“Ayənin koordinatı: sürə 16, ayə 18…Ayənin mənası: "Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz..."
 




“Məkkə şəhərinin cənub qütbünə olan məsafəsi ilə şimal qütbünə olan məsafəsinin nisbəti tam olaraq 1.618 rəqəmini verir...”
 
“Elm dünyasında "Fi" ((Phi )) əmsalı kimi tanınan 1.618 ədədi, sadəcə riyazi bir tapıntı deyil, həm də makrokosmosdan mikrokosmosa qədər hər bir yaradılış elementinə vurulmuş ilahi bir möhürdür...”
 
“DNT molekulunun hər bir tam spiral dövrəsinin uzunluğu 34 anqstrem, eni isə 21 anqstremdir. Bu iki rəqəmin bir-birinə nisbəti ((34 / 21)) bizə birbaşa olaraq (1.619) rəqəmini verir ki, bu da qızıl nisbətə ((1.618)) son dərəcə yaxındır...”
 
“Qolların dirsəkdən barmaq ucuna qədər olan hissəsinin çiyindən dirsəyə qədər olan hissəsinə nisbəti, eləcə də üz cizgilərimizdə gözlər, burun və dodaqlar arasındakı məsafələr tam olaraq bu formula tabedir...”
 
“Yaradılışın gizli kodu...
 
Yaradan hər yerdə eyni rəqəmdən, qızıl nisbətdən - 1.618 istifadə etmişdir... Yaradan Kainatdakı çoxsaylı hadisə və olaylarda məhz bu ədədlərin kombinasiyasından istifadə etmişdir: ürək döyüntüsündə, DNT molekullarının loqarifmik spiralının uzunluğu və eninin nisbətində, Kainatın struktur xüsusiyyətlərində, yarpaqların və bitkilərin nizamlı düzülüşündə, qar dənəciklərinin kristal quruluşunda və bir çox qalaktikaların spiral quruluşlarında... Bu füsunkar nizam təsadüf anlayışını tamamilə sıradan çıxarır və maddi aləmin vahid bir rəssamın fırçasından çıxdığını sübut edir. Elm dünyasında "Fi" ((Phi )) əmsalı kimi tanınan 1.618 ədədi, sadəcə riyazi bir tapıntı deyil, həm də makrokosmosdan mikrokosmosa qədər hər bir yaradılış elementinə vurulmuş ilahi bir möhürdür. Bu möhürün ən heyrətamiz təzahürlərindən biri isə bəşəriyyətin mənəvi mərkəzi olan Məkkə şəhəri və İslamın müqəddəs kitabı Qurani-Kərimdə gizlənmişdir...

Qurani-Kərimdə "Məkkə" sözündən bəhs edən ayədə bir çoxlarının imanını gücləndirəcək açıq dəlillər var. “Ali-İmran” surəsinin 96-cı ayəsində Allah-Təala Məkkə ilə qızıl nisbət arasındakı əlaqəyə işarə edir. Bu ayə 47 hərfdən ibarətdir. Bu ayənin qızıl nisbətini hesablasaq, onun orta nöqtəsinin "Məkkə" sözü olduğunu kəşf edəndə təəccüblənəcəyik. Bütün ayədəki hərflərin sayını (47) 1.618-ə bölməklə 29 alınır. Ayənin əvvəlindəki 29-cu hərfdən sonra "Məkkə" sözü gəlir. Beləliklə, Məkkə bu ayənin qızıl ortasıdır...
 
Qızıl nisbətin elmi və təbii təməlləri...
 
Qızıl nisbət, həndəsə və riyaziyyatda bir düz xətt parçasının iki elə hissəyə bölünməsidir ki, böyük hissənin kiçik hissəyə nisbəti, bütün xəttin böyük hissəyə nisbətinə bərabər olsun. Bu nisbətin ədədi qiyməti irrasionaldır və təxminən (1.6180339887...) şəklində sonsuza qədər davam edir. Tarix boyu qədim misirlilər, yunanlar və intibah dövrünün sənətkarları bu nisbəti memarlıqda və rəsm əsərlərində mükəmməl estetikaya nail olmaq üçün tətbiq etmişlər. Lakin bu nisbətin əsl müəllifi insan deyil, təbiətdir.... 
 
Mikrokosmosda estetika: DNT və hüceyrə quruluşu...
 
