstərir...  
 
Əsas məsələ müəllim və ya nazirlik arasında günahkar axtarmaq deyil. Əsas məsələ 25 illik təcrübədən nəticə çıxararaq yeni inkişaf modelini formalaşdırmaqdır. XXI əsrdə uğurlu təhsil sistemləri daha çox imtahan keçirən və ya daha çox inzibati tədbir görən sistemlər deyil, gələcəyin insan kapitalını necə təsəvvür etdiyini konseptual şəkildə müəyyənləşdirən sistemlər olacaqdır.
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə də məhz budur: ayrı-ayrı islahatlardan sistem transformasiyasına keçmək..."