Universitetlərdə süni intellektdən əvvəl rəqəmsal yetkinlik olmalıdır…”-EKSPERT
10 Jul 2026, 18:18 18 baxış 13 dəq oxuma
“Əslində xarici universitetlərin uğurunun əsas səbəbi Sİ deyil. Əsas səbəblər uzunmüddətli strategiya, davamlı investisiyalar, peşəkar idarəetmə, güclü rəqəmsal mədəniyyət, yüksək insan kapitalı, layihələrin ardıcıl icrasıdır…”
"Yalnız bu baza formalaşdıqdan sonra süni intellekt universitetlərin inkişafını sürətləndirən real alətə çevrilə bilər..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Universitetlərdə süni intellektdən əvvəl rəqəmsal yetkinlik olmalıdır. Azərbaycan universitetləri gecikmiş strateji seçim mərhələsində" başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Son illər Azərbaycanda ali təhsil sahəsində rəqəmsal transformasiya, süni intellektin tətbiqləri mövzusu geniş müzakirə olunur. Təhsildə rəqəmsallaşma prosesləri son 25 ildə bütün dünyada cox aktual olsa da, təhsil menecerləri bu məsələlərə uzun müddət ərzində lazımi diqqət yetirməmişlər. Bu səbəbdən milli təhsil sistemimiz, xüsusən də universitetlərimiz rəqəmsal yetkin deyil, ölkənin heç bir universitetində normal distant təhsil sistemi yaradılmamışdır. Bu gün ekspertlər, beynəlxalq təşkilatlar və dövlət qurumları universitetlərdə süni intellekt texnologiyalarının tətbiqini innovativ inkişafın əsas göstəricilərindən biri kimi qeyd edirlər. Bu yanaşma ilk baxışdan tamamilə məntiqli görünür. Lakin bir məsələni aydınlaşdırmalıyıq: rəqəmsal transformasiyanı tam başa vurmamış, rəqəmsal yetkin olmayan universitet süni intellekt universitetinə çevrilə bilərmi?..
Məsələnin mahiyyəti budur ki, süni intellekt rəqəmsallaşmanın başlanğıcı deyil, onun ən yüksək inkişaf mərhələsidir. İnkişaf etmiş ölkələrin universitetləri bu mərhələyə təsadüfən çatmamışlar. Onlar təxminən 20–25 il ərzində ardıcıl şəkildə rəqəmsallaşma strategiyalarını həyata keçirmiş, elektron universitet ekosistemləri yaratmış, distant təhsili genişləndirmiş, böyük verilənlər (Big Data) infrastrukturunu qurmuş, tədris analitikası sistemlərini tətbiq etmiş və yalnız bundan sonra süni intellekt həllərinə keçmişlər.
Azərbaycan universitetlərinin əhəmiyyətli hissəsi isə bu uzun inkişaf yolunun hələ başlanğıc mərhələlərindədir. Buna görə də xarici universitetlərin süni intellekt təcrübəsini olduğu kimi köçürmək nə iqtisadi, nə təşkilati, nə pedaqoji, nə də idarəetmə baxımından real görünmür.
