Moderator.az Axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:


Lobyalı toyuq supu






Ərzaqlar:


Toyuq filesi - 300-350 qr

Konservləşdirilmiş lobya (evdə qaynadılmış da ola bilər) - 200 qr

Öz şirəsində pomidor - 400 qr

Bolqar bibəri - 1 ədəd

Yerkökü - 1 ədəd

Soğan - 1 ədəd

Yaşıl soğan - 2-4 budaq

Sarımsaq - 2 diş

Bitki və ya kərə yağı - 2 xörək qaşığı

Şəkər - 1 çay qaşığı

Duz - zövqə görə

Üyüdülmüş qara bibər - 1 çimdik

Üyüdülmüş qırmızı bibər - 1 çimdik

Üyüdülmüş paprika - 1 çimdik

Dəfnə yarpağı - 2-3 ədəd


Hazırlanması:


Toyuq filesini yuyun və kiçik tikələrə bölün. Yağı qazanda və ya qalın dibli bir tavada qızdırın, toyuq filesini yüksək odda təxminən 5-7 dəqiqə qızardın. Tərəvəzləri yuyub xırda doğrayın. Soğanı da xırdalayın. Soğan və yerkökünü toyuğa əlavə edin və daha 2-3 dəqiqə qızardın. Sarımsağı, bolqar bibərini doğrayıb əlavə edin. Pomidorları soyun blenderə qoyun və püre halına salın.Doğranmış pomidorları və bütün ədviyyatları (duz istisna olmaqla) tavaya əlavə edin. 2 dəqiqə bişirin. Yaşıl soğanı doğrayın. Yumşaq lobya və doğranmış yaşıl soğanı tavaya əlavə edin, qarışdırın, bişirin. Şorbanın qatılığını tənzimləyərək qaynar su tökün. Duz və dəfnə yarpağı əlavə edin. Qarışdırın və qapaq altında vam odda daha 10-12 dəqiqə bişirin.



Fransızsayağı ət


Ərzaqlar:


Dana əti - 500 qr

Kartof - 500 qr

Holland pendiri - 150 qr

Orta pomidor - 3-4 ədəd

Soğan - 2 ədəd

Mayonez - 100-200 qr (zövqə görə)

Sarımsaq - 2-3 diş

Günəbaxan və ya zeytun yağı - zövqə görə

Duz - zövqə görə

İstiot - zövqə görə

Ədviyyatlar  - zövqə görə

Göyərti - zövqə görə


Hazırlanması:


Əti xırda doğrayın, duz və istiot əlavə edib qarışdırın. Sous üçün mayonezi əzilmiş sarımsaq və doğranmış göyərti ilə qarışdırın, istəyə görə istiot əlavə edin. Kartof və pomidoru nazik doğrayıb, soğanı isə halqa və ya yarımhalqa şəklində edin. Kartoflara yağ, duz, istiotla səpin və dadına görə ədviyyat əlavə edin. Bişirmə qabını yağlayın. Qaba bir qat kartof qoyun, amma geniş qabınız varsa, bütün kartofları əlavə edə bilərsiniz və yalnız bir qat qalacaq. Kartofların üstünə sous tökün. Doğranmış soğanın yarısını üzərinə yayın. Sonra, döyülmüş əti əlavə edin və daha çox sous çəkin. Qalan kartofun bərabər bir təbəqəsini üstünə qoyun və sous vurun. Qalan soğan və pomidorları əlavə edin. Doğranmış göyərtiləri səpin. Yeməyi sobada 200-210 dərəcə temperaturda təxminən 30-40 dəqiqə bişirin. Pendiri sürtgəcdən keçirin, üzərinə yayın və daha 10-15 dəqiqə bişirin.



Kəsmikli peçenyə


Ərzaqlar:


3 ədəd yumurta

1 stəkan şəkər tozu

200 qram kəsmik

200 qram yağ

1 paçka, vanilin, 1 paçka qabartma tozu

Un yumşaq xəmir olana qədər


Hazırlanması:


Yumurta və şəkər tozunu mikserlə qarışdırın. Üzərinə kəsmiyi və otaq temperaturunda yumşaldılmış yağı əlavə edin, yenidən qarışdırın. Sonda un, qabartma tozu və vanilini töküb yumşaq, ələ yapışan xəmir edin. Xəmirdən balaca formada götürün əlinizdə yastıladıb, üstünü şəkər tozuna batırıb soba tavasına düzün. Əvvəlcədən isitilmiş sobada bişirin. Çalışın üzəri çox qızarmasın.