“Kitabxana yalnız kitab rəflərindən ibarətdirsə, o, artıq rəqabətdə uduzur...”- EKSPERT
06 Jul 2026, 14:54 19 baxış 8 dəq oxuma
“Təhsil naziri isə deyir ki, süni intellektin inkişafı səbəbi ilə tezliklə dərsliklərə ehtiyac qalmayacaq.
“Bu gün İngiltərədə XVIII əsr ingilis dilində yazılmış kitabları məktəblilər çətin oxuyur, amma həmin kitablar tarix və arxiv fondu kimi hələ də saxlanılır...”
“Müasir kitabxana rəqəmsal mərkəz, yaradıcılıq məkanı, layihə laboratoriyası, media və texnologiya mərkəzi olmalıdır...”
“Kiril qrafikalı kitabların məhv edilməsi düzgün yanaşma deyil. Çünki XX əsr Azərbaycan elm və mədəniyyətinin böyük hissəsi bu əlifba ilə yazılıb. Bu fondlar milli mədəni irs kimi qəbul edilməli, qorunmalıdır...”
“Gələcəyin dərslik modeli çox güman ki, belə olacaq: "Dərslik + Süni İntellekt". Yəni, dərslik əsas xəritə rolunu oynayacaq, süni intellekt isə fərdi müəllim rolunu oynayacaq...”
*** *** ***
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Kitabxanaların rəqəmsallaşması zəifdir. ..
Bu ərəfədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, kitabxalaramızda kitabların yarıdan çoxu kiril əlifbasındadır. Sosial şəbəkələrdə də bəzi vətəndaşlar yazır ki, məktəblərdə uşaqlara kiril əlifbası öyrədilmədyi üçün gənclər bu kitabları oxuya bilmirlər. Mövcud vəziyyət qaneedici deyil və bu səbəbdən də kitabxanalara gənclərin axını zəifdir...
Vəziyyət niyə bu haldadır? Həll yolları nədir?..
Təhsil naziri isə deyir ki, süni intellektin inkişafı səbəbi ilə tezliklə dərsliklərə ehtiyac qalmayacaq. Gənclərin kitaba həvəsinin azalmasında keyfiyyətsiz təhsil sisteminin, xüsusən də dərsliklərin standartlara uyğun olmamasının da öz mənfi təsiri olub...
Bu məsələ təkcə əlifba problemi deyil. Burada üç fərqli problem var: sovet dövründən qalan kitab irsi, kitabxanaların modernləşdirilməsi işinin ləng getməsi, təhsil və İKT sahəsində olan dəyişikliklərin mütaliə mədəniyyətinə mənfi təsiri...
Niyə kitabların yarıdan çoxu kiril əlifbasındadır?..
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mərhələli şəkildə latın qrafikalı əlifbaya keçdi. Lakin təxminən 70 il ərzində nəşr olunmuş milyonlarla kitab, jurnal, qəzet və elmi mənbələr kiril əlifbasında qaldı. Problem budur ki, kitab fondları yenilənməyib, köhnə fondların rəqəmsallaşdırılması zəif olub, yeni kitabların alınmasına kifayət qədər vəsait ayrılmayıb. Bəzi rayon kitabxanaları hələ də əsasən sovet dövrü fondları ilə fəaliyyət göstərir. Nəticədə kitabxanaya gələn şagird latın qrafikasında kitab axtarır, qarşısına isə əsasən kiril qrafikalı kitablar çıxır. Bu da təbii ki, kitaba marağı azaldır...
Əsas səbəb kiril deyil, köhnəlmiş fondlardır...
Məsələyə yalnız "uşaqlar kirili oxuya bilmir" prizmasından baxmaq düzgün olmazdı. Məsələn, bu gün İngiltərədə XVIII əsr ingilis dilində yazılmış kitabları məktəblilər çətin oxuyur, amma həmin kitablar tarix və arxiv fondu kimi hələ də saxlanılır. Problem budur ki, bizdə bir çox kitabxanalarda arxiv kitab fondu ilə aktiv istifadə fondu bir-birindən ayrılmayıb. Halbuki klassik və nadir kitablar qorunmalı, eyni zamanda gündəlik istifadə fondları da müasir oxucunun tələblərinə uyğunlaşdırılmalıdır...
Kitabxanalara uşaq axını niyə azalır?..
Bunun səbəbi təkcə kiril əlifbasında deyil. Bugünkü uşaq məlumatı telefondan alır, videolara üstünlük verir, süni intellektdən istifadə edir. O, artıq elektron resurslarla işə öyrəşib.