Həyatın ən kiçik tikinti bloku olan DNT molekulu tam bir qızıl nisbət möcüzəsidir. DNT-nin ikiqat spiral forması müəyyən bir həndəsi ölçüyə malikdir. Aparılan mikroskopik araşdırmalar göstərir ki, DNT molekulunun hər bir tam spiral dövrəsinin uzunluğu 34 anqstrem, eni isə 21 anqstremdir. Bu iki rəqəmin bir-birinə nisbəti ((34 / 21)) bizə birbaşa olaraq (1.619) rəqəmini verir ki, bu da qızıl nisbətə ((1.618)) son dərəcə yaxındır və məşhur Fibonaççi ardıcıllığının yan-yana duran üzvləridir… 

Anatomik harmoniya: insan bədəni və ürək…
 
İnsan bədəni qızıl nisbətin ən bariz şəkildə müşahidə olunduğu canlı mexanizmdir. Qolların dirsəkdən barmaq ucuna qədər olan hissəsinin çiyindən dirsəyə qədər olan hissəsinə nisbəti, eləcə də üz cizgilərimizdə gözlər, burun və dodaqlar arasındakı məsafələr tam olaraq bu formula tabedir. Bundan əlavə, insanın ürək döyüntülərinin ritmik qrafikində, qanın sol mədəcikdən qovulması zamanı yaranan təzyiq dalğalarının nisbətlərində belə ürəyin ən az enerji ilə maksimum səmərəlilik nümayiş etdirdiyi nöqtə qızıl nisbət nöqtəsidir... 
 
Botanika və flora: Filotaksis qanunu…

Yarpaqların və bitkilərin nizamlı düzülüşü (filotaksis) təbiətdə günəş işığından və yağış suyundan maksimum dərəcədə faydalanmaq üçün proqramlaşdırılmışdır. Günəbaxan bitkisinin toxumları mərkəzdən kənara doğru saat əqrəbi istiqamətində və onun əksinə spiral xətlər üzrə düzülür. Bu spiralların sayı həmişə 21 və 34, 34 və 55 və ya 55 və 89 kimi Fibonaççi ədədlərini formalaşdırır. Bu ədədlərin nisbəti isə bizi hər addımda 1.618-ə çatdırır. Eyni nizam şam qozalarında, ananas meyvəsinin qabığında və qızılgül ləçəklərində də qüvvədədir… 
 
Makrokosmos: spiral qalaktikalar və kosmik nizam…
 
Kainatın struktur xüsusiyyətlərini araşdırdıqda, nəhəng ulduz sistemlərinin və qalaktikaların da eyni həndəsi qanunla hərəkət etdiyini görürük. Bizim də daxil olduğumuz Süd Yolu (Samanyolu) və yaxud Kəhkəşan qalaktikası və bir çox digər spiral qalaktikalar loqarifmik spiral formasında genişlənir. Bu kosmik spiralların hər bir əyrilik dərəcəsi riyazi olaraq qızıl nisbət sabitini qoruyur. Eyni şəkildə, yer atmosferində baş verən nəhəng qasırğaların və bulud kütlələrinin spiral quruluşu da kosmosdakı qalaktikalarla eyni formulu paylaşır… 
 
Qurani-Kərimdə "Ölçü" və "Nizam" məfhumu…
İslam fəlsəfəsinə və Quran ayələrinə görə, kainat kor-təbii bir təkamülün və ya təsadüfi partlayışların deyil, hər bir incəliyi öncədən hesablanmış mütləq bir elmin məhsuludur. Qurani-Kərimdə bu reallığı ifadə etmək üçün xüsusi terminlərdən istifadə olunur…
 
1. "Qədər" və "Mizan" Anlayışları…
 
"Qədər" sözü İslamda həm də ölçü, miqdar, tale və nizam mənalarına gəlir. Allah hər bir obyekti müəyyən bir həndəsi və fiziki çərçivədə yaratmışdır. 
Qəmər surəsi, 49-cu ayə: "Həqiqətən, Biz hər şeyi müəyyən bir ölçüdə (qədərlə) yaratdıq…
 
"Mülk surəsi, 3-cü ayə: "O, yeddi göyü qat-qat yaratdı. Sən Mərhəmətli Allahın yaradılışında heç bir nizamsızlıq görməzsən. Bir göz gəzdir, heç bir çat, yarıq görə bilərsənmi?"…
 
Bu ayələr açıq şəkildə göstərir ki, maddənin dərinliklərində gizlənən riyazi formullar təbiətin özbaşına yaratdığı qanunlar deyil, Yaradanın maddəyə kodlaşdırdığı "mizan" (tərəzi/balans) prinsipləridir. Qızıl nisbət məhz bu ilahi tərəzinin ən vizual və universal göstəricisidir… 
 