Süni intellekt inkişafın başlanğıcı deyil, nəticəsidir…
Müasir universitetlərdə Sİ sistemləri müstəqil fəaliyyət göstərmir. Onlar artıq mövcud olan rəqəmsal ekosistemin üzərində qurulur. Belə universitetlərdə vahid rəqəmsal idarəetmə platformaları, “Learning Management System” (LMS), elektron tələbə portalları, rəqəmsal sənəd dövriyyəsi, böyük verilənlər bazaları, bulud texnologiyaları, distant təhsil infrastrukturu, tədris analitikası, kiber-təhlükəsizlik sistemləri, rəqəmsal idarəetmə mədəniyyəti kimi komponentlər uzun illər ərzində formalaşdırılmışdır…
Başqa sözlə, süni intellekt bu infrastrukturun üzərində çalışan növbəti texnoloji təbəqədir…
Əgər universitetdə etibarlı rəqəmsal məlumat bazası yoxdursa, Sİ öyrənə bilməyəcək. Elektron proseslər tam formalaşmayıbsa, Sİ onları optimallaşdıra bilməyəcək. Distant təhsil sistemi inkişaf etməyibsə, Sİ fərdi öyrənmə mühiti yarada bilməyəcək. Deməli, süni intellekt texnologiyası əvvəlcə rəqəmsal yetkinlik tələb edir…
Xarici universitetlərin 25 illik inkişaf modeli…
ABŞ, Böyük Britaniya, Finlandiya, Estoniya, Cənubi Koreya, Sinqapur və digər qabaqcıl ölkələrin universitetləri bugünkü Sİ imkanlarına birdən-birə sahib olmamışlar. Onların inkişafı təxminən bu mərhələlərlə olmuşdur:
I mərhələ (1995–2005): kompüterləşmə, internet infrastrukturunun qurulması, universitet şəbəkələrinin yaradılması, elektron kitabxanalar.
II mərhələ (2005–2015): elektron universitet, LMS sistemləri, distant təhsil, əqəmsal sənəd dövriyyəsi, elektron qiymətləndirmə.
III mərhələ (2015–2020): Big Data, Təlim analitikası, adaptiv təhsil, bulud texnologiyaları, mobil universitet.
IV mərhələ (2020–indiyədək): generativ Sİ, ağıllı tutorlar, avtomatik qiymətləndirmə, fərdi iş öyrənmə, Sİ əsaslı universitet idarəetməsi.
Beləliklə, Sİ tətbiqi 25 illik sistemli inkişafın məntiqi nəticəsi olmuşdur.
Azərbaycan universitetləri hansı mərhələdədir?
Azərbaycan ali təhsil sistemində bəzi rəqəmsallaşma layihələri həyata keçirilsə də, universitetlər arasında inkişaf səviyyəsi ciddi şəkildə fərqlənir. Bəzi universitetlər elektron xidmətlər, LMS platformaları və rəqəmsal idarəetmə sahəsində müəyyən irəliləyiş əldə etmişlər. Lakin universitetlərin böyük hissəsində hələ də bu kimi problemlər qalmaqdadır: rəqəmsal strategiyanın olmaması, vahid rəqəmsal arxitekturanın formalaşmaması, zəif məlumat inteqrasiyası, elektron sənəd dövriyyəsinin tam tətbiq edilməməsi, distant təhsil imkanlarının məhdudluğu, “Learning Analytics” sistemlərinin olmaması, Sİ üçün zəruri məlumat bazalarının formalaşmaması…
Əgər rəqəmsal yetkinlik baxımından bir çox universitetlərimizin hazırda rəqəmsal yetkinlik səviyyəsi təxminən 15–20 faiz olduğu qənaətinə gəlirik. Bu isə Sİ texnologiyalarının geniş tətbiqi üçün kifayət qədər baza yaratmır.
Yaxşı yadımdadır, 18 il əvvəl işlədiyim universitetin “ İKT Mərkəzi”nin direktoru olaraq, universitetin informasiyalaşması ilə əlaqəli 5 illik strategiya hazırladım. Strategiya 5 il ərzində 20 layihənin icrasını nəzərdə tuturdu. Amma nazirlik bu strategiyanın reallaşmasına maliyyə ayırmadı. Hər şey kağız üzərində qaldı. Beləliklə, universitet inkişafdan xeyli geri qaldı. Bir çox universitetlərdə informatlaşma üzrə heç strategiya da olmayıb.
Beynəlxalq təcrübədə bu layihələrin hər biri ən azı 1 milyon $ büdcə ilə reallaşıb. Eyni ilə də bizdə Boloniya prosesinə qoşulma, keyfiyyətin təminatı sisteminin qurulması, distant təhsil sisteminin yaradılması v.s. layihələr maliyyə tələb edirdi.