Kitabxana yalnız kitab rəflərindən ibarətdirsə, o, artıq rəqabətdə uduzur. Müasir kitabxana rəqəmsal mərkəz, yaradıcılıq məkanı, layihə laboratoriyası, media və texnologiya mərkəzi olmalıdır. Ona görə də indi kitabxanalara “kitabxana-informasiya mərkəzi” deyirlər. İnformasiya cəmiyyətində kitabxanaların rolu daha da artmışdır. Məsələ budur ki, biz nə normal informasiya cəmiyyəti də qura bildik, nə “kitabxana-informasiya mərkəz”ləri yarada bildik, nə də yaxşı təhsil sistemi. Bir çox ölkələrdə isə kitabxanalar artıq "kitab saxlama yeri" deyil, "öyrənmə ekosistemi" kimi fəaliyyət göstərirlər...
Bir başqa problemimiz elektron kitabxanalarımızın resurslarının, kitab fondlarının zəifliyidir. Milli kitabxanada elektron kataloq sistemi müəyyən səviyyədə formalaşıb, amma, elektron resursların 90%-i “müəllif hüquqları” bəhanəsi ilə oxuculara əlyetərli deyillər. Bu gün bütün dünya, BMT, UNESCO açıq elm-təhsil resursların yaradılmasını təbliğ edir. Amma biz öz yarıtmaz işimizi “müəllif hüquqları” bəhanəsi ilə ört-basdır etmək istəyirik...
Problemin həll yolları nə ola bilər?..
1. Kütləvi rəqəmsallaşdırma… Kiril qrafikalı kitablar skan edilməli və elektron bazaya köçürülməlidir. “Müəllif hüquqları” bəhanəsi də aradan qaldırılmalıdır. Bəs başqa ölkələrdə bu problemlər necə həll edilir?..
Süni intellekt artıq mətn tanıya bilir, kirildən latına mətnləri asanlıqla çevirə bilir, köhnə mətnləri redaktə edə bilir. Bu proses əvvəlki dövrlərlə müqayisədə indi xeyli ucuz başa gəlir, gec də olsa, bu məsələlər həll edilməlidir. Təxminən 20 il əvvəl bu sahədə xüsusi dövlət proqramı qəbul edilmişdi. Amma bir çox başqa proqramlar kimi, bu da yarımçıq və keyfiyyətsiz icra edildi...
2. Kitab fondlarının yenilənməsi. Məktəblilər və tələbələr üçün müasir ədəbiyyat, elmi-populyar kitablar, Azərbaycan və dünya bestsellerləri, elektron kitab kolleksiyaları yaradılmalıdır. Səsli kitablar, podkastlar hazırlanmalıdır.
3. Hibrid kitabxana modeli. Kitabxanada elektron kitablar, audio kitablar, Sİ köməkçiləri, multimedia otaqları olmalıdır...
4. Kiril irsinin qorunması. Kiril qrafikalı kitabların məhv edilməsi düzgün yanaşma deyil. Çünki XX əsr Azərbaycan elm və mədəniyyətinin böyük hissəsi bu əlifba ilə yazılıb. Bu fondlar milli mədəni irs kimi qəbul edilməli, qorunmalıdır...
Süni intellekt dərslikləri əvəz edəcəkmi?..
Bu fikir son vaxtlar tez-tez səslənir. Təhsil naziri də bu haqda fikir bildirib. Lakin yaxın gələcəkdə tam əvəzlənmə ehtimalı zəif görünür. Süni intellekt məlumat verir, izah edir, fərdi repetitor kimi işləyə bilir, suallara cavab verir. Amma kağız daşıyıcıda olan, normal dərslik kurikulum yaradır, mövzuları sistemləşdirir, biliklərin ardıcıllığını təmin edir, standartlaşdırılmış təhsil bazası yaradır. Əgər dərslik olmazsa, hər şagird fərqli mənbədən fərqli məlumat alacaq. Bu isə vahid təhsil standartlarını zəiflədə bilər.
Gələcəyin dərslik modeli çox güman ki, belə olacaq: "Dərslik + Süni İntellekt". Yəni, dərslik əsas xəritə rolunu oynayacaq, süni intellekt isə fərdi müəllim rolunu oynayacaq. Şagird mövzunu dərslikdən öyrənəcək, başa düşmədiyi hissələri isə Sİ-dən soruşacaq. Beləliklə, yaxın 10–20 ildə dərsliklərin tam yox olması deyil, onların rəqəmsal və interaktiv formaya çevrilməsi daha real görünür. Süni intellekt bu problemlərin bir hissəsini həll edə bilər, lakin o, nə kitabı, nə də sistemli təhsili tam əvəz edə biləcək. Ən səmərəli model insan müəllim, keyfiyyətli dərslik və süni intellektin birlikdə işlədiyi modeldir.
Süni intellekt əsaslı dərsliklərə dair “Gələcəyin dərsliyi necə olacaqdır?” adlı məqaləmizdə bu məsələləri ətraflı şərh etmişik (burada:).
Beləliklə, görürük ki, Azərbaycanda problem kiril əlifbasının mövcudluğu deyil, problem kitab fondlarının köhnəlməsi, rəqəmsallaşdırmanın ləng getməsi və kitabxanaların XXI əsrin tələblərinə uyğun transformasiya edilməməsidir..."