“Ali-İmran” surəsinin 96-cı ayəsi və Məkkə möcüzəsi…

Qızıl nisbətin təbiətdəki izlərini araşdıran mütəxəssislər, bu riyazi kodun coğrafi və mətn strukturunda necə əks olunduğunu öyrəndikdə daha böyük bir möcüzə ilə qarşılaşırlar. İnsanın imanını və heyranlığını artıran bu dəlil Məkkə şəhəri və onun Qurandakı təsviri ilə bağlıdır… 
 
Ayənin mətni və mənası
 
Məkkənin bəşəriyyət üçün ilahi bir mərkəz olduğunu bəyan edən “Ali-İmran” surəsinin 96-cı ayəsində belə buyurulur:"إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ"(Həqiqətən, insanlar üçün ilk qurulan ev Məkkədəki (Bəkkədəki) evdir ki, o, bərəkətli və aləmlərə doğru yol göstərəndir.)Ayədə Məkkə şəhəri onun qədim və tarixi adı olan "Bəkkə" (بَكَّةَ) sözü ilə ifadə edilmişdir. Bu, dilçilik və coğrafiya xüsusiyyəti, riyazi hesablamanın əsas dayağını təşkil edir… 
 
Hərf saylarının qızıl nisbət hesablanması…
 
Bu müqəddəs ayənin orijinal ərəb qrammatikası və yazı qaydalarına (orfoqrafiyasına) əsasən hərflərini tək-tək saydıqda fundamental bir riyazi möcüzə ortaya çıxır:
 
“Ali-İmran” surəsinin 96-cı ayəsi bütövlükdə 47 hərfdən ibarətdir…
 
Qızıl nisbət bölünməsi: 
 
Bir bütövün qızıl ortasını tapmaq üçün onun ümumi kütləsini və ya sayını qızıl nisbət sabitinə (1.618) bölmək lazımdır. Bu qayda ilə 47 rəqəmini qızıl nisbətə bölək:(47/1.618=29.048) Yuvarlaqlaşdırılmış rəqəm dəqiq olaraq 29-dur.
 
Məkkə (Bəkkə) sözünün mövqeyi: 
 
Ayənin əvvəlindən başlayaraq hərfləri saydıqda, ilk 29 hərf tamamlanır. Bu 29-cu hərfdən dərhal sonra gələn və ayənin tam qızıl orta nöqtəsində qərarlaşan söz məhz "بِبَكَّةَ" (Bəkkədə / Məkkədə) sözüdür.Bu hesablama göstərir ki, Məkkə sözü sadəcə təsadüfən ayənin hər hansı bir yerində işlədilməmişdir. Allah bu sözü ayənin daxilinə elə bir riyazi mühəndisliklə yerləşdirmişdir ki, cümlənin qızıl ortası ilə müqəddəs şəhərin adı üst-üstə düşür. Bu, bəşər övladının özbaşına tərtib edə bilməyəcəyi, yalnız zaman və məkandan uzaq olan bir Zatın elminin təzahürüdür…
 
Coğrafi müstəvidə Məkkə və dünya xəritəsinin qızıl nisbəti…
 
Ayədəki bu riyazi möcüzə coğrafi reallıqlarla da tam harmoniyadadır. Dünyanın qızıl nisbət nöqtəsini tapmaq üçün aparılan qlobal coğrafi koordinat hesablamaları da bizi eyni nöqtəyə aparır:
 
Enlik və uzunluq hesablamaları…
 
Yer kürəsinin meridian və paralellərini, yəni enlik və uzunluq dərəcələrini əsas götürərək qızıl nisbət nöqtəsi hesablandıqda heyrətamiz faktlar üzə çıxır:
 
Məkkə şəhərinin cənub qütbünə olan məsafəsi ilə şimal qütbünə olan məsafəsinin nisbəti tam olaraq 1.618 rəqəmini verir.  Dünyanın ümumi şərq-qərb xəritə xəttinin qızıl nisbət nöqtəsi götürüldükdə, bu xətt yenə də Məkkə şəhərinin üzərindən keçir. Həm mətndə (Quranda), həm də fiziki dünyada (coğrafiyada) eyni rəqəmin eyni obyekti – Məkkəni işarə etməsi, Quranı nazil edən Allah ilə Kainatı və dünyanı yaradan Allahın eyni vahid Güc olduğunu riyazi dəqiqliklə sübut edir…
 
Allahın Sonuncu Kitabının bir sıra digər ayələrində də qızıl nisbətə labüd işarərələr vardır:
 
Məsələn, “Nəhl” surəsi, 18-ci ayə (16:18) – sonsuz say və irrasional ədəd
 
Qızıl nisbət (1.618...) irrasional bir ədəddir, yəni vergüldən sonrakı rəqəmləri heç vaxt bitmir və sonsuza qədər davam edir. Heç bir insan onun son rəqəmini tam hesablaya bilməz. 
 