Maliyyəsizlik və səriştəsizlik səbəbi ilə bu layihələrin heç biri 20 ildə reallaşmadı. Türkiyə, Qazaxıstan v.s. ölkələrin universitetlərində bu layihələrə 100 milyonlar ayrılıb, bizdə isə 0 büdcə. Ona görə də onların universitetləri bizdən 20 il irəlidədir. Universitetlərimizdəki bu durumun 2 səbəbi var: səhv kadr və səmərəsiz maliyyə siyasəti.
Bu qədər sadə. Bunu dərk etməyə ingilis dilini bilməyə, nə də xaricdə dövlət proqramı hesabına oxumağa ehtiyac yoxdur.
Əsas problem texnologiya deyil, inkişaf trayektoriyasıdır
Müzakirələrdə tez-tez menecerlər belə deyirlər: “Xaricdə bunu edirlər, biz də tətbiq etməliyik.” Bu yanaşma səbəbi deyil, nəticəni təqlid etməyə çalışır. Əslində isə xarici universitetlərin uğurunun əsas səbəbi Sİ deyil. Əsas səbəblər uzunmüddətli strategiya, davamlı investisiyalar, peşəkar idarəetmə, güclü rəqəmsal mədəniyyət, yüksək insan kapitalı, layihələrin ardıcıl icrasıdır. Sİ yalnız bu sistemin son halqasıdır.
Maliyyə məhdudiyyətləri…
Xarici universitetlərin rəqəmsallaşma tarixi göstərir ki, belə transformasiya çox bahalı prosesdir. İnfrastrukturun yaradılması aşağıdakı istiqamətlər üzrə uzunmüddətli investisiyalar tələb edir: serverlər, bulud sistemləri, proqram təminatı, kibertəhlükəsizlik, müəllim hazırlığı, idarəetmə sistemləri, məlumat bazalarının qurulması, rəqəmsal xidmətlər.
Azərbaycan universitetlərinin böyük hissəsi, xüsusilə publik hüquqi şəxs (PHŞ) statusunda fəaliyyət göstərənlər və regional ali məktəblər cüzi maliyyə resurslarına malikdirlər, olan maliyyəyyə imkanları da daim təmir-tikinti kimi “ənənəvi təhsil innovasiyaları”na israf edilib.
Belə şəraitdə hər universitetin ayrı-ayrılıqda 20–25 illik rəqəmsal inkişaf yolunu təkrar etməsi iqtisadi baxımdan səmərəli görünmür.
İnsan kapitalı problem…
Texnologiya almaq mümkündür. Lakin idarəetmə mədəniyyətini satın almaq mümkün deyil. Rəqəmsal transformasiya ilk növbədə insan kapitalının transformasiyasıdır. Bu sahədə də ciddi problemlərimiz var: rəqəmsal liderliyin çatışmazlığı, dəyişikliklərin idarə olunması bacarıqlarının zəifliyi, Sİ üzrə ekspertlərin azlığı, layihə idarəetməsinin zəif inkişafı, məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmaması.
Əgər universitet rəhbərliyi rəqəmsal transformasiyanın fəlsəfəsini qəbul etməyibsə, ən müasir Sİ platformaları belə gözlənilən nəticəni verməyəcək.
Strateji alternativ: 25 ili təkrar etmək, yoxsa sıçrayış modeli qurmaq?
Azərbaycanın qarşısında iki alternativ dayanır.
Birinci yol klassik inkişaf modelidir. Bu modeldə hər universitet ayrıca rəqəmsallaşır, uzun illər ərzində infrastruktur qurur, böyük maliyyə vəsaiti xərcləyir və yalnız bundan sonra Sİ mərhələsinə keçir. Bu yol həm çox bahalı, həm də zaman baxımından uzundur.
İkinci yol isə “rəqəmsal sıçrayış” modelidir. Bu yanaşma inkişaf etmiş ölkələrin keçdiyi bütün mərhələləri eyni ardıcıllıqla təkrarlamaq əvəzinə, onların yaratdığı hazır texnoloji platformalar, açıq standartlar və bulud xidmətləri üzərində milli həllər qurmağı nəzərdə tutur.