Ayənin koordinatı: sürə 16, ayə 18…
 
Ayənin mənası: "Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz..."
 
İşarə: 
 
Riyazi olaraq bitməyən, saymaqla tükənməyən qızıl nisbət sabiti ilə "sayıb qurtara bilməyəcəyiniz nemətlər" ifadəsinin məhz 16:18 koordinatında qarşılaşması çox mühüm bir riyazi harmoniya hesab olunur…
 
Quranın ümumi strukturunda qızıl nisbət (114 surə kodu)…

Bəzi riyaziyyatçıların araşdırmalarına görə, qızıl nisbət təkcə ayələrin daxilində deyil, Quranın kitab strukturunda da gizlənmişdir:
 
Quranda cəmi 114 surə var. Tədqiqatçı Xalid M. S. tərəfindən aparılan ərəb hərflərinin "Əbcəd" (gematriya) dəyərlərinin hesablanması zamanı xüsusi bir "Quran sabiti" (təxminən 70.44) tapılmışdır. Toplam surə sayı olan 114-ü bu sabitə böldükdə (114 / 70.449) nəticə 1.6181... alınır ki, bu da qızıl nisbətin özüdür…
 
Zəruri haşiyə:
 
“ “Maths from the Past”-ın məlumatlarına görə, Fibonaççi ardıcıllığını tarixdə ilk dəfə qədim Hindistan riyaziyyatçıları və şairləri sanksrit poeziyasının heca ölçülərini hesablayarkən tapıblar. Onlar arasında ilk yazılı qeydlər sanskrit dilinin qrammatiki Açarya Pinqalaya E.ə. 450–200-cü illər) məxsusdur.
 
İtalyan riyaziyyatçısı Leonardo Fibonaççi (1202-ci il) bu ardıcıllığı Qərb dünyasına tanıdan şəxsdir. O, Ərəbistan və Şimali Afrikaya etdiyi ticarət səfərlərində hind-ərəb rəqəmlərini öyrənmiş və Avropaya qayıdaraq yazdığı "Liber Abaci" (Abak kitabı) əsərində dovşanların çoxalma sürətini modelləşdirərkən bu sıranı təqdim etmişdir

Qızıl nisbətin həndəsi tətbiqinə hələ Misir piramidalarının inşasında rast gəlinsə də, onu elmi şəkildə ilk araşdıranlar qədim yunanlar olub(E.ə. 2500–500-cü illər):. Məşhur heykəltaraş Fidias Partenon məbədinin heykəllərində bu nisbətdən istifadə etmişdir (buna görə də qızıl nisbət onun adının ilk hərfi olan (phi ) – Fi simvolu ilə işarə olunur). Filosof Platon isə bunu kosmosun riyazi açarı hesab edirdi…
 
İmanın intellektual zəfəri…
 
Qızıl nisbət (1.618), Kainatın Yaradıcısının maddi aləmə vurduğu imza, gözəlliyin və harmoniyanın universal dilidir. Ürək döyüntümüzdən tutmuş nəhəng spiral qalaktikalara, DNT zəncirindən bitki yarpaqlarına qədər hər bir element bu dil ilə danışır. “Qurani-Kərim”in “Ali-İmran” surəsinin 96-cı ayəsində Məkkə (Bəkkə) sözünün düz 47 hərf daxilində 29-cu yerdə – yəni qızıl ortada qərarlaşması isə təsadüflə izah oluna bilməyəcək bir dizayndır. Bu riyazi dəlillər kor-təbii inancları tamamilə alt-üst edir, insan idrakını və elmini səmimi bir imana tabe edir. Kainatdakı və Qurandakı bu möcüzələr bizə bir daha xatırladır ki, elm və din bir-birinə zidd deyil; əksinə, elm – Allahın kainatda yaratdığı möcüzələri kəşf etmək və Onun əzəməti qarşısında heyrətlə baş əymək üçün insana verilmiş ən böyük rəhbərdir…
 
Sultan Laçın