Belə modeldə milli universitet platforması yaradılır, ortaq Sİ xidmətləri formalaşdırılır, bulud əsaslı infrastruktur tətbiq olunur, universitetlər resursları paylaşırlar, rəqəmsal xidmətlər mərkəzləşdirilir, Sİ həlləri vahid ekosistem daxilində inkişaf etdirilir.
Bu yanaşma xərcləri əhəmiyyətli dərəcədə azalda, tətbiq müddətini qısalda və universitetlər arasında rəqəmsal bərabərsizliyi zəiflədə bilər.
Yeni yanaşmada əvvəl Sİ strategiyası deyil, rəqəmsal yetkinlik strategiyası reallaşır
Azərbaycan universitetləri üçün əsas sənəd “Süni İntellekt Strategiyası” deyil, “Rəqəmsal Yetkinlik Strategiyası” olmalıdır.
Bu strategiya rəqəmsal transformasiya yol xəritəsi, universitetlərin rəqəmsal yetkinlik indeksinin hazırlanması, vahid rəqəmsal platformaların yaradılması, insan kapitalının inkişafı, rəqəmsal liderliyin formalaşdırılması, məlumat əsaslı idarəetməyə keçid, Sİ tətbiqi üçün zəruri məlumat ekosisteminin qurulması kimi istiqamətləri əhatə etməlidir.
Yalnız bu baza formalaşdıqdan sonra süni intellekt universitetlərin inkişafını sürətləndirən real alətə çevrilə bilər.
Göründüyü kimi, Azərbaycan universitetləri üçün əsas problem süni intellekt texnologiyasının mövcudluğu deyil, onu daşıya biləcək rəqəmsal ekosistemin yetkinlik səviyyəsidir. Xarici universitetlərin Sİ sahəsində qazandığı uğurlar onların son 2-3 ildəki fəaliyyəti ilə deyil, 25 il davam edən ardıcıl rəqəmsal transformasiya siyasəti ilə izah olunur. Bu səbəbdən həmin təcrübənin yalnız texnoloji komponentlərini idxal etmək, lakin elmi, pedaqoji, təşkilati və mədəni əsaslarını formalaşdırmamaq arzu olunan nəticəni verməyəcək.
Başqa problem isə universitetlərimizin ümumi durumunun qlobal inkişafdan xeyli geri olmasıdır. Yəni, universitetlərimiz, xarici universitetlərdən təkcə rəqəmsallaşma və ya distant təhsil sahısində geridə deyilər. Universitetlərimiz bütün parametrlər üzrə 20 il geridədir. Çünki, universitetlərimizdə rəqəmsallaşma necə “aparılıbsa”, digər “layihələr” də elə aparılıb. Bu durum universitetlərimizin rəqəmsallaşmasını, Sİ-nin tətbiqini daha da çətinləşdirir. Təhsilimizdə olan sistem xarakterli bu problemlər haqqında biz son 25 ildə yüzlərlə məqalə yazmışıq. Amma məmur biganəliyi, səriştəsizliyi v.s. səbəblərdən, verilən təkliflər heç vaxt nəzərə alınmayıb.
Azərbaycanın strateji üstünlüyü başqalarının keçdiyi yolu mexaniki şəkildə təkrarlamaqda deyil, milli şəraitə uyğun, platforma əsaslı və mərhələli rəqəmsal sıçrayış modeli qurmaqdadır. Bunun üçün dövlət, universitetlər və özəl sektor arasında koordinasiya gücləndirilməli, ortaq rəqəmsal infrastruktur yaradılmalı, insan kapitalına sistemli investisiya qoyulmalı və hər bir ali təhsil müəssisəsinin rəqəmsal yetkinlik səviyyəsi obyektiv meyarlarla qiymətləndirilməlidir. Yalnız bu halda süni intellekt Azərbaycan ali təhsilində dəbdə olan texnologiya kimi deyil, davamlı inkişafın və beynəlxalq rəqabət qabiliyyətinin real hərəkətverici qüvvəsinə çevrilə bilər